Ülviyyə Əliyeva: “İnsanı formalaşdıran təcrübədir”

12 Oktyabr 2016 14:19

Xəbər 1464 dəfə oxunub

Ülviyyə Əliyeva 17 yaşında Hüseynağa Atakişiyevin rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Gənclər Teatrında çalışmağa başlayıb. Rejissor hələ sənətdə yeni addım atmağı öyrənən həvəskar aktrisanın istedadını görüncə onu sənətə doğru istiqamətləndirir, hətta aktrisada olan səsi də ilk dəfə Hüseynağa Atakişiyev kəşf edib. Ümumiyyətlə aktrisanın yaradıcı fəaliyyətində onu sənətkarlar istiqamətləndirib ki, onların hər biri Azərbaycan incəsənətində özünəməxsus yerə sahibdir.Xeber100.com aktrisa ilə olan geniş müsahibəni sizlərə təqdim edir.

-Fərqli peşələrə olan meyl və sonda incəsənəti seçmək, bu bir təsadüf idi, yoxsa elə özünü axtarıb incəsənətdə tapmaq?

Yəqin ki, bu həyatda təsadüfi deyilən heç bir şey yoxdur. Sadəcə dediyiniz kimi insan özünü axtararaq nəhayət tapır ki, nəticədə də özünü sevdiyi peşəyə həsr edir. Mən rus dilində təhsil almışam, yaxşı oxumuşam, xüsusilə rus, azərbaycan dili, ədəbiyyat və ingilis dilini. Hətta ingilis dili üzrə xüsusilə seçilirdim. Ancaq tale elə gətirdi ki, incəsənətə gəldim, teatrı seçdim. Baxmayaraq ki, Rus Dram Teatrının repertuarını əzbər bilirdim, bu teatrın fəaliyyətini yaxından izləyirdim, az qala bütün tamaşalarında iştirak edirdim, ancaq səhnədə aktrisa kimi ilk addımlarımı  Azərbaycan Dövlət Gənclər Teatrında atmışam. Hüseynağa Atakişiyevin quruluşunda hazırlanan tamaşalarda maraqlı rollar oynadım. İlk rolum “Tıq tıq xanım” da kiçik həcmli bir rol oldu. Bu roldan sonra Cəlil Məmmədquluzadənin “Ölülər”ində Nazlı rolu mənə həvalə edildi.  Bir sözlə, məni aktrisa kimi kəşf edən, səsimin olmasını ilk dəfə kəşf edən Hüseynağa müəllim oldu. O həqiqətən müəllim idi, bizim sevimli müəllimimiz. Səsim olduğu üçün məni Musiqili Teatr Aktyoru Fakultəsinə istiqamətləndirdi. İncəsənətdə Yaşar Nuri kurs rəhbərimiz oldu, sonralar Şəfiqə Məmmədova kurs rəhbərimiz oldu, daha sonra İlham Namiq Kamal bizim kursa dərs dedi və daha sonra Afaq Bəşirqızından sənətin sirlərini öyrəndik, bir sözlə, bu sənətdə can qoymuş fədailərdən sənəti öyrənməklə onların yolunu tutduq. II kursda oxuduğum zaman Afaq xanım məni Musiqili Komediya Teatrına dəvət etdi. Əvvəlcə bir qədər çəkindim, çünki böyük teatr, canlı orkestr və ən önəmlisi bu teatrda can qoymuş sənətkarlarla birgə o möhtəşəm səhnəni paylaşmaq mənə çox çətin görünürdü…

-Hüseynağa Atakişiyevin quruluşunda hazırlanan tamaşalarda dramatik səpgili rolları birdən-birə Musiqili Komediya Teatrının səhnəsindəki musiqili komediya janrında olan tamaşalardakı rollara dəyişmək…Bu qərarı vermək çətin olmadı ki?

Bir tərəfdən aktrisalıq imkanlarıma güvənərək məni öz teatrında çalışmağa dəvət edən Afaq Bəşırqızı var idi, digər tərəfdə də məndəki istedadı kəşf edən Hüseynağa Atakişiyev. Çox çətin qərar idi, Hüseynağa müəllimə deyərkən mənə xeyir-dua verdi, öhdəsindən gələcəyimi söylədi. Musiqili Komediya Teatrı da mənə geniş meydan verdi. Mən teatra yeni gələndə teatrda əsas rollarda əsasən rəhmətlik Xanım Qafarova oynayırdı. Rəhmətliklə bir çox tamaşalarda tərəfmüqabili oldum. Hətta Xanımdan sonra ən çox tamaşalarda oynayan aktrisa mən idim.

-Bəs komediyanı özünüzə daha çox yaxın bilirsiniz, yoxsa dramatik səpgili rolları?

Öncəliklə komediya oynamaq daha çətindir, nəinki dram əsərlərində oynamaq. İnsanı ağlatmaq daha asandır, çünki hər bir insanın bir dərdi var, hər kəs bir cür bədbəxtdir, hər kəsin bir sarı simi mütləq var və o sarı simə çox asanlıqla toxunmaq olur. Ancaq xoşbəxtlik demək olar ki, hamıda eynidir. Bu baxımdam güldürmək çətindir.

-18 illik fəaliyyətiniz var, deyəsən çox gərgin keçmiş illərdir. Necə öhdəsindən gəldiniz?

Çox gərgin illər idi…Elə olub ki, bur sutkada 18 saat çalışmışam. Təsəsvvür edin ki, tamaşaçıların sevimli serialı olan “Üç bacı”nın çəkilişləri zamanı səhər saat 10.30-da çəkiliş başlayırdı və səhər saatlarına qədər çəkilişlər gedirdi. Hətta başımız elə qarışıq olurdu ki, günün necə gəlib keçdiyindən belə xəbərimiz olmurdu. Yəni, tamaşaçıların rahat evlərində oturub baxdığı bu seriallar əslində yaradıcı kollektivin gərgin əməyinin nəticəsidir.

-Heç imtina etdiyiniz rollar olub?

Etiraf edim ki, heç bir roldan imtina etməmişəm, mənə həvalə olunan rolu mənimsəyərək oynamışam, onu özümünküləşdirməyə çalışmışam. Ancaq onu da etiraf edim ki, mənə zəif rollar heç təklif olunmayıb, təklif olunan rolların hər birində maraqlı bir xarakterlə qarşılaşmışam. Hətta təklif olunan rollarda nə qədər pul qazanacağımla belə maraqlanmamışam. Allah hər kəsin bərəkətini elə onun işi vasitəsilə göndərir. Bu baxımdan qismətə inanıram. Sənət dünyasında hər şeyə sənət nöqteyi nəzərindən yanaşmaq çox vacibdir. Hər rejissorla çalışmaq özü bir inkişafdır, bir yenilikdən xəbərdar olmaqdır, fərqli dünyagörüşü ilə qarşılaşmaqdır. Sənətə belə yanaşmaq lazımdır.

-Həm teatrda çalışmaq, həm seriallara çəkilmək, eyni zamanda aparıcılıq etmək…

…Bütün bunlar həm vaxt tələb edir, həm elə etməli ki, bir-birinə mane olmasın. Yeri gəlmişkən, teatrımzın direktoru Əliqismət Lalayevə minnətdaram ki, aktyorların sənətlə bağlı başqa işlərdə çalışmasına şərait yaradır. Ancaq nə olur olsun teatr ilk yerdədir. Bildiyiniz kimi bizim teatr bu il bir ilkə imza atdı. Mövsümün bağlanışı zamanı teatrda hər sahə üzrə çalışan gənclərə mükafatlar verildi. Bu əyləncəli-musiqili bir səviyyədə həyata keçirildi. İnanıram ki, davamlı olacaq. Bax, bütün bunlar yaradıcı gənclər üçün yeni imkanlar açır, növbəti mövsümdə daha böyük güclə çalışaraq sanki yaxşı mənada yarışacaqlar. Bildiyiniz kimi teatrımız 106-cı mövsümünü bağladı və mövsümün bağlanışı zamanı belə tamaşaçıların bu isti gündə həvəslə teatra gəlişi bir daha sübut etdi ki, Musiqili Teatrın heç bir vaxt tamaşaçı qıtlığı olmayıb. Bir haşiyə çıxmaq istərdim. Avropa oyunları zamanı güman etmək olardı ki, tamaşaçılar teatra gəlməyəcək. Çünki belə möhtəşəm oyunu izləmək daha maraqlı olardı. Ancaq tamaşaçı həm tamaşalara mütəmadi olaraq gəldi, həm də oyunların tamaşaçısına çevrildi. Bu ən böyük uğurdur. Onu da qeyd edim ki, Avropa oyunları zamanı bizim teatrın üzərinə də böyük məsuliyyət düşmüşdü. Əcnəbilər üçün bir çox tamaşalar ingilis dilinə çevrilmiş və subtitrlər vasitəsilə təqdim olunurdu. Bütün bunlar hamısı mədəniyyətimizin dünya ölkələri tərəfindən daha yaxşı tanınması üçün idi.

-Hər aktyorun öz tamaşaçısı olur, sizin də öz pərəstişkarlarınız var. Şəxsən şahid olmuşam ki, tamaşaçı sizin oyunu necə maraqla izləyir. Ancaq bunun məsuliyyəti o qədər də asan deyil?

Çox böyük məsuliyyətdir və sənə pərəstiş edən, oynunu daima izləyən tamaşaçını mütləq qane etməlisən. Mən səhnədə olarkən heç kimi görmürəm, sank gözlərimin qarşısnda bir divar hörülür, bir oynadığım obraz olur, bir də mən. Hətta ən yaxın adamlarım-qohumlar, qonşular, dost-tanışlar ilk sırada oturub mənə baxsalar belə onları görmürəm. Televiziya çəkilişlərində tutaq ki, istənilən məqam montaj olunur, ancaq canlı səhnədə tamaşaçı nəfəsini hiss edərək oynamaq məsuliyyətli olduğu qədər də çox qürur verici bir şeydir. Hər kəs sakit oturub səhnəyə hakim kəsilir, aktyorların səhnədəki oyununa alqış səsləri ilə yaxşı mənada reaksiya verilir.Bundan böyük xoşbəxtlik olar?! Mən bu sənəti bütün varlığımla sevirəm. Bir məqamı unutmayaq ki, bizim sənətimiz kənardan asan görünə bilər, bəlkə də çoxlarına asan görünür. Ancaq  asan görünən bu işin arxasında necə gərgin əmək dayandığını bir bilsəniz, bir görsəniz, bunu sözlə ifgadə etmək çox çətindir. Bir var ki, iynə ilə gor qazmaq, bir də var ki,  iynə ilə dağları, qayaları qazaraq keçmək. Mənim 18 ilim məhz belə bir zəhmətin məhsuludur. Bir addım irəli getmişəmsə, 10 addım geriyə getmişəm.

-Yəqin ki,  belə çətinliklərin öhdəsindən gəldiyiniz üçün belə güclü xarakterə maliksiniz…

İnsanı formalaşdıran çətinliklərdir, təcrübədir. Təcrübə o vaxt qazanılır ki, müxtəlif səpgili tamaşalarda, serialarda müxtəlif səpgili rollar oynayırsınız. Və bu proses illərlə davam edir. Yuxarıda qeyd etdiyim kimi hər rejissorun fərqli yozumu olur, fərqli dünyagörüşü olur. Ayrı-ayrı rejissorlarla çalışmaq elə ən böyük təcrübədir.

-Ən maraqlı səhnə əsərlərində saysız-hesabsız rollar oynamısınız. Oynadığınız rollardan hansı sizin daxili dünyanıza birbaşa sirayət edə bilib?

Desəm ki, oynadığım rolların sayını-hesabını unutmuşam, yəqin ki, inanarsınız. Ancaq hər bir rola böyük əmək vermişəm. Buna baxmayaraq “Arşın mal alan”da oynadığım Telli obrazı mənim daxili dünyama daha çox sirayət edib. Bildiyiniz kimi Səfurə İbrahimovanın kinoda oynadığı Telli obrazı əvəzsiz olaraq qalır…Məhz onu ifasına bütün tamaşaçı sevdiyi üçün bu rol mənə həvalə olunduğu zaman məsuliyyətini anlayırdım. Tellini elə oynamalı idim ki, tamaşaçının əzbər bildiyi ifanın yanında heç olmasa qəbul olunsun.  Yaxşı ki, tamaşa, elə Telli rolu maraqlı alındı, tamaşaçı qəbul etdi. Yeri gəlmişkən, il yarım tamaşanın məşqləri oldu. Elvin Mirzəyev tamaşanı elə qurmuşdu ki, səhnə boyunca sadəcə hərəkət var idi, bir saniyə belə boş dayanmaq yox idi. Təsəvvür edin ki, tamaşa vaxtı milli geyimləri yarım dəqiqə ərzində dəyişirdik. Məşq prosesində nə filmə baxdım, nə də “Arşın mal alan”la bağlı hər hansı bir tamaşaya. Bütün diqqətimi tamaşaya verdim və ürəklə Tellini oynadım. Doğrudur tamaşa artıq repertuarda yoxdur, ancaq nə olur olsun Telli obrazı mənə hər zaman yaxın olaraq qalacaq. Bu tamaşanı, bu obrazı hər an gözüyumulu oynamağa hazıram, yəni o qədər beynimə, yaddaşıma, varlığıma həkk olunub.

-Yeri gəlmişkən, bir müddət teatrdan ayrı qaldınız və yenidən teatra olan dönüşünüz möhtəşəm oldu. Əgər sirr deyilsə, teatrdan uzaqlaşmağınızın səbəbi nə idi?

Əslində bir müddət teatrdan ayrı qalmağımın elə də ciddi bir səbəbi olmadı. Sadəcə olaraq çəkilişlərə o qədər başım qarışırdı ki, bu da vax məhdudiyyətinə səbəb olurdu. Mən istəməzdim mənə görə teatrın işi ləngisin. Həftənin 7 gününü çəkilişdə olmaq və teatra zaman ayırmamaq haqsızlıq olardı. Baxmayaraq Əliqismət müəllim bütün şəraiti yaradırdı, hətta məhz bu səbəbdən teatrdan ayrılmağıma icazə vermək istəmirdi, ancaq bu yaxşılıqdan sui-istifadə edə bilməzdim, bu mənim təbiətimdə heç yoxdur. Ona görə də bir müddət uzaqlaşdım…xeber100.com

 

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri”…

Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda konfrans keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Liderin mədəniyyət sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. Konfransda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və b. çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür. Daha sonra Ümummilli Lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.xeber100.com

May 6, 2026 15:04

Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Şekspir” tamaşasının nümayişi olub

Mayın 5-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub. Elçinin xatirəsinə həsr olunmuş tamaşanın nümayişi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib. Gecədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdürü və müavini, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundova, eləcə də tanınmış  mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tamaşadan əvvəl çıxış edən Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib. Daha sonra tamaşanın nümayişi başlayıb. Qeyd edək ki, Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdə səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb. Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar. Tamaşada Rəşad Kəsəmənlinin oynadığı obrazın özünü Sovet dövlətinin lideri İ.V.Stalin hesab etməsi, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək, xatirələr aləmində yaşaması, Əməkdar artist Hüsniyyə Mürvətovanın oynadığı obrazın özünü məhşur fransız aktrisası Sara Bernar bilməsi və hər dəqiqə özünü səhnədə təsəvvür edərək, həyatını obrazlar aləmində yaşaması, onun Tural Əhmədin oynadığı Drob13 ilə yaşadığı hisslər, bir yerdə özlərini Romeo və Cülyetta kimi hiss etmələri, Ülviyyə Rzanın oynadığı həkimin şəxsi həyatından qaynaqlanan əsəbi durumunun iş həyatına da mənfi təsir etməsi, Toğrul Rzanın Veneralı rolunda saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləməsi, Elçin Muradovun ifa etdiyi baş sanitarın xəstələrə olan münasibəti, onlar üçün ayrılan  qidalardan bəhrələnməsi və sonda səhvini başa  düşməsi, aktrisa Zülfiyyə Qurbanovanın oynadığı rol vasitəsilə daim öz ikili təbiətinin problemləri ilə yaşaması, İlqar Musayevin oynadığı  baş həkimin xəstələrin xəyali dünyasını dərk etməyə çalışması və  sonda xəstə kimi müalicə olunan insanların əslində öz dünyalarında rahat yaşamasını qəbul etməsi, eləcə də Namiq Cavadovun və Rəşid Soltanovun oynadığı sanitar rollarının öz sakitliyini qoruyaraq xəstələrə olan münasibəti tamaşaçıya mesaj verməklə yanaşı onu düşünməyə vadar edirdi. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edib. “Şekspir” tamaşası tamaşaçı auditoriyasının böyük maraqla qarşıladığı və baxaraq düşündüyü səhnə əsərlərindən biridir. Tamaşa bitincə salondan qopan alqış sədaları bunu bir daha təsdiq etdi. Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri,Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Rollarda iştirak edirlər: İlqar Musayev(baş həkim), Ülviyyə Rza(həkim), Hüsniyyə Mürvətova(Əməkdar artist)-Sara Bernar, Rəşad Kəsəmənli(İosif Stalin), Zülfiyyə Qurbanova(Ər-arvad), Tural Əhməd(Drob 13), Toğrul Rza(veneralı), Elçin Muradov(sanitar), Rəşid Soltanov(I sanitar), Namiq Cavadov(II sanitar).xeber100.com  

May 6, 2026 14:53

TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub

Aşqabadın “Mukamlar” sarayında TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub. Tədbir türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və ortaq musiqi irsinin təbliğinə həsr olunub. Konsert proqramı Türkmənistanın Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın musiqi nümayəndələri ilə yanaşı, Azərbaycanı tanınmış opera ifaçıları Əməkdar artist Fəridə Məmmədova və Taleh Yəhyayev təmsil ediblər. Azərbaycan ifaçılarının təqdimatları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Onların ifasında təqdim olunan klassik musiqi əsərləri Azərbaycanın zəngin mədəni irsini və dərin musiqi ənənələrini əks etdirərək, ölkəmizin incəsənət sahəsində malik olduğu yüksək yaradıcı potensialı bir daha nümayiş etdirib. Konsertdə Türkmənistanın və TÜRKSOY-un rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Konserti izləyən Azərbaycanın Türkmənistandakı səfirliyinin kollektivi tədbirin sonunda ifaçılarımızla görüşərək onlara gül dəstələri təqdim ediblər.xeber100.com

May 4, 2026 14:47

“Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Aşıq Ələsgərin 205 illiyi münasibətilə “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb. Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, virtual sərgidə Azərbaycan ədəbi-mədəni irsinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun poeziyasının dərin fəlsəfi mahiyyəti və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu geniş şəkildə təqdim olunub. Sərgidə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni yer alır. Bu sənəd Aşıq Ələsgər irsinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Virtual kitab sərgisində görkəmli ədiblərin – Xalq şairləri Səməd Vurğun, Məmməd Araz, Xalq yazıçıları Mirzə İbrahimov, Mehdi Hüseyn, həmçinin akademiklər Həmid Araslı və Məmməd Arif tərəfindən Aşıq Ələsgər haqqında söylənilən dəyərli fikirlər yer alıb. Həmçinin Aşıq Ələsgərin yaradıcılığını əhatə edən bir çox kitabların tam mətni oxuculara təqdim edilir. Eyni zamanda “Aşıq şeiri”, “Sazlı-sözlü Göyçə”, “Aşıq Ələsgər”, “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq Ələsgər yaradıcılığında sufizm”, “Xalq aşığı Ələsgər” kimi nəşrlər də sərgilənib.xeber100.com  

Aprel 2, 2026 09:18

Əbədiyyətə qovuşan ömür…

-Həyat çox gözəldi, Rasim müəllim... -Nəyi gözəldi, hara baxırsan müharibələr, haqsız axıdılan qanlar, tökülən göz yaşları, təbiət belə insanla artıq oyun oynayır...hanı tanıdığım, bərabər çalışdığım insanlar, hanı o Azərbaycan kinosunun qaynar iş sistemi, bir-birinin ardınca çəkilən filmlər, rəqabət hanı?! Demək istərdim ki, bütün bunlara baxmayaraq həyat yenə də gözəldi, ancaq o Rasim Balayev idi, dediyin sözün kəsəri var idi, ağılla düşünən, məntiqli cavablar verməyi bacaran, daima hazırcavablığı ilə, uzaqgörənliyi ilə seçilən qəhrəmanımız idi... Bu dünyadan bir Rasim Balayev keçdi... Ölkəmiz müstəqillik əldə etdiyi üçün, ağır bir sistemdən çıxaraq azadlığa qovuşduğumuz üçün çox xoşbəxt idi, ancaq yenə də nə isə çatmırdı, hər zaman nigaran idi...Uşaq səmimiyyətilə olan gülüşünün arxasında sanki narahat duyğular özünə yer eləmişdi... Bütün şöhrətə qovuşmuş, “Azərbaycanfilm”lə yanaşı, eyni zamanda dünyanın bir çox kinostudiyalarının istehsal etdiyi önəmli sənət nümunələrində yer almış, yüksək əxlaqi keyfiyyətləri ilə ətrafında üstünlük nümayiş etdirməyi, Allahın bəxş etdiyi gözəl siması ilə yaratdığı portret obrazları özününküləşdirməyi bacarmış və ən önəmlisi isə xoşbəxt ailə səadəti yaşayan bir insanın nigarançılığı nə ola bilərdi?! Əlbəttə ki, kinomuzun yaşadığı böhran, çəkiliş meydançalarının boş qalması, filmə çəkilməyi gözləyə-gözləyə qocalan gənc aktyorların, film çəkmək üçün sıra gözləyən və gözləmə zamanı artıq sağlam rəqabətdən betər eybəcərliklərin ağuşunda qalan rejissorların taleyi, kinoda olan operator, səsləndirmə, musiqi işlərinin hamısının sıradan çıxması və daha nələr... Bütün bunları sadəcə aktyor kimi deyil, illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri kimi çalışdığı illərdən düşünürdü, çıxış yolları axtarırdı... Kütləvi informasiyalar vasitəsilə verdiyi müsahibələrin hər birində kinonun yaşadığı böhranla bağlı həyəcan təbili çalırdı...Axı bünövrə var, əgər bu bünövrənin üzərində dayanmasaq, o zaman hər şey məhv olacaq... Azərbaycan kinosunda yaratdığı qəhrəman obrazlar silsiləsi ilə, vətən, torpaq, millət sevgisini təbliğ etməklə gənc nəslə vətənpərvərlik ruhu aşılayan Rasim Balayev üçün kino sənəti daim zirvə hesab olunub. Eləcə də, sənət və sənətkarlıqda bir çox keyfiyyətlərin – təcrübənin, düşüncənin müdrikliyin, təqlid etmədən öz yolunu tapmanın, ən önəmlisi isə yüksək əxlaqi keyfiyyətin birləşməsini vacib amillərdən biri hesab edib. Türkiyə, Almaniya, Cənubi Azərbaycan, Tacikistan, Özbəkistan, Moskva, Gürcüstan və başqa kinostudiyaların istehsal etdiyi bir çox filmlərdə maraqlı rollar yaradan Rasim Balayev, yalnız müsbət qəhrəmanları deyil, həm də cəmiyyətdəki mənfi tipləri yaratmaqla tamaşaçı auditoriyasını düşündürməyi bacarıb. O, sadəcə sənət haqqında düşünmür, dünyada baş verən hadisələri izləyir, haqsızlıqlara qarşı münasibət bildirərək deyirdi ki, planetimizin bəlalardan uzaq olmasını, insanların bir-birinə hörmətlə yanaşmasını istəyirəm.Bu dünyada əbədi heç nə yoxdur. Heç birimiz əbədi yaşamayacağıq. Düşünürəm ki, dünyada haqsızlıq olmasa dünyamız çiçəklənər, həyatımız gözəlləşər. Kinematoqrafiya və digər sənət növləri insanları xoşbəxt etməyə borcludurlar... Kino üçün nə bacarırdı etdi, hətta bacarmadıqlarını da etdi, yəqin ki, özü ilə bərabər nigarançılığını, çarəsizliyini də apardı... O, özünü qəhrəman hesab etmirdi, deyirdi ki, mən Babək, Nəsimi, Beyrək, Cavid deyiləm. Bunların hər biri obrazdır və mən bacardığım qədər bu obrazları dolğun yaratmağa çalışmışam. Xalq isə sevimli aktyorunu artıq çoxdan qəhrəman elan etmişdi. O, Nəsimi kimi poeziyanın vurğunu idi, Babək kimi qəhrəmanlıq ruhunda idi, Beyrək kimi döyüşmək gücündə idi, Cavid kimi sözü birbaşa deməyi bacarırdı. Qəhrəmanlarından onda, ondan da qəhrəmanlarında nəsə var idi, sanki bir-birinə bağlayan bir bağ kimi... Rasim Balayev elə sənətkarlardan idi ki, uşaqdan-böyüyə hamının sevgisini qazanmışdı. Orta məktəblərdə, ali təhsil ocaqlarından onunla keçirilən görüşlərdən bu sevgini hiss etməmək mümkün deyildi. Uşaqla uşaq, böyüklə böyük dilində danışmağı yaxşı bacarırdı. Hələ xanımlara olan münasibətində necə ata, qardaş nəvazişi göstərirdi, bunu sözlə ifadə etmək çox çətindir...Belə yüksək keyfiyyətləri hər adam daşıya bilməzdi...Deməli Uca Yaradan tərəfindən seçilmişdiniz...Siz Allahı da sevirdiniz, dini də sevirdiniz, milləti, ölkəni də sevirdiniz, ürəyiniz sevgi dolu idi Rasim müəllim. Məhz bu səbəbdən dünyanın belə böhran vəziyyətə düşməsini, bütün sahələrdə olan mövcud durumu, ən böyük təbliğat vasitəsi olan kinomuza laqeyd münasibəti qəbul etmək istəmirdi... Getmək üçün çox tələsdiniz, bəlkə də çıxış yolunu getməkdə gördünüz...Ölümü sizə heç yaraşdırmadıq Rasim müəllim... Həmişə bizimlə olacaqsınız, ruhunuz şad olsun!xeber100.com  

Aprel 2, 2026 08:56

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb

Prezident Kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgiləri təşkil edilib. Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, sərgilərdə Azərbaycan xalqına qarşı XX əsrdə həyata keçirilmiş soyqırımı, deportasiya və etnik təmizləmə siyasətini əks etdirən elmi, tarixi və sənədli nəşrlər yer alıb. Ənənəvi sərgidə nümayiş olunan materiallar geniş tarixi-coğrafi arealı əhatə edir. Bu nəşrlərdə Göyçə mahalı, Quba, Şamaxı, İrəvan və Naxçıvan bölgələrində baş vermiş kütləvi qırğınlar təsvir olunur. Eyni zamanda, Cənubi Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törədilmiş zorakılıqlar tarixi mənbələr əsasında işıqlandırılıb. 1918-ci il mart soyqırımı, Türk Qafqaz İslam Ordusunun fəaliyyəti, erməni terrorizminin genişlənməsi və mədəni-dini irsə qarşı yönəlmiş vandalizm aktları da nəşrlərdə ətraflı şəkildə əks etdirilib. Prezident Kitabxanasında “Azərbaycanlıların Soyqırımı” adlı virtual kitab sərgisi də yenilənərək istifadəyə verilib. Virtual sərgi mövzu üzrə materialları sistemli şəkildə bir araya gətirir və tarixi sənədlər, elmi araşdırmalar və canlı xatirələr əsasında hadisələrin mahiyyətini ətraflı nümayiş etdirib. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təqdim olunan bu sərgilər Azərbaycan tarixinin faciəli səhifələrinin anılması, tarixi yaddaşın qorunması və elmi biliklərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.xeber100.com

Aprel 1, 2026 11:54

Milli Xalça Muzeyində milli geyimlərə həsr olunmuş sərgi açılıb

Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində Avropanın milli geyim və ornamentlərinə həsr olunmuş “Bağçada güllər” sərgisi açılıb. Sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “Arts Council Azerbaijan” təşkilatının, Azərbaycan Milli Xalça Muzeyinin və Aİ-yə üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə təşkil edilib. Tədbirdə muzeyin direktoru Əminə Məlikova ziyarətçilərə unikal eksponatları təqdim etmək imkanına görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyunciçə minnətdarlığını bildirib. Layihənin konsepsiyası barədə danışan direktor qeyd edib ki, sərgidə muzeyin “qızıl kolleksiyası”ndan olan bir neçə xalça – əsasən XVIII əsrin sonu və XIX əsrin əvvəllərinə aid Qarabağ xalçaları nümayiş olunur. Sərginin əsas mövzusu çiçəklənmə və rifahın rəmzi kimi gül motividir. Bu motiv səkkiz Avropa ölkəsinin və Azərbaycanın milli geyimlərini bir ideya ətrafında birləşdirib.Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 dəst milli geyim nümayiş etdirilir. Bu nümunələr Avropa ölkələrinin zəngin mədəni müxtəlifliyini, müxtəlif tarixi dövrlərdən gələn adət-ənənələrini, fərqli kimliklərini və geyimlərin bəzək xüsusiyyətlərini əks etdirir. Sərgi fevralın 21-dək davam edəcək.xeber100.com

Fevral 18, 2026 11:03

Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Mənim şəhər dünyam” (My Urban World) adlı beynəlxalq fotomüsabiqə təşkil edilir. İctimai Birlikdən bildirilib ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) akkreditasiyasından keçmiş fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən şəhərsalma prosesini fotolar vasitəsilə göstərməkdir. Müsabiqəyə insanyönümlü şəhər, mədəni irs, tarixi binalar, yeni ilə köhnənin yanaşı mövcudluğu, əsrlərin və üslubların harmoniyası, yaşıl şəhər, ekoloji şəhər, “ağıllı şəhər”, təhlükəsiz şəhər, tikinti, yenidənqurma və bərpa işləri, sökülmüş, dağıdılmış tikililər, tərk edilmiş ərazilər, təhlükə altında olan şəhər zonaları, zamanın şəhər üzərində qoyduğu izlər, gündüz və gecə şəhəri, insanlar və şəhərlər və s. kimi mövzularda şəhərsalma prosesini əks etdirən şəkillər qəbul edilir. Müsabiqədə iştirak üçün son müraciət tarixi 2026-cı il aprelin 30-dur. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Sinqapur, Yunanıstan və Şimali Makedoniyadan olan 5 nəfər peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Həmçinin WUF13-ün təşkil olunduğu mayın 17-22-də fotosərginin keçirilməsi nəzərdə tutulur.xeber100.com

Fevral 2, 2026 11:03

Romada keçirilən “Muzeylərdə Musiqi 2025” təşəbbüsü çərçivəsində

İtaliyanın paytaxtı Romada keçirilən “Muzeylərdə Musiqi 2025” (Musei in Musica 2025) təşəbbüsü çərçivəsində Azərbaycan milli musiqisi şəhər ictimaiyyətinə təqdim olunub. Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi bu il İtaliyanın “Zetema Mədəniyyət Layihəsi” tərəfindən tədbirə xüsusi qonaq qismində dəvət olunub və “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı xüsusi konsert proqramı Romanın Trastevere rayonunda yerləşən Roma Muzeyində təşkil edilib. Tədbirin açılışını Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib, qədim nəfəsli musiqi aləti olan balabanın tarixi, səsi və mədəni əhəmiyyəti barədə auditoriyaya məlumat verib, ifaçılar təqdim olunub. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov konsert iştirakçılarını salamlayaraq, tədbirin təşkilatçılarına, o cümlədən Roma Bələdiyyəsi, Roma Muzeylər Şəbəkəsi və Zetema Mədəniyyət Layihəsinə təşəkkürünü bildirib. Səfir qədim “Balaban sənətkarlığı və ifaçılıq sənəti”nin 2023-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb. Azərbaycan musiqisinin zəngin kökləri, onun beynəlxalq mədəni dialoqda oynadığı rol və İtaliya ictimaiyyətinin bu musiqiyə göstərdiyi böyük marağın mədəni əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulanıb.xeber100.com

Dekabr 2, 2025 12:54