“Bolonya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri” mövzusunda beynəlxalq simpozium keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Bolonya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziuma yeddi ölkədən 165 nümayəndə qatılıb. ATU-dan Azərtac-a bildiriblər ki, tədbirdə ATU-nun rektoru, professor Akif Süleymanov ümummilli lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanması və iqtisadi inkişafı sahəsindəki xidmətlərindən, Azərbaycan elminin inkişafı istiqamətində əvəzsiz rolundan danışıb. Bildirilib ki, təməli Ulu Öndər tərəfindən qoyulan ATU-da keçirilən bu beynəlxalq simpoziumun mövzusu təsadüfi seçilməyib. Belə ki, hazırda universitetdə Təhsil Nazirliyinin pilot layihəsi kimi yerinə yeitirilən Müştəriyə Yönəlmə Proqramının daim gündəmdə olması bu simpoziumun keçirilməsinin labüdlüyünü meydana çıxarıb. Rektor vurğulayıb ki, universitetin əsas missiyasına müvafiq olaraq, respublikanın yerli mühəndis-mexanik və mühəndis-texnoloq kadrları ilə təminatının əsasını ölkənin bütün sənaye sahələri ilə birbaşa əlaqələr təşkil etməlidir. Bildirilib ki, indiyədək bu istiqamətdə xeyli iş görülüb, universitetin profilinə uyğun olaraq bir çox sənaye müəssisələri ilə əlaqələr yaradılıb. Tədbirdə akademik Ziyad Səmədzadə, Təhsil Nazirliyinin nümayəndəsi Natiq İbrahimov, professorlar Hamlet İsaxanlı, Sema Erentürk, Nodar Papukaşvili və başqaları beynəlxalq simpoziumun əhəmiyyətindən danışıblar. Bildirilib ki, müasir dövrdə keyfiyyətli kadr hazırlanması ancaq ali təhsil və istehsalat müəssisələrinin inteqrasiyası və birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Növbəti gün beynəlxalq simpozium işini müxtəlif sənaye sahələrinə həsr olunan 8 bölmədə davam etdirib. Yerli və xarici iştirakçıların da qatıldıqları bağlanış mərasimində isə beynəlxalq simpoziumun məhsuldar keçdiyi qeyd olunub.xeber100.com

May 4, 2016 1:44

“Təhsil vasitəsi ilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil”

“Təhsil qarşılıqlı anlaşma baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin tarix boyu təhsildən manipulyasiya məqsədilə istifadənin şahidi də olmuşuq”.apa-nın xəbərinə görə, bunu Azərbaycan təhsil naziri M.Cabbarov “Təhsil vasitəsi ilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil” panelində çıxışı zamanı deyib: “Bu, bizim qonşuluğumuzda baş verib. Təhsil sisteminin hər hansı etnik, dini kimliyin rolunu müəyyənləşdirməkdə sui-istifadə edildiyini görmüşük. Prezident İlham Əliyevin dediyi ki, təhsil ekstremizmə qarşı ən yaxşı vaksindir. Bu sahədə ardıcıl və qətiyyətli addımlar atmadan mədəniyyətlərarası dialoqa nail olmaq mümkün deyil”. M.Cabbarov təhsil sahəsində Heydər Əliyev fondu tərəfindən çox işlər görüldüyünü qeyd edib. “Deməliyəm ki, son 10 il ərzində minlərlə azərbaycanlı gənc dünyanın ən yaxşı universitetlərində təhsil almaq üçün xaricə göndərilib. Ölkəmizdə isə təxminən 4  min xarici tələbə təhsil alır. Bu, təkcə təhsilə deyil, həm də mədəniyyətlərarası dialoq, dəyərlərin mübadiləsinə töhfə verir. Qızların təhsili də çox vacib məsələdir. 100 il bundan əvvəl azərbaycanlı neft milyonçusu ilk qızlar məktəbini tikdirib. İnanırıq ki, təhsilli gənc yaxşı valideyn, vətəninə xidmət edən yaxşı əsgər olacaq. Hər şeydən əvvəl isə millətinin gələcəyi üçün düzgün qərarlar verəcək vətəndaş olacaq”, - deyə o vurğulayıb.xeber100.com    

Aprel 27, 2016 3:07

“Müasir dövrdə Avropa Birliyində vəziyyət” mövzusunda seminar keçirilib

Bakı Slavyan Universitetində (BSU) Ural Federal Universitetinin (UFU) kafedra müdiri, Avropa İttifaqı İnformasiya Mərkəzinin direktoru və həmin universitetdə BSU tərəfindən yaradılmış Azərbaycan Araşdırmaları Mərkəzinin (AAM) rəhbəri, professor Aleksandr Nesterovun iştirakı ilə “Müasir dövrdə Avropa Birliyində vəziyyət” mövzusunda seminar keçirilib. BSU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda rusiyalı professor müasir dövrdə Avropa Birliyində gedən proseslər, o cümlədən miqrant böhranı barədə söhbət açıb. Bildirilib ki, Avropaya miqrant axınının artmasının başlıca səbəbləri Yaxın Şərqdə baş verən münaqişələrdir. A.Nesterov qeyd edib ki, miqrant axını ilə bağlı Avropa Birliyində yaranmış indiki böhranlı vəziyyət Avropa İttifaqının əsasında dayanan Avropa identikliyi və Avropa sivilizasiyası ideyasını çox ciddi şəkildə zədələyir. Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Qonaq rəhbərlik etdiyi AAM-in və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, mərkəzin fəaliyyət göstərdiyi müddətdə rusiyalı tələbələr Azərbaycanın tarixi, dili, siyasəti, mədəniyyəti, iqtisadi yüksəlişi və s. haqqında vacib biliklər əldə ediblər. Eyni zamanda, o bu ildən UFU-da Azərbaycan multikulturalizmi fənnini də tədris etdiyini və bu mühazirələrin tələbələr tərəfindən maraqla dinlənildiyini söyləyib.  

Aprel 26, 2016 10:50

Məleykə Abbaszadə: “Buraxılış imtahanları ilə qəbul imtəhanlarını birləşdirmək buraxlış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir”

“Biz buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyə hazırlaşırıq”. Bu sözləri dövlət imtəhan mərkəzinin rəhbəri Məleykə Abbaszadə ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarkən deyib.Test üsulunu gələcək aqibətindən, test üsuslun tənqid edənlərdən, qəbul imtəhanlarında dəyişikliklərdən danışan Məleykə Abbaszadə hazırda təhsil sistemində mövcud olan iki imtahan-buraxılış və qəbul imtahanlarının fərqli məqsədlər daşıdığını bidirib. Məleykə Abbaszadə test üsulunun bütün dünyada tətbiq edildiyini və xüsusi bir elm olduğunu, bu sahədə qərarların mütəxəsisislər tərəfindən veriləməsinin vacibliyini qeyd edib.”Bununla əlaqədar hansısa sorğu keçirtmək düzgün deyil. Çox təəsüflər olsun ki, kimsə özü-özünü ekspert kimi təqdim edir, xüsusilə cavan ekspertlər.Onlar mütəxəssis kimi hansı ali məktəbi bitiriblər, hansı nailiyyətləri var, onların yazdığı məqalələr nədən ibarətdir? Bu bir səthi yanaşmadır…” – deyə şura sədri fikrini izah edib.Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçiləməsinin əsas məqsəd olduğunu söyləyən Məleykə Abbaszadə qəbul imtahanlarında isə tam əksinə yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu vurğuladı.”Buraxılış imtahanları ilə qəbul imtəhanlarını birləşdirmək buraxlış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıq da məktəblərimiz hazır deyillər.Lakin biz öz tərəfimizdən buna hazırlaşırıq. Mən hesab edirəm ki, yeni kuriklumla təhsil alan şagirdlər – 1-ci sinfə 2008-ci ildə gedən uşaqlar 9-cu sinfə buraxlış imtahanı verəndə bu tamamilə ayrı növ imtahanlar olacaq.Orada biz uşaqların yazı qabiliyyətini təkcə test sulları ilə yox, eyni zamanda müxtəlif yeni növ suallarla yoxlayacağıq”,– deyə qonaq əlavə edib.  

Aprel 25, 2016 11:38

Dərsliklərdə aşkarlanmış nöqsanlar…

Aparılan ilkin monitorinqin nəticəsi onu göstərdi ki, yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış “Riyaziyyat”, “Həyat bilgisi”, “İngilis dili”, “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərində məzmun, dil və yazı üslubu, dizayn, bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından qüsurlar daha çoxdur. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Afiqə Batıyeva deyib. Onun sözlərinə görə, qüsurlar əsas etibarı ilə standartların siniflər üzrə bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin bəzi hallarda nəzərə alınmaması, standartlarda nəzərdə tutulmayan mövzu və anlayışlardan istifadə edilməsi, terminlərin yerində düzgün işlədilməməsi, izahların natamamlığı, mətnlərin seçilməsi, tapşırıqların forması və məzmunu ilə bağlıdır. Dərsliklərin monitorinqi zamanı aşkarlanmış nöqsanların Təhsil Nazirliyi tərəfindən həmin fənn üzrə yeni dərsliklər çap edilərkən nəzərə alınıb-alınmamasına gəldikdə, A.Batıyeva deyib ki, 2012-ci ildən indiyədək II, III, IV və VI siniflər üzrə dərslik komplektləri təkrar nəşr edilib. Onun sözlərinə görə, təkrar monitorinq onu göstərir ki, ilkin monitorinq zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış yekun rəylərdə göstərilən irad və təkliflərin xeyli hissəsi təkrar nəşrlərdə nəzərə alınıb. Lakin bəzən düzəlişlər zamanı yeni səhvlərə də yol verilir. TQDK-ya 2012-ci ildən ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsinin həvalə olunduğunu deyən A.Batıyeva əlavə edib ki, ölkədə tətbiq olunan dərslik siyasətinə görə dərsliklər 4 ildən bir tam tirajla yenidən nəşr olunur: “Bu səbəbdən də monitorinq nəticəsində bildirilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bununla bağlı dərsliklərdə mövcud olan problemlərin həllində müəllimlərə kömək məqsədilə elektron “Dərslik portalı” yaradıldı və yekun rəylər artıq orada da yerləşdirilir. Bu vaxtadək “Dərslik portalı”ndan 1148511 nəfər istifadə etmiş, 2207 nəfər qeydiyyatdan keçərək, qeyd və təkliflərini bildirmişdir. Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğuları isə mütəmadi olaraq dərslik müəllifləri və dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər cavablandırır”. A.Batıyeva qeyd edib ki, 2012-2016-cı illər ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 388 dərsliyin, müəllimlər üçün 242 metodik vəsaitin monitorinqi aparılıb: “Yekun rəylər Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda yerləşdirilib. Monitorinq 2 yönümdə – yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII və qüvvədə olan ənənəvi tədris proqramları əsasında tərtib olunmuş IX-XI sinif dərslikləri üzrə aparılıb. Hər bir dərslik, dərs vəsaiti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki cəhətdən məzmuna uyğunluğu, müəllim üçün metodik vəsaitin məzmunu baxımından təhlil olunub”.xeber100.com  

Aprel 21, 2016 4:23

Heydər Əliyev – 93

Aprel ayının 19-dan 22-dək Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tələbələrin 4-cü elmi-texniki konfransı keçirilir. BANM-dən Apa-ya bildirilib ki, konfransda BANM-in rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli və SOCAR-ın, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər. Rektor Elmar Qasımov elmi-texniki konfransların keçirilməsində məqsədin prezident  İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə hörmət hisslərini nümayiş etdirmək, tələbələrə elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təmin etmək olduğunu bildirib. Tələbələri elmi fəaliyyətə təşviq etmək məqsədilə 2016-cı ildən başlayaraq Bakı Ali Neft Məktəbində “İlin gənc tədqiqatçısı” müsabiqəsinin keçirildiyini deyən rektor ən fəal iştirakçıların gələcəkdə tədqiqatçı kimi magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirərək BANM-in professor-müəllim heyətinin sırasına qoşulacaqlarına əminliyini ifadə edib. İsa Həbibbəyli bu tədbirin tələbələrin peşəkar kadr kimi yetişmələri üçük əhəmiyyətli olduğunu vurğulayıb. Konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib. Ümumilikdə, konfransın gedişatında 127 məruzə dinləniləcək. Növbəti günlərdə konfrans bölmələrdə davam etdiriləcək. “Neft-qaz mühəndisliyi” bölməsinin iclasında 30, “Kimya mühəndisliyi” bölməsinin iclasında 42, “Fizika və riyaziyyat” bölməsinin iclasında 31  və  “Proseslərin avtomatlaşdırılması mühəndisliyi ” bölməsinin iclasında 17 məruzə dinlənilib münsiflər tərəfindən qiymətləndiriləcək. Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri  ən maraqlı məruzələri təqdim edən iştirakçıları müəyyənləşdirəcək. Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətlərinin hədiyyələri təqdim olunacaq.xeber100.com  

Aprel 20, 2016 1:58