Təhsil Nazirliyi və “Kapital Bank” arasında əməkdaşlıq memorandumu imzalanıb

  Ölkədə təhsilin inkişafına böyük önəm verən “Kapital Bank” sosial yönümlü fəaliyyətinə uyğun olaraq daha bir faydalı əməkdaşlığa başlayıb. Bankdan “Apa-Economics”ə verilən xəbərə görə, “Kapital Bank” «Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) beynəlxalq təhsil proqramının rəsmi tərəfdaşı olub. Bununla bağlı təşkil edilən təqdimat mərasimində Təhsil Nazirliyi və “Kapital Bank” arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib. “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir. Bu layihə ilk olaraq Bakı, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərindəki məktəbləri əhatə edəcək. “Layihənin əsas məqsədi ölkənin təhsil sahəsinin keyfiyyətinin artırılmasıdır. Proqramda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Layihənin həyata keçirilməsində tərəfdaş olan Kapital Bank-a təşəkkürümü bildirirəm. Təcrübə göstərir ki, dövlət qurumları ilə özəl sektorun birgə təqdim etdikləri layihələr hər zaman uğurlu olur”, - deyə M. Cabbarov qeyd edib. “”Kapital Bank” ölkədə bank fəaliyyəti ilə yanaşı, həmçinin sosial yönümlü layihələrinin dəstəklənməsinə böyük önəm verir. Əminəm ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan üçün öyrət” proqramı təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq”, – deyə “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xeber100.com  

Aprel 20, 2016 11:46

Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq

“Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisəsi var”. Apa-nın xəbərinə görə, bunu deyən Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə bildirib ki, ilk peşə ixtisas təhsili müəssisələrindən 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), ikisi tədris mərkəzidir. Onun sözlərinə görə, peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən onların fəaliyyəti dayandırılıb. O qeyd edib ki, ümumilikdə peşə ixtisas təhsili müəssisələrindən 34-ü Bakıda yerləşir. Sektor müdiri bildirib ki, respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23850 şagird təhsil alır. 2015-2016-cı il peşə məktəblərinə qəbulun 16990 nəfər olduğunu deyən N. İsmayılzadə əlavə edib ki, ilk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir. “Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından isə 10-11%-i təhsilini davam etdirir. Dövlət ilk-peşə ixtisas təhsili müəssisələrində 5507 nəfər çalışır, onlardan 3555-i rəhbər və mühəndis-pedaqoji, 1952-si qeyri-pedaqoji işçilərdir. Hazırda peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır. Yaxın gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəklində fəaliyyət göstərəcəyi nəzərdə tutulur”,  – deyə N. İsmayılzadə vurğulayıb. Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik, yeni imic və cəlbedicilikdir: “Peşə təhsili sistemində idarəetmə modelinin də dəyişilməsi istiqamətində işlər aparılır ki, bu sahədə Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir”.xeber100.com

Aprel 16, 2016 1:48

Qafqaz Universitetləri Birliyi 2016-cı il Təhsil Sərgisi

Qafqaz Universitetləri Birliyi (KÜNİB), Azərbaycan Respublikasının Prezidenti yanından Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu və “English Time” məktəbinin təşkilatçılığı ilə “Qafqaz Universitetləri Birliyi 2016-cı il Təhsil Sərgisi” keçirilib. Apa-nın xəbərinə görə, sərgidə Türkiyə universitetlərin rektor-müəllim heyətləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetləri Birliyinin qurucu başqanı Ramazan Qorxmaz bildirib ki, sərgidə iştirak etmək üçün Türkiyənin 30-dək universitetinin təmsilçiləri Bakıya gəlib. “Türkiyənin təhsil sahəsində əldə etdiyi nailiyyətləri və mövcud imkanlarını azərbaycanlı qardaşlarımızla paylaşmağa gəlmişik. Qafqaz coğrafiyası bizim taleyimizdir. Gələcəkdə Avropada olduğu kimi Qafqazda da sərhədlər qaldırılacaq”. Dünyanın gələcəyinin təhsillə bağlı olduğunu deyən R. Qorxmaz ortaq yanaşmaların formalaşdırılması ilə bu sahədə daha böyük nailiyyətlərin əldə edilə biləcəyinə diqqət çəkib. Bakı Dövlət Universitetinin rektoru, Qafqaz Universitetləri Birliyinin həmsədri Abel Məhərrəmov isə artıq ənənəyə çevrilən bu təhsil sərgisinə marağın artdığını bildirib. Onun sözlərinə görə, təhsil sahəsində uğurların əldə edilməsi üçün universitetlər assosiasiyalar şəklində fəaliyyət göstərməlidir: “Məsələn, BDU Avropa Universitetləri Birliyinin, AvroAsiya Universitetləri və Qara dəniz Universitetləri assosiasiyalarının üzvüdür. Bu tərkibdə universitetlər daha çox güclənir. Bu baxımdan assosiasiyaların böyük rolu var. Həmişə qlobal inteqrasiya, avroatlantik inteqrasiyanın vacibliyindən danışırıq. Amma ən yaxşı inteqrasiya regional inteqrasiyadır. Qafqaz Universitetlər Birliyinin üstünlüyü onun regional birlik olmasındadır. Birliyin fəaliyyətini yüksək qiymətləndirirəm. Əminəm ki, türk dünyasının təhsil ocaqları arasındakı əlaqələr daha da genişlənəcək”. Açılış mərasimindən sonra Türkiyə universitetlərinin rektorlarının iştirakı ilə mətbuat konfransı keçirilib.xeber100.com

Aprel 16, 2016 1:40

Avropa Şurası ölkələrinin növbəti konfransında

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası təhsil nazirlərinin 25-ci konfransında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransın gündəliyində duran əsas məsələ terror və ekstremizmin qarşısını almaq və onlarla mübarizə aparmaqda təhsilin artan roludur. Konfransın işində Avropa Şurasına üzv və tərəfdaş ölkələrin təhsil nazirləri və nazir müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər. Tədbirin açılış mərasimində Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Avropa İttifaqının təhsil, mədəniyyət, gənclər və idman üzrə komissarı Tibor Navraksiks və Belçikanın Flandriya əyalətinin təhsil naziri Hilde Krevits çıxış ediblər. Konfransın “Vətəndaşlıq təhsili – Avropa və qlobal səviyyədə əsas çağırışlar” mövzusunda ikinci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edib. Nazir müavini Azərbaycanın məruz qaldığı terror və etnik təmizləmələrə baxmayaraq, əsrlərdir ölkəmizdə formalaşmış sülh və tolerantlıq, digər dinlərə, millətlərə və mədəniyyətlərə hörmətlə yanaşma ənənəsi barədə danışıb. O, bütün bunların Azərbaycanın zəngin irsinin ayrılmaz parçası olduğunu və Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü olan multikulturalizm siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. C.Bayramov məhz bu siyasət nəticəsində hökumətin təhsilə ayırdığı diqqətin artdığını qeyd edib, multikulturalizm istiqaməti üzrə Azərbaycanda keçirilmiş bir sıra beynəlxalq tədbirlər, həmçinin aprelin 25-dən 27-dək Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə konfrans iştirakçılarına məlumat verib. Nazir müavini Ermənistan nümayəndəsinin öz çıxışında qeyd etdiyi əsassız məqamlara diqqət çəkərək, Azərbaycan torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında olması və həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qalması barədə həqiqətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. O, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində aprelin 2-dən 5-dək bu ölkə tərəfindən atəşkəsin kobud şəkildə pozulması zamanı Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən məktəblərin və məktəblilərin məqsədyönlü artilleriya və snayper atəşlərinə məruz qalması barədə də məlumat verib. Səfər çərçivəsində aprelin 11-də Azərbaycan nümayəndə heyəti mövcud əlaqələrin inkişaf etdirilməsi və təhsil sahəsində həyata keçirilən proqramları müzakirə etmək məqsədilə Avropa Komissiyasında işçi görüş keçirib.xeber100.com  

Aprel 13, 2016 12:12

İctimai müzakirə…

Ümumi təhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında tərtib edilən və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. Bu barədə Təhsil Nazirlyinini mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, artıq tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün tərtib edilənAzərbaycan dili (http://e-resurs.edu.az/noduploads/book/azerbaycan-dili-9-ru-derslik.pdf) dərsliyinin də layihəsi ictimai müzakirəyə çıxarılıb. Beləliklə, ictimai rəyin öyrənilməsi məqsədilə www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilən dərslik layihələrinin sayı 23-ə çatıb. Onlar Ümumi tarix, Azərbaycan tarixi, Azərbaycan dili (tədris dili kimi), Kimya, Ədəbiyyat, Coğrafiya, Biologiya, İnformatika, Təsviri incəsənət, Musiqi, Texnologiya, Русский язык (tədris dili kimi), Русский язык (xarici dil kimi), Музыка, Литература, Технология, Həyat bilgisi, Riyaziyyat, Fizika, Fiziki tərbiyə, Alman dili, İngilis dili, Azərbaycan dili (tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərslik layihələrindən ibarətdir. Dərslik layihələri ilə bağlı konkret faktlar göstərilməklə, təklif və iradların [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur. xeber100.com

Aprel 11, 2016 2:59

Sınaq imtahanının nəticələri…

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 3-də sınaq imtahanı keçirib. TQDK-nın məlumatına görə, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48123 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 61 binada təşkil olunub. İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilib. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayıblar. Qeyd edək ki, aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.  

Aprel 4, 2016 4:20

Sərhədyanı bölgələrdə tədris mühiti pozulub

İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb. Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır. Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib. Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirir.  

Aprel 4, 2016 4:14