ŞƏHİD TEYMUR TURANIN ƏZİZ XATİRƏSİNƏ…

“Mən qalıcı deyiləm, məndən sonra qəlbinizdə bir Teymur adı yaşasın, istəyirəm. Şəhidlik ölümsüzlükdür, şəhidlik bütün ölüm səbəblərindən üstün yeganə əbədi yaşamaq yoludur"... Teymur TURAN İçimizdə olan Vətən sevgisi ölçüyə gəlməz, ancaq bəzilərimizdə bu sevgi özünü tamamilə unudaraq Vətən, torpaq, millət uğrunda mübarizədən, lazım olduqda savaşdan və günlərin birində heç düşünmədən, hətta tərəddüd etmədən belə özünü qurban verməkdən başlayır. Özünü torpaq uğrunda qurban vermiş şəhidlərimizdən biri Teymur Turan kimi... TANITIM: Teymur Rəsulov(Teymur Turan) 23 mart 1988-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə, 2000-2005-ci illərdə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində təhsil alıb. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alaraq yüksək göstəricilərlə energetik ixtisasına yiyələnib 2009-2010-cu ildə Tərtətdə N saylı hərbi hissədə əsgər olub. Hərbi xidmətdən sonra öz ixtisası üzrə bir çox müəssisələrdə çalışıb. Çalışdığı sahələrdə bir mühəndis kimi, biliyi, bacarığı, işə vicdanla yanaşmağı ilə daima seçilib, kollektivin hörmətini qazanıb. Onun şeir ruhu güclü olub. Teymur Turan imzasıyla şeirlər yazıb, dövrü mətbuatda şeirləri, esse və məqalələri ilə çıxış edib. Teymur Rəsulov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı şəhid olub. *** Bəşəri düşüncəyə sahib olmaq, insanlığın irqi, dini, siyasi, ideoloji təbəqələşməsinə qarşı çıxmaq hər adama nəsib olan keyfiyyət deyil. Əslində insana xas olan bu keyfiyyətlər özünü lap kiçik yaşlardan büruzə verir. Teymur kiçik yaşlarından haqsızlığa qarşı çıxmasl ilə yaşıdlarından seçilib. Zaman keçdikcə Qarabağ hadisələri onun həyatının bir hissəsinə çevrilməyə başlayır. Vətənpərvərlik mövzularında olan çıxışları ilə mətbuatda oxucularına milli təəssübkeşlik hissi aşılamağa başlayır. Belə bir vaxtda “Azərbaycanım” şerini yazaraq doğma yurdunu vəsf edir, yurdun igidlərini savaşa səsləyir: Bir yanın Qarabağ, bir yanın Xəzər, Sinəndə türk gəzir, səni kim əzər? Başını üçrəngli bayrağım bəzər, Adına can dedik, Azərbaycanım! *** Babəkin yurdusan, odlar diyarı, Olmaz hər igidin Həcərtək yarı, Sinəni dik saxla düşmənə sarı, Şanına şan dedik, Azərbaycanım! *** Şərqin səhərisən, Qərbin dan yeri, Sabirin, Müşfiqin sən ad-san yeri, Bir xan verə bilməz Cavad xan yeri, Biz xana xan dedik, Azərbaycanım! *** Şuşanın dağları boranlı, qarlı, Ağdam güc simvolu, Laçın vüqarlı, Xocalının qəlbi dərdli, qubarlı, Biz qana qan dedik, Azərbaycanım. *** Qarabağ, İrəvan qəlbində yara, Borçalı, Zəngəzur qaldı əğyara, Qalx daha, bu dərdə tapaq bir çara, Yandıqca, yan dedik, Azərbaycanım! ...2020-ci ildə başlayan 5 gün davam edən və qələbə ilə yekunlaşan Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsinə yol açıb. Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov Vətən uğrunda şəhid oldular, şəhidlik zirvəsinə ucaldılar. Məhz belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı, şəhidlərin matəmini saxlamaqla yanaşı, Qarabağın azadlığını tələb edərək müharibə şüarları səsləndirməyə başlayırlar. Teymur Rəsulov həmin ərəfədə Səfərbərlik Xidmətinin rəsmi internet saytından könüllü kimi qeydiyyatdan keçir. Komissarlıqda döyüş növbəsi gözləyən Teymur dəfələrlə geri qaytarılsa da, Qaradağ rayon hərbi komissarlığına gedərək təkidlə döyüşə cəlb edilməsini tələb edir. İllərlə təhsil alıb, təcrübə keçmiş, ölkənin tanınmış elektrotexnika mühəndislərindən biri oan Teymurun bu israrı Vətən sevgisindən irəli gəlirdi. Deyirdi ki, mənim orada vuruşanlardan nəyim artıqdır? Orada qardaşlarım vuruşduğu halda mən evdə rahat yata bilmərəm: “Döyüş başlanan gündən bu yana yediyim yemək də, içdiyim su da, yatdığım yuxu da mənə haramdır. Bu həyatda insanın bir missiyası var. Hazırda bizim vətəndaş olaraq missiyamız döyüşmək, vətənin ərazi bütövlüyünün təmin olunmasında rol oynamaqdır. Ancaq içərisində yaşadığımız bu həyatın nə əvvəli bəllidir, nə sonu. Bilirəm, müharibədir, odun, alovun içidir, burada ölüm təhlükəsi daha çoxdur. Bir gün ölməyəcəyikmi? Hansımız bilirik nə vaxt öləcəyimizi? Bəlkə, müharibəyə gedib, oradan sağ-salamat qayıdacam?! Bu yol ən mübarək yoldur. Bilirsən ki, sənin vətənini işğal ediblər, qadınlarını əsir götürüblər, sənə məxsus mədəniyyət abidələrini dağıdıblar. Məhz həmin adamların qisası, həmin mədəniyyətin xilası, səninlə eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan milyonlarla insanın əzilmiş milli qürurunun bərpası üçün çarpışırsan. Şəhidlik bütün ölüm səbəblərindən üstün, yeganə əbədi yaşamaq yoludur”. *** ...Sumqayıtda, Bakıda yerləşən təlim-tədris mərkəzlərində olur, Füzuli istiqamətində gedən döyüş- lərdə iştirak edir, həmin rayonun bir neçə kəndinin alınmasında qəhrəmanlıq göstərir. Cəbrayılın Xudafərin körpüsü yaxınlığında yerləşən kəndlərinin işğaldan azad olunmasında iştirak edir, Daşkəsən kəndinin uğrunda gedən döyüşün qalib əsgərlərindən olur, Xocavəndin düşmən tapdağında olan kəndləri uğrunda, eyni zamanda  döyüşün ən böyük zəfər elementlərindən olan Hadrut qəsəbəsinin azad olunmasında yüksək şücaət göstərir. Teymurgilin taborunun Hadrutdan və ətrafdakı kəndlərin azad olunmasından sonra növbəti döyüş əmri isə Şuşaya doğru irəliləmək idi. Hər baş verən hadisə, cəbhədən gələn hər xəbər Teymuru daha da həyəcanlandırırdı və qələmə sarılaraq düşüncələrinə əbədi həyat verirdi: Bu gün: “Mən cəbhə bölgəsində, səngərdə xidmət etmişəm”, deyib öyünmək günü deyil. Bu gün: “Mən şəhid olmaq istəyirəm”, demək günüdür. “Dünyada vəziyyət gərgindir, pandemiya baş alıb gedir. Bu da bir siyasətdir”, demək günü deyil. “Bir General şəhid olubsa, bu müharibə davam etməlidir”, demək günüdür. Bu düşüncələr qəhrəmanımızın iç dünyasından süzülüb gələn, onu daima narahat edən, savaşa səsləyən və xalqı da bu savaş naminə bir araya gəlməyə səsləyən duyğulardan qaynaqlanırdı. *** 18 Oktyabr 2020-ci il...Qanlı döyüşün başladığı gün... Xocavənd-Hadrut-Şuşa yolunun üzərində sakit bir şəraitdə manqa-manqa Şuşaya doğru irəliləyən, ərzaq və su ehtiyatı tükənən taborun əsgərləri Şuşanın 10 kilometrliyində torpaq yolun üzərində yerləşən kilsə və ferma arasından axan su hövzəsindən su götürmək üçün düşərkən qarşıdakı meşəlikdən açılan artilleriya atəşi ilə qanlı bir döyüş başlayır. Teymurgilin o vaxtadək itki verməyən manqası ilk atəşlər əsnasında üç itki verir. Şəhid olmamışdan bir neçə dəqiqə öncə ondan öndə irəliləyən, arxaya çevrilən döyüş yoldaşının üzünə gülümsəyərək, “Deyəsən, sonumuz yaxınlaşır” deyib. Teymur Rəsulov döyüş yoldaşı Ülvi Hacıyevlə birlikdə çiyin-çiyinə döyüşərək, qəhrəmancasına şəhid olur. İki gün sonra şəhid olduğu yerdən götürülür, ailəsinə təhvil verilir. Döyüş yoldaşı Ülvi Hacıyevin isə nəşi tapılmır, adı itkinlər siyahına daxil edilir, uzun axtarışlar nəticəsində 58 gün sonra müəyyən olunur. Teymur yazırdı ki, hakimiyyət uğrunda mübarizə aparan insan insanlıq savaşından məğlub çıxmış kimsədir. Ədalət uğrunda mübarizə aparan insan isə insanlığa nümunədir. O, çoxları kimi sakit həyatı seçərək yaşaya bilərdi, adi ömür yolu ilə kifayətlənərdi, sıradan yaşadığı həyatın sıradan insanına çevrilə bilərdi, ancaq o, bunu qəbul etmirdi... ...Bir tərəfdə göz yaşı varsa, qan tökülürsə, analar min bir əziyyətlə böyütdüyü övladını qurban verirsə, necə qəbul edə bilərdi sakit yaşamağı... ...Bir tərəfdə torpaqlarımız işğal olunurdusa, torpaqlarımız şəhidlərin qanı ilə sulanırdısa, adi həyatla necə razılaşa bilərdi... ...Bir tərəfdə saysız-hesabsız Vətən oğulları düşmən zərbəsinə qarşı sinəsini sipər edirdisə, necə biganə qala bilərdi baş verənlərə... O doğulduğu gündən seçilmişlər sırasında özünə yer eləmişdi, geriyə yol yox idi. İrəli addımladıqca qələmi yazırdı: Ölmək varsa qismətdə, Nəyə lazım bu kədər? Nəyə lazım edə bilmədiklərinin qarşısında bükülmək, Ya da sevdiklərinin qarşısında gözlərindən yaş tökmək?! Ölmək varsa qismətdə... *** Həyatı dərk edəndən bu yana öz prinsipləriylə yaşayan, hər zaman öz prinsiplərinə sadiq qalan, təhsil alaraq min cür zəhmət hesabına da olsa, arzuladığı yerə çatmağı bacaran, həyatda maddi olan nə varsa, hamısını boş hesab edən, insanı yaşadanın da, xoşbəxt edənin də mənəvi dəyərlər olduğuna inanan, həyatda yeganə həsəd apardığı  nəsnə qəhrəmanlarının qəhrəmanlığı olan Teymur Rəsulovun son arzusu Şuşanın azadlığını görmək idi. Vətəndaş kimi milli və ictimai şüurun keşiyində, insan kimi bəşəri dəyərlərə sahib olan Teymur tanıdığı hər kəsin dərd ortağı idi. Teymur deyirdi ki, həmişə Mübarizin qeyrətinə, Fəridin cəsarətinə, Poladın insanlığına və qəhrəmanlığına həsəd aparmışam və bu yola baş qoymuşam: “Sağ-salamat qayıtsam, birlikdə həyatımızı davam edərik, şəhid olsam, heç kim pis olmasın, ağlamasın, yas saxlamasın, əksinə hər yerdə adımı qürurla çəkin. Məni bu yola heç kim məcbur etməyib, kimsə çağırmayıb, bütün varlığımla özüm könüllü bu yola çıxmışam”. Teymur Rəsulova görə, vətənpərvərlik cəbhədə döyüşməkdən ibarət deyildi. Mənsub olduğu toplumun mədəni dəyərlərini, ədəbiyyatını, elm adamını, musiqisini dünya arenasında görmək istəyirdi. Teymur millətçi idi, Turan sevgisi böyük idi, ancaq onun milliyyətçilik anlayışında ayrıseçkilik yox idi. İrqi, dini, ideoloji təbəqləşməni, cəmiyyətdə sinfi ayrıseçkiliyi qəbul etmirdi. Bütün insanların rahat, xoşbəxt yaşamaq haqqı var, bu, Teymurun israrla istədiyi, düşündüyü və həyata keçirmək istədiyi arzusu idi.  Onun haqqında danışanlar, onu yaxından tanıyanlar deyirlər ki, Teymur böyük əxlaq sahibi idi, bütün gözəl keiyfiyyətlər onda birləşirdi. Başqa cür də ola bilməzdi, Vətən sevgisi güclü olanlar, torpaq təəssübünü çəkənlər, xalqın dərdini öz dərdi kimi yaşayanlar, millətini sevənlərin hər biri yüksək əxlaq sahibləridir. Məhz belə insanlar sağlığında öz abidəsini ucaldır-Şəhidlik abidəsini... (Məqalənin hazırlıq prosesində Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabından istifadə olunub).  

Oktyabr 26, 2024 4:38

Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” tamaşasının premyerası anşlaqla keçdi

Aprelin 26-da Bakı Bələdiyyə Teatrının kollektivi həyəcan qarışıq böyük bayram əhval-ruhiyyəsində idi... Xalq artisti, rejissor Marahim Fərzəlibəyovun Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun eyniadlı hekayəsi əsasında səhnələşdirdiyi Ana tarla" tamaşasını geniş tamaşaçı auditoriyasına təqdim edirdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan, "Heydər Əliyev ili" çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə həyata keçirilən premyerada görkəmli ictimai xadimlər, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri iştirak ediblər. Tədbirin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur: “Ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət nümayəndələrinə - yazıçılara, şairlərə, rejissorlara, aktyorlara, rəssamlara, bəstəkarlara böyük diqqət və qayğı ilə yanaşıb. Bu münasibət təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmırdı, həm də digər ölkələrin incəsənət nümayəndələrinə, o cümlədən türk dünyasının xadimlərinə şamil edilirdi. Onlardan biri də bu il 95 illik yubileyi qeyd olunan qırğız xalqının qüruru, Türk dünyasının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatov olub”. G.Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışaraq təşkilatın Türk dünyasının zəngin mədəniyyətini öyrəndiyini, qoruduğunu və dünyada təbliğ etdiyini vurğulayıb: “2018-ci ildə Azərbaycanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun tərəfindən Çingiz Aytmatovun 90 illiyi təntənəli şəkildə qeyd olunub. Həmin tədbir çərçivəsində Qırğızıstanın incəsənət xadimləri Aytmatovun "Cəmilə" hekayəsi əsasında tamaşa təqdim ediblər”. Çıxışın sonunda G.Əfəndiyeva Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Aynur Muxtarovaya, teatrın kollektivinə, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Marahim Fərzəlibəyova öz təşəkkürünü bildirib. Qırğızıstan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Taalatbek Masadıkov öz çıxışında qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. T.Masadıkov Heydər Əliyevin Azərbaycan xalqının və bütün Türk dünyasının böyük oğlu olduğunu vurğulayıb: “Heydər Əliyev şəxsiyyətinin böyüklüyü zaman keçdikcə bizim tərəfimizdən daha çox dərk olunur. Bu gün biz siyasət aləminin patriarxına, tarixin gedişatına təsir edən iradəli şəxsiyyətinə heyranlıqla baxırıq". Çingiz Aytmatovun yaradıcılığından danışan Taalatbek Masadıkov qeyd edib ki, böyük qırğız yazıçısı bütün dünyada Türk dünyasının ən görkəmli mədəniyyət xadimlərindən biri kimi geniş tanınır, onun türk mədəni irsinə verdiyi töhfənin dəyəri ölçülməzdir: “Aytmatovun əsərləri qırğız xalqının ənənələrinə və tarixinə kök salmışdır. Əsərləri dünyadakı oxuculara rezonans doğuran universal sevgi, itki və insanlıq mövzularını aşılayır. Aytmatovun ənənəvi Qırğız mədəniyyətini müasir ədəbi formalarla birləşdirmə qabiliyyəti ona beynəlxalq tanınma qazandırdı. Bu gün Aytmatovun irsi yeni nəsil yazıçı və rəssamlara İlham verməkdə davam edir, onun türk mədəni irsinə təsiri şübhəsiz ki, gələcək nəsillər üçün də davam edəcək". Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi xüsusi tapşırıqlarla tədbirin təşkilinə görə Günay Əfəndiyevaya, həmçinin Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinə minnətdarlığını bildirib. Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyev isə öz çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyev Çingiz Aytmatovu həm yazıçı, həm də görkəmli ziyalı şəxsiyyət kimi yüksək qiymətləndirib: “Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir: “Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında möhkəm birlik var, iqtisadiyyat möhkəmlənir. Mədəniyyət və ictimai həyatın digər sahələri inkişaf edir. Qırğızıstan ilə Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində güclü qardaşlıq əlaqələri qurulub". Daha sonra Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın videomüraciəti qonaqların diqqətinə çatdırılıb. Videomüraciətdən sonra Bakı Bələdiyyə Teatrının "Ana tarla"  tamaşası nümayiş olundu. Ç.Aytmatovun "Ana tarla" əsəri bir qadının faciəsidir, bir ananın fəryadıdır. Ancaq onun üzündə milyonlarla ananın taleyi, ağrısı, əzabı var. Bu, müharibə, insanın və doğma torpağın gücü haqqında bir hekayədir. Əsərin əsas qəhrəmanlarından biri olan Tolqanay doğma torpağına dərindən bağlıdır. Bütün həyatı burada keçib, burada sevimli həyat yoldaşı – Suvankul ilə tanış olub, bu torpaqda üç oğul – Qasımı, Masılbeki və Caynakı böyüdüblər. Tolqanay və ailəsi sadə həyat tərzi keçirir, öz  zəhmətləri ilə yaşayırlar. Müharibənbin başlanması onların həyat tərzini dəyişdirir. Müharibə onun sevimli həyat yoldaşını və oğullarını əlindən alır...Və Tolqanay göz yaşları içindi dərdini Ana torpağa danışır, torpaqla təsəlli tapır. Bakı Bələdiyyə Tetarının aktyorlarının ifasında olan duyğu yükü, müharibə ağrı-acıları və sabahlara olan inam o qədər təbii verilir ki, tamaşaçı səhnədə baş verənləri xəyalı vasitəsilə sanki həmin dövrə səyahət edir, qəhrəmanların yaşantılarına şərik olurdular. "Ana tarla” tamaşası Xalq artisti Marahim Fərzəlibəyovun növbəti rejissorluq uğurudur. Tamaşada olan yeni formalar, maraqlı teatr dili, stilistika və konsepsiya diqqəti cəlb edir və tamaşaçıları düşündürdüyü qədər də, eyni zamanda nəticə çıxarmağa səsləyir. Yeri gəlmişkən, Çingiz Aytmatov "Ana tarla” əsərini 1963-cü ildə yazıb. 60-70-ci illərdə bu hekayə öz aktuallığı ilə seçilib. Mahiyyətcə, hekayədə iki qəhrəman var: Ana və Çöl. Onlar daimi dialoqda olurlar və hekayənin sonunda sanki vahid şəxsiyyətdə birləşirlər. Ana tarla kimi parlaq və səxavətlidir. Tarla - həyat verən və bu həyatı Ana kimi qoruyan! Sahə qırğız qadını Tolqanayın daxili mahiyyətidir. Onun bütün həyatı meydanda keçir. Tolqonayın başına bir-birinin ardınca gələn bəlalar düşür: yaxınlarının itkisi, kişilərin çiyninə düşən iş, quldurlarla döyüş. Amma biz artıq bilirik ki, Tolqonay yer kimi ölməzdir və nə olursa olsun, tab gətirəcək. Mövzu bu gün də öz aktuallığını qoruyub saxlayır və Tolqanayın timsalında müharibədə öz yaxınlarını itirən bütün qadınların faciəsi diqqətə çəkilir. Tamaşa boyunca Qarabağ müharibəsi qəhrəmanları və onların igid, mərd oğullarını böyüdən güclü xarakterli anaları görürük... Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə əsərinin sonunda Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi gül-çiçək yağışına qərq oldu, alqış sədaları bitmək bilmədi... Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir. Tamaşada iştirak edirlər: Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist) Suvankul – Rəşad Kəsəmənli Qasım – Tural Əhməd Masılbek – Namiq Cavadov Caynaq – Elçin Muradov Aliman – Ülviyyə Rza Usanbay – İsmayıl Atakişiyev 1-ci sünbül – Zülfiyyə Məmmədova 2-ci sünbül – Günel Həmidova 3-cü sünbül – Aynur Abbasova 4-cü sünbül – Arzu Ağayeva Aişə – Səmayə Sadıqova(Əməkdar artist).

Aprel 27, 2023 10:07

SƏNƏT KRALİÇASI AMALİYA PƏNAHOVANIN ANIM GÜNÜDÜR

Xurşidbanu Natəvan, Tomris, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya kimi obrazların əvəzsiz ifaçısı, teatr və kino aktrisa, Xalq artisti, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın dünyasını dəyişdiyi gündür. Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Amaliya Pənahova 15 iyun 1945-ci ildə dünyaya göz açıb. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olmuş və aktyorluq sənətinin incəliklərinə yiyələnib. Tələbə vaxtlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan aktrisa bu sənət ocağında 28 il çalışıb. İlk dəfə Milli Dram Teatrının səhnəsində görkəmli yazıçı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə rolunda çıxış edən aktrisa burada çalışdığı illər ərzində onlarla maraqlı və rənfarəng obrazlara imza atıb. On doqquz yaşında səhnəyə çıxan aktrisa ömrünün 55 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən ömrünün sonunadək teatrda, kinoda, televiziya tamaşalarında 500-dən artıq müxtəlif səpkili, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaratdı. Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş görkəmli aktrisa lirik-psixoloji üslublu aktyor məktəbinin yaradıcılarından biri idi. Və səhnəyə ilk gəlişində lirik-psixoloji üslubda fəaliyyət göstərməyə başlasa da, sonralar romantik faciə, dramatik-psixolojiv rolları ifa edərək də uğurlar qazanıb. O, Azərbaycan səhnəsində ilk dəfə Medeya oynadı. Onun Medeyasını görüb səhnəyə gələnlər çoxluq təşkil edirdi. Xalq yazıçısı Elçin 1982-ci ildə “Qobustan” jurnalında fransız dramaturqu J.Anuyun “Medeya” pyesi əsasında rejissor Mərahim Fərzəlibəyovun eyniadlı tamaşasına dair “Təzadların faciəsi” məqaləsində yazırdı ki, Amaliya Pənahova Medeyanın təbiəti və taleyindəki layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır… Aktrisanın rejissor kimi quruluş verdiyi Şıxəli Qurbanovun "Sənsiz"i ötən əsrin 80-ci illərinin sonunda başlanan Azərbaycan xalqının milli-azadlıq mücadiləsi ərəfəsində sanki dövrün tələbi üzərində qurulmuşdu, hadisələri bir qədər qabaqlayırdı. Tamaşada Sevincin (Amaliya Pənahova) və Tərlanın (Füzuli Hüseynov) timsalında dünyada repressiyaya məruz qalmış bütün ailələlərin faciəsi öz əksini tapıb. Amaliya xanımın həm rejissor kimi, həm də əsas obrazda olan ifası zərgər dəqiqiliyi tələb edirdi ki, aktrisa da bunun öhdəsindən məharətlə gələ bilmişdi. Əslində belə mövzular məharətlə yanaşı, cəsarət də tələb edirdi və aktrisa məhz bu məsuliyyəti öz üzərinə göptürməyi bacarırdı. O, eyni zamanda cəsarəti ilə, vətənpərvər ruhu ilə  seçilən incəsənət xadimi idi. Məhz bu xüsusiyyəti, özünü xalqımızın ən ağır vaxtlarında göstərdi. 90-cı illərdə ölkəmizin haqq səsini dünyaya çatdırmağa böyük səy göstərdi. A.Pənahova ictimai işlərlə fəal məşğul olmuş, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri kimi fəaliyyət göstərir. Yaradıcı fəaliyyəti ilə daima diqqətdə dayanan aktrisa, xarakter baxımından da həmkarlarından seçilirdi, haqsızlığa biganə qala bilmirdi. Azərbaycanın çətin bir dövründə siyası və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Bələdiyyə Teatrını yaratması və teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoyması yaxın keçmişdə baş verdi. Onun Bakı Bələdiyyə teatrında quruluş verdiyi "Tomris", "Mənim Ərdəbilim", "Vətənə igidlər gərək", "Dəli Domrul" tamaşaları qısa müddət ərzində nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da böyük uğurlar qazandı. Bakı Bələdiyyə Teatrı artıq 30 illik yubileyi ərəfəsindədir…Amaliya xanım bu günü görməsə də, onun bütün sevgisi, peşəkarlığı, təcrübəsi teatrın bünövrəsini daha da gücləndirib və bu sənət ocağında qoyduğu ənənələr davam etdirilir. Səhnəmizin kraliçasını anım günündə böyük sevgi və hörmətlə yad edirik!

Noyabr 7, 2022 9:38

Vaqif Tacı Ələzli – 75

Oktyabr ayı şair Vaqif Mürvətovun (Vaqif Tacı Ələzli) anadan olduğu və dünyasını dəyişdiyi aydır. Yaşasaydı 75 yaşını qeyd edəcəkdi. Vaqif Mürvətov  15 oktyabr 1947-cil ildə Siyəzən rayonunun Ələz kəndində dünyaya göz açıb. 1954 -ci ildə Yuxarı Ələz kəndində məktəbə getmiş, 1961-ci ildə ailəsinin Siyəzən rayonuna köçməsi nəticəsində orta təhsilini axşam məktəbində davam etdirmişdir. 1964-cü ildə Bakı Neft Akademiyasına qəbul olunub. Gənclik illərindən ədəbiyyata, poeziyaya marağı olub, ürəyindən keçənləri qələmə alıb. Zaman -zaman şerləri Siyəzən rayonu mətbuatında dərc olunub. 1976-cı ildə həyatına Sumqayıt şəhərində davam edib, həmin illərdən davamlı olaraq şerləri Sumqayıtda da bədii almanaxlarda, qəzetlərdə, jurnallarda dərc olunmağa başlayıb. Onun ilk kitabı 2012-ci ildə işıq üzü görüb. "Ələz" adlandırdığı kitab şairin 65 illik yubileyinə həsr olunub. Şairin ikinci kitabı 2017-ci ildə dərc olunub. “Gözəllik gözün rəngidir" adlı kitabın redaktoru və naşiri Musa Ələkbərlidir. Musa Ələkbərli kitab haqqında fikilərini bölüşərək qeyd edib ki, “Gözəllik gözün rəngidir” kitabında gedən şeirlər Vaqif Tacı Ələzlinin uzun illər apardığı poetik axtarişlarin ən yaxşı nümunələridir. Vətənə torpaqa sədaqət, ata-ana, ailə məbəbbəti, doqma yurdun gözəllikləri, doqulduğu Xızı rayonun, xüsüsilə, Ələz kəndinin onda oyatdıqı təkrarsız duyğular bu şeirlərin əsas mövzusudur. Gözəlliyi görən gözlər Bütun gözəllikdən gözəl Sevən könullər neynəyər Gözəlliyi görməsələr. Aqla,qara seçilən rəng Gözəlliyə verir ahəng Hər ikisi gözlərdədir, Gözəllik gözun rəngidir   2019 cu ildən Yazicilar birliyinin  üzvü olan şair Vaqif Tacı Ələzli  yazıb yaratmadan doymayan qələm əhlindən sayılır. Növbəti kitabının nəçrini gözləyirdi, ancaq əcəl aman vermədi…18 oktyabr 2021-ci il dünyasını dəyişdi... Xatırladaq ki, şairin sonuncu kitabı 15 oktyabr 2022-ci ildə 75 illik yubileyində işıq uzü gördu. Şairin qızı  Ülviyyə Zehir “Yolun düşsə, bu dünyaya bir də gəl” adlandırdığı  kitabı atasının ruhuna ithaf edib. Kitabin təqadimtı  Xaçmaz Regional Mədəniyyət idarəsinin Siyəzən rayon Mədəniyyət Mərkəzində keçirilib. Şairin yazar dostları, doqmalari sözun isiqina yıqışıb. Tədbirin aparıcı missiyasını  şairin qardaşi, Yazıçılar birliyinin üzvü, şair, Əməkdar müəllim Nəcməddin Mürvətov həyata keçirib. Şairin qızı əməkdar artist Hüsniyyə Mürvətova atası haqqında xatirələrini bölusüb və tədbir iştirakçılarını atasının anım gününə gəldikləri üçün minnətdarlığını bildirib. Şairin dostları onun haqqında danışarkən göz yaşlarına hakim ola bilməyiblər və Vaqif Tacı Ələzlinin gözəl insan, gözəl ailə başcısi, vətənpərvər övlad, incə ruhlu söz yazarı olduğunu xüsusilə qeyd ediblər. Şair Vaqif Tacı Ələzlini 75 illik yubileyində böyük hörmət və ehtiramla yad edir, Allahdan onun ruhuna rəhmət diləyirik!  

Oktyabr 18, 2022 10:44

Azərbaycanın görkəmli teatr və kino aktrisası Amaliya Pənahovanın xatirəsinə…

…"Sevinirəm ki, həyata gəlmişəm və doğru ömür sürmüşəm. Əsas odur ki, ömrüm faydalı olub. Həyatım elə dolğun keçir ki, hələ geriyə baxmağa, hansısa yaş dövrü üçün darıxmağa vaxtım yoxdur. Onu da deyim ki, hədiyyə almaqdan çox, hədiyyə verməyi xoşlayıram. Ancaq bu gün gül-çiçək versələr böyük məmnuniyyətlə qəbul edərəm” deyən Azərbaycanın görkəmli teatr və kino aktrisası, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti, sənətşünaslıq doktoru, professor, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahovanın ad günüdür, yaşasaydı 77 yaşını qeyd edəcəkdi… İnsan ömrünü 73 ilə sığdırmaq, ömür yükünün karvanını bu illərlə bərabər irəli aparmaq, görülən və ya görülməyən, sadəcə planlaşdırılan işlər və daha nələri yaşamaq o qədər də asan olmasa da, çətin də deyil. Amaliya Pənahova məhz o insanlardandır ki, həyatı dəyərləndirməyi, ömrün-günün hər saatından, dəqiqəsindən səmərəli istifadə etməyi, verilən ömrü doya-doya yaşamağı bacarırdı. Bu baxımdan da o, 73 illik ömrünün hər saatını dəyərləndirdi. İctimai fəaliyyətilə, yaradıcılığı ilə, ailəsilə və özündən sonrakı nəslə də bu yolda irəliləməyə imkan yaratdı. O, keçdiyi sənət yolu haqqında deyirdi ki, rus dilində təhsil aldığı üçün Moskvaya getmək istəsə də, valideynləri icazə verməyib: “Orada Kinematoqrafiya institutuna daxil olmaq istəyirdim, icazə vermədilər. 5-10-cu sinfə qədər məni heç bir dərnəyə qoymadılar, amma televiziya və radioda "Bənövşə" uşaq xoru açılmışdı. 1958-59-cu illər idi, 5 il getdim oxudum, solist oldum. Sonra bu, mənə teatrda kömək oldu. Teatrda 15-ə yaxın mahnı oxudum”. 1964-cü ildə tələbə bir qızın ilk dəfə səhnəyə çıxması və geniş auditoriya tərəfidən qəbul edilməsi bir təsadüf deyil, əksinə alın yazısı, qismət idi, ilk uğurlu sənət addımları idi. Amaliya xanım deyirdi ki, 18  yaşımda məşhurlaşıb: “Bir gecədə bütün Azərbaycan məni tanıdı. Amma heç vaxt şöhrətimdən istifadə etmədim. Sənətdə gərək qısqanclıq olsun. Hər zaman arzulamışam ki, səhnədə tərəf müqabilim məndən güclü olsun. Onda çalışıram ki, ondan da yaxşı olum, beləcə sənət yaranır. Rəqabət sağlam olmalıdır”. A.Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, oynadığı obrazların daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçılar üçün daha da aydın etdi. Onun oynadığı obrazlar - (Nərmin ("Unuda bilmirəm"), Nargilə ("Sən həmişə mənimləsən"), Şahnaz ("Mahnı dağlarda qaldı"), Nurcahan ("Mənim günahım"), Təhminə ("Təhminə və Zaur") və b.) yaratdığı qadın personajları faciə və komediyanın vəhdətində formalaşır, bir yenilikçi kimi dünyaya müraciət edir. Ən önəmlisi isə Amaliya xanımın qadın personajları öz məğrurluğu ilə seçilir və hər birinin cəmiyyətdə öz mövqeyi var. Aktrisa öz dövründə sənət nöqteyi-nəzəzrindən səs-küy yaradan "Təhminə və Zaur" tamaşası ilə danışarkən demişdir ki, tamaşada baş rolları Fuad Poladovla mən ifa edirdim və biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün tamaşaçısının öz zövqü, öz dünyagörüşü var. Sənətə gəldiyi gündən ömrünün sonunanadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmış, Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi xarakterik, ziddiyyətli obrazlara imza atmış aktrisa, eyni zamanda bacarıqlı rejissor kimi də özünü sınamış, 43 illik sənət fəaliyyəti dövründə bir çox  televiziya və teatr tamaşasına quruluş vermişdir. Həmin tamaşaların (İlyas Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s.) çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Teatrla bərabər, eyni vaxtda kinoda da müxtəlif xarakterləri canlandıran maliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb. “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb. Amaliya xanım aktrisa kimi səhnədə nə qədər çox çılğın, ehtiraslı, yeri gələndə təmkinli və fədakar idisə, pedaqoq kimi sənətin sirlərini öyrətməyin təbliğatçısı idi. Dublyajda obrazın səsinə nə qədər çox rəng qatırdısa, rejissor kimi müraciət etdiyi əsərlərə olan baxışında bir o qədər təbii idi. Çünki hər bir hekayənin arxasında insan taleyi olduğuna inanırdı və ona da inanırdı ki, bütün hekayələr bir-birinə oxşar olduğu qədər də, bir o qədər də müxtəlif dünyagörüşünə malikdirlər. 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş və dərs dediyi tələbələrin əksəriyyətin Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərmək üçün geniş şərait yaratmışdır. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili,  Sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Millət vəkili kimi sadəcə sənət təbliğatı deyil, eyni zamanda vətənpərvərlik, millətçilik ruhunda olan çıxışlarıyla da həmkarlarından daima seçilib. O, bir sənət günəşi idi, sənət üçün yaranmış, sənət üçün doğulmuş bir insan taleyini yaşadı, onlarla obrazları tarixin yaddaşına həkk etdi, özündən sonra bir iz qoydu və davamçıları hazırda həmin izlə addımlayır…xeber100.com                      

İyun 30, 2022 1:53

Yusif Muxtarov – 80

Azərbaycan Radiosunun diktoru, Xalq artisti Yusif Muxtarovun 80 illik yubileyidir. İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində  ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində ilk səhnə həyəcanını yaşayır. Teatrın səhnəsində oynadığı M.Lermontovun "İki qardaş"ında Aleksandr, Nazim Hikmətin "Qəribə adam" tamaşasında Əbdülrəhman, "Bayramın ilk günü"də isə Şadi rollarında uğurla çıxışı və fərqli obrazları canlandırmaq qabiliyyəti onun aktyorluq istedadını daha inkişaf etdirərək peşəkarlıq istiqamətində yol almasına şərait yaradır. Hətta teatrdakı ifası ilə yanaşı bir çox televiziya tamaşalarında da - S.Vurğunun "Vaqif", S.Rəhmanın "Xoşbəxtlər", Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim", İ. Əfəndiyevin "On iki manatlıq lüstr", "Söyüdlü arx", M. Bayciyevin "Duel" və s.  uğurlu çıxışları olub. Xarici görünüş baxımından səhnəyə çox yaraşan, nitq mədəniyyəti, istedadı ilə səhnə tələblərinə cavab verən Y.Muxtarovun sonralar üstünlüyü radio diktorluğuna verərək ömrünü radioya həsr etməsi çoxlarını təəccübləndirmişdi. Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı. Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Yusif Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi.  O, bir sənətkar kimi xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir. Yeri gəlmişkən, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Y.Muxtarov səsində təqdim olunur. Yusif Muxtarovun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə - rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi "Baladadaşın ilk məhəbbəti" filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi "Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Hər üç filmdə bir-birindən fərqli xarakter yaradan Yusif Muxtarovun kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olub. Belə ki, Yusif Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Onu tanıyanlar deyirlər ki, Yusif Muxtarov böyük məsuliyyət hissilə  peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrəndiyi kimi, öyrəndiklərini də eyni həvəslə gənclərə öyrətməyin peşəkarı idi. O, geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. "Efir adamı” idi, hətta harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. Bu baxımdan da həyatını həsr etdiyi radioda, teatr və kinoda üzərinə düşən vəzifələri böyük sevgi və yüksək peşəkarlıqla yerinə yetirirdi. 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar. Görüləcək işlər çox idi, ömür vəfa etsəydi, teatrın fəaliyyətində daha çox layihələrə imza atılacaqdı...Yaxşı ki, davamçılar var və teatrın yarandığı gündən qoyulan qayda-qanun olduğu kimi davam edir. Hər iki sənətkar Bakı Bələdiyyə Teatrında, teatr isə onların adıyla yaşayır, inkişaf edir, hazırlanan bütün tamaşalar onların istədiyi kimi səhnə həyatını yaşayır, peşəkarlıq qorunur... Yusif Muxtarovun 80 illiyinə həsr etdiyimiz bu portert - məqalədə onun yaradıcılığının sadəcə kiçik bir qismindən bəhs etməklə görkəmli teatr və kino xadimini yad edirik!                                

Dekabr 30, 2021 11:31

ZƏRDABLANDIĞIMIZ GÜN

"Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer Kürəmizi aydınladır. 1875-ci ildə Gün işığına çıxan "Əkinçi" kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi. Düşünürdü ki, Günəş varsa, Torpaq varsa, canlı toxum varsa, daha nə lazımdır ki, hərtərəfli yetkin bir toplum yetişsin. Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı dinin daşlı-gilli cəhalət, xurafat qarışığı var. Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. O, qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir. Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün "usta qəzetəçi" ifadəsini işlədərlər. Bizdə bu təqribən "peşəkar jurnalist"ə ekvivalent ifadədir. Ancaq ən prestijlisi də "əməkdar jurnalist" ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var. Mənim qəzetçilərə baxışım belədir: usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi. Birincilər sadəcə bu peşədə özəl istedad sahibləridir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənirlər. İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıblar, öz işlərini yaxşı bilirlər, nəyi eşidib, nəyi eşitməməyi xüsusən yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə "tərəqqi"dədirlər. Üçüncülər isə, bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar. Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edirlər. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risq edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan. Həsən bəyin "əkinçi"liyinin bir maraqlı məqamı da var. İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil. Nə yazlıq əkinin, nə də payızlıq əkinin vaxtına uyğundur. Gecikməyin səbəbi münbit torpağın, yəni sağlam düşüncənin olmaması idi. Hələ Qori müəllimlər seminariyasının da Azərbaycan bölməsi fəaliyyətə başlamamışdı. Ermənilərin, gürcülərin məktəbləri də vardı, qəzetləri də. Ona görə də Azərbaycan tarlasına bu toxum virtual olaraq Tiflisdən səpilmişdi. Həsən bəy qəzet savaşında ənənəvi olaraq yalnız rusla, gürcü ilə, erməni ilə üz-üzə deyildi. Öz doğma qaragüruhu ilə üz-üzəydi. Bəlkə də buna görə Həsən bəy Məlikovdan daha çox onu həm dünənin, həm də günümüzün şərtlərində Zərdabi olaraq tanımaq, tanıtmaq daha məntiqlidir. Bu adın bir bölgə ilə əlaqələndirilməsini təsadüfi də saymaq olar. Zərdab sözü dilimizdə ilan zəhərinə qarşı müqavimət formalaşdırmaq üçün vurulur. Həsən bəy həm də bizim millətin cəhalət və nadanlıq tarixinə vurulmuş bir zərdabdır. Dünən də, bu gün də az sayda da olsa bu zərdabın təsir gücünü mövcudluğunda qoruyan insanlarımızın hesabınadır müstəqil dövləti qorumaq ruhu, milləti müasir dəyərlərə daşımaq ruhu... Milli Mətbuat günü həm də çevrədəki erməni və erməniyəbənzər ilanlarla birgə yaşamaq və ayaqda qalmaq üçün zərdablandığımız gündür. Mən bilmirəm Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş ziyalılarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: "Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Günümüz aydınlıq olsun. Zərdab vurulan Günümüzü deyirəm...

İyul 22, 2021 2:25

28 May Azərbaycanın milli bayramı – Respublika Günüdür

1990-cı ildən etibarən ölkəmizdə 28 may günü Respublika günü olaraq qeyd olunur. 28 may 1918-ci ild Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, Milli İstiqlal hərəkatının başçısı Məmməd Əmin Rəsulzadənin başçılığı ilə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti(1918-1920) yaradıldı. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük uğurlar qazandı, qalibiyyətlər əldə etdi.Milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. Müstəqil Azərbaycan Cümhuriyyətinin xalqa ərməğan etdiyi  təminat idi. Yeri gəlmişkən, Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti oldu və həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməyi bacaran Azərbaycan Demokratik Respublikası 2 yaşını tamamlamadan bolşeviklərin hücumuna məruz qalır və yenicə qurulmağ başlayan Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edir. 1918-ci ildə may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yaranmasını elan etməsi qədim tarixi kökə malik bir ölkənin haqqı idi. Və önəmli məqamlardan biri də odur ki, həmin gün imzalanan tarixi sənədə görə, ölkəmiz qonşu xalqlarla, dövlətlərlə dostluq münasibəti quracaqdır. Millət, məzhəb, sinif və cins fərqi görmədən bütün vətəndaşların siyasi hüquqlarını təmin edəcəkdir, Yəni, bir birliyin tərkibində və ya hansısa bir ölkədən asılı olmadan müstəqil şəkildə öz hüquqularını bərpa etməklə yanaşı, qonşularının da hüquqlarını qoruyacaqdı. Sadəcə olaraq 2 ilə yaxın bir müddətdə bu addımı ata bildi. Və 70 illik imperiyanın tərkibində yaşananlar və illər sonra 1991-ci ilin dekabrında - SSRİ dağıldıqdan sonra - Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi və ölkəmizin müstəqiliyinin yenidən bərpa olunması artıq bir faktdır, yaşanan tarixi həqiqətlərdir. 1990-cı ildən etibarən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. Bu tarixi faktların Azərbaycan kinoya gətirilməsi, ümumiyyətlə kinomuzda bu tarix hansı yeri tutdu və ya bu mövzuya müraciət olundumu, kimi məqamlara aydınlıq gətirmək üçün bir qədər əvvələ qayıdaq... 1917-ci ildə Rusiyada Fevral inqilabı baş verdi ki,  nəticədə də Rusiya devrildi və bununla da çarizmin məzlumlaşdırılan xalqların milli hərəkatı başlandı. “Bakıda xalq azadlığı bayramı” qısametrajlı sənədli filminin çəkilişi 1917-ci ildə çəkildi və kinosüjet əsasən 1917-ci il Fevral İnqilabının Bakıdakı əks-sədasına həsr olundu. Filmin yaradıcılarının kimliyi məlum olmasa da, önəmli faktlardan biri o idi ki, bu filmdə artıq uzaqgöpərənlik nümayiş edildi və 1918-ci ildə qazanılacaq uğurun təməli qoyuldu. 13 iyun 1919-cu ildə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən çəkildi. Filmin mövzusuna əsasən müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünü bayram əhval-ruhiyyəsində əks etdirilir. Filmin ilk nümayişi 13 iyun 1919-cu ildə baş tutub. Həmin illərdə sadəcə iki filmdə hadisələr öz əksini tapdı. Sonralar-yəni SSRİ-nin tərkibində olduğumuz illərdə bu mövzu heç də gündəmdə olmadı. Müstəqillik illərində “Salnamə” və “Yaddaş” studiyalarının birgə çəkdiyi “İstiqlal yollarında”, “Parlament”, “Əzablı yollar” və s. kimi sənədli filmlərində Azərbaycan Demokratik Respublikası dövründəki hadisələrə diqqəti çəkdi.1990-cı ildə rejissor Zaur Məhərrəmovun çəkdiyi “İstiqlal yollarında” sənədli filmində 20-ci illərdə Vətəndən didərgin düşən siyasi mühacirlərdən, onların həyatından bəhs edilir. 1995-ci ildə yenə də rejissor Zaur Məhərrəmovun çəkdiyi tarixi-bioqrafik janrda olan “Əzablı yollar” filmi Məmməd Əmin Rəsulzadənin həyatı haqqındadır. Filmdə ADR liderlərindən Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin həyatı ilə bağlı nadir sənədlərdən də istifadə edilib. 1996-cı ildə Eldəniz Quliyevin(Azər Əbilbəyli ilə birgə) ssenarisi əsasında rejissor Tofiq Məmmədovun lentə aldığı “Parlament” filmində Müstəqil Azərbaycan Respublikası parlamentinin keçdiyi tarixi yol və siyasi problemlər öz əksini tapır. Doğrudur ki, ADR-ə həsr olunmuş bədii film çəkilməyib, ancaq kinematoqrafiyamıza az sayda olsa da həmin dövrü əhatə edən sənədli filmlər ərsəyə gətirib. “Aztelefilm” Yaradıcılıq Birliyi ADR-in generalları -Mehmandarov, Şıxlinski, Ağabəyzadə və b. Həsr olunmuş silsilə sənədli filmlər hazırladı. Onu da xüsusilə qeyd etmək lazımdır ki, sənədli filmlər ustası kimi tanınan mərhum rejissor Nazim Rza İsrafiloğlu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və möhkəmləndirilməsində fəal iştirak etmiş dövlət xadimi, "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadənin ocağında dünyaya göz açıb. Və rejissorluq fəaliyyətində daima ana babasının fəaliyyəti ilə yanaşı, o dövrün hadisələrini öz filmlərindəı, kitablarında geniş işıqlandırıb. Rejissorun “Mücadilə” sənədli filmibütövlükdə ADR mövzusuna həsr olunub. Çəkilişlər Bakı, Gəncə, Tiflis, Batumi və İstanbulda aparılıb. Çar rejiminə qarşı istiqlal mücadiləsinin başlanmasının ilk illərindən – Xatırladaq ki, 1905-1918-ci illərdə, əsasən Gəncədə baş verən hadisələrdən bəhs edən "Mücadilə -1 İstiqlalın beşiyi" adlı filmini 2006-cı ildə çəkir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini işıqlandıran bu ekran işində hadisələr tarixi faktlarla ən incə detallarına qədər təqdim olunur. Müəllif 1-ci Mücadilənin davamı olaraq bir ilin içində "Mücadilə - 2 Yüksələn bayraq" adlı ikinci filmini də lentə alır. Bu dəfə rejissor öz filmində Azərbaycanın erməni daşnakları, ingilis işğalçıları və Sentrokaspi diktaturasına qarşı mübarizə dövründən bəhs edir. 1918-20-ci illəri əhatə edən mübarizəsinə sadəcə olaraq Azərbaycanın daxili mübarizəsi deyil, eyni zamanda diplomatik korpusumuzun Azərbaycanın beynəlxalq aləmdə faktiki olaraq tanınması uğrunda apardığı mübarizə də daxildir. Tarixi faktlara əsaslanan rejissor bu filmində Azərbaycan tarixinin ən həssas dövrünə olduqca dəqiqliklə yanaşmış İstanbul, Batum və Trabzon konfransları, eləcə də Paris sülh konfransındakı hadisələr, bolşevik Rusiyasının vətənimizi yenidən öz təsiri altına salmasına qarşı Azərbaycan hökumətinin apardığı mübarizəni əks etdirmişdir. Son olaraq qeyd edək ki, ADR zamanından bu günə çox az kadrlar qalıb. Hazırda həmin kadrlar Dövlət Kino Arxivində saxlanılır.  

May 27, 2021 10:52

Hamımız Şuşaya 29 illik hicrətdən qayıdırıq sanki…

İncik səslər eşidirəm. İncik yazılara rast gəlirəm: "Məni niyə Şuşaya aparmayıblar?". Məlum filmdəki Kamilov deməli, Budyonnı ordenim bu, "Tərəqqi" medalım bu. Sanki bunu bir ədalətsizlik kimi görənlər var. Şuşada olmaqdan çox, orada iştirakçı olanların paxıllığına olan düşüncələrdir bəlkə də. Əlbəttə, o cür gözəl festivalda canlı ifaları dinləməyi, Şuşanın yeni doğulmuş ay kimi nurunu udmağı kim istəməz ki?... İki gün televizordan asılı qaldım. Bir dinlədim, iki baxdım, doymadım. Doğrudanmı yaradan bizə bu neməti bəxş etdi? Cəmiyyət olaraq davamlı şükranlıq ənənəmiz yox kimidir, səbrsizik, arxayınçılığı sevirik, dar günə hazırlaşma proqramımız da arzulanan kimi deyil. O halda bu nemət bizə bəlkə yenidən bir sınaq üçün verilib? Bu Şuşadan, bu Qarabağdan sonra bu millət hökmən yeniləşməlidir. Tez-tez məscidlərdən danışırıq. Qarabağda da bütün məscidlərimizin bərpasını planlaşdırırıq. Çox gözəl addımdır. Ancaq düşünürükmü ki, bu məscidləri hansı müsəlmanlar dolduracaq... Birinin beyni Fələstində, başqasınınkı Qumda, o birininki Ərəbistan yarımadasında. Beyni ancaq Qarabağda olan, beyni ancaq Azərbaycanda olan müsəlman boşluğunu doldurmalıyıq öncə. Vətən məsələsi də həmişə belədir. Hər şəhid olan dəyərini almaya bilər. Hər qazi olan arzuladığı qayğını, diqqəti görməyə bilər. Əsl savaşan müharibə veteranı vəsiqəsinin dalınca getməyə bilər. Bir gün cəbhə yaxınlığına ezamiyyətə getmiş birisi isə bu vəsiqəni necə lazımdır düzəldib insanın gözünə soxa bilər. Kimsə qəhrəmanlıq göstərər, ancaq orden, medal təltifində unudular. Kimsə fərarilik edər, ancaq üç medalı yaxasına birdən taxar. Nə olsun? İndi anladığım gerçəyi deyim sizə. Vətən məsələsində Allahın nəzərinə baxılar yalnız. Adsız qəhrəman da ola bilərsən, əl üstə gəzdirilən ən üstün insan da. Elə sındırarlar ki, küsüb ölkədən də gedə bilərsən. Vətən sevgisinin statusu olmaz. Eləcə də Vətənə xidmətin statusu olmaz. Cəmiyyətin, dövlətin verdiyi qiymətdə artıqlıq, əksiklik ola bilər. Ancaq Allahın verdiyi qiymətdə tərəzi həmişə düz olacaqdır. Ona görə də Allahın verdiyinə baxarsanız, bu nemətə hökmən şükr edərsiniz. O nemət Şuşadır. İki günlük festivalda mən Bakıda oturmuşdum. Ancaq hamıdan çox, hamıdan qat-qat artıq Şuşadaydım. Çünki orada Azərbaycan dövlətinin başçısı vardı, mənim millətimin insanları vardı, mənim dilimin, musiqimin səslənişi vardı, mənim dinimin Əzanı vardı. İndi bir də düşünün, məgər bütün Azərbaycan Şuşada deyildi? Hətta mən bir çox hallarda fəaliyyətini tənqid etdiyim Polad Bülbüloğlunu da sevdim, orada oturan, qalxan, çığıran, kövrələn, ağlayan, oxuyan, oynayan, gülən hər kəsi sevdim. Onlar hamısı öz möhtəşəm aurası ilə məni inandırdılar ki, illərdir, əsrlərdir elə bu Şuşadayam. Kimsə inciməsin, küsməsin, qırılmasın. Cıdır düzündə kətildə oturmaq şərt deyil. İki gündür bu Vətəni sevən hər kəs ayaq üstə idi və Şuşada idi. Bu millətin yüz il, üz yüz il dünyadan köçmüşləri də orada idi, indiki diriləri də. Hamımız Şuşaya 29 illik hicrətdən qayıdırıq sanki...  

May 17, 2021 12:00

Sınıq Kaman – Azerbaycan

Odlar yurdum, Azerbaycan Narında yandığım, nuruna gén qaldığım Şirince bir yuxunun qemli laylasısan sen Könüldeki matemin dadı,harayısan sen Ferhad'a dağ, Mecnun'a çöl, mene veten Üreyimde yanan hicran, Azerbaycan Gözlerden süzülen damcısan damcı Sen bir sınıq kaman, mende kamançı Araz'ım yay olup gezir éllerde Gezdikçe sinende ağlar téller de Hüzünlü axışı bir muqam kimi Axır üreyimden axan qan kimi Bezi aşır-daşır olur bir umman Ara bir ürekte gürleyen vulkan Çalır, hele çalır... O sınıq kaman, ............................Azerbaycan Her şiirin bir hikayesi olduğu gibi, bu şiirin de bir hikâyesi vardır. Asırlardır işgaller görmüş, katliamlar yaşamış, parçalanmış ata yurdumuz Azerbaycan'dan uzakta, Anadolu'nun ücra bir köşesinde, garip bir öğretmenin, kültürünün bir sevdalısı olarak, "maşukuna uzaktan bakakalmış bir aşık", duygusu ile 1991 yılında kaleme aldığım bu şiirle yüreğimde sızlayan tüm tellerin ve boynu bükük kalmış duygularımın bir inleyişi misalidir. Hiç görmediğim, kitaplardan ve kulaktan dolma bilgilerle, dillerden düşmeyen güzelliğine vurulduğum dilber misali, Azerbaycan'a yaşadığım "aşk" anlatılmazdır ve ancak yaşanacak türdendir. Hal böyleyken, paramparça edilmiş, sevgilinin arkasından yakılan ağıttır "SINIQ KAMAN-AZERBAYCAN" Dede Korkut'un üzerine söz söylediği, binlerce yıllık görkemli tarihimin şekillendiği, uğruna kardeşin kardeşi kırdığı, Gülistan ve Türkmençay müsibeti yaşayarak ikiye bölünmüş Azerbaycan...Derbend'e mi yansam, Borçalıya mı ağlasam, "kan uddurulan Kerkük'e mi ağıt yaksam...Son ikiyüz yıllık tarihinde bağrına bir hançer saplanan, Revan Gulu Hanın at oynağı Revan'ın ihanetlere kurban gitmesi, nihayetinde ceddimizin yaylağı Karabağ'ın hain çizmeler altında çiğnenmesi ve el-obamızın şerefinin ayaklar altına alındığı günlerde kalemimin sessiz çığlığıdır bu şiirim. Tüm bunlar yetmezmiş gibi, sapı özümüzden olan baltaların ettikleri de yenilir yutulur şeyler değil. Her şeye katlanmak olur da, eloğlu ve elkızlarımızın yurt-yuvalarından didergin düşmelerine, bir parça ekmek uğrunda menliğini unutmalarına yürek dayanmaz... "Çalır, hele çalır. O "SINIQ KAMAN AZERBAYCAN..."

Aprel 13, 2021 3:01