“Laçından keçən ulduzlar” adlı yeni mədəniyyət layihəsinin ilk tədbiri keçirilib

13 Noyabr 2026 13:02

Xəbər 58 dəfə oxunub

Noyabrın 11-də Laçın şəhərində yerləşən LaCinema kinoteatrında “Laçından keçən ulduzlar” adlı yeni mədəniyyət layihəsinin ilk tədbiri keçirilib.

Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrini Laçına dəvət etmək, onları şəhər sakinləri ilə görüşdürmək, sənət və sənətkar haqqında canlı söhbətlərə, fikir mübadiləsinə şərait yaratmaqdır.

Silsilə xarakteri daşıyan layihə çərçivəsində Azərbaycan kinosunun, musiqisinin, teatrının, ədəbiyyatının, təsviri sənətinin və digər yaradıcılıq sahələrinin tanınmış nümayəndələri Laçının qonağı olacaq, öz yaradıcılıq yolları, sənət təcrübələri və həyat hekayələrini şəhər sakinləri ilə bölüşəcəklər.

Layihənin ilk görüşü Azərbaycan kinosunun görkəmli nümayəndələrinə həsr olunub. Tədbirin fəxri qonaqları milli kinomuzun parlaq simaları, kino tariximizin canlı şahidləri – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafov olublar.

Görüş zamanı sənətkarlar öz yaradıcılıq yollarından, Azərbaycan kinosunun zəngin tarixindən, unudulmaz ekran əsərlərindən, aktyor sənətinin məsuliyyətindən və müasir kino prosesindən danışıblar. Laçın sakinləri böyük sənətkarlarla birbaşa ünsiyyət qurmaq, onları yaxından tanımaq və suallarını ünvanlamaq imkanı əldə ediblər.

Görüş çərçivəsində Şəfiqə Məmmədova və Fəxrəddin Manafovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi hazırlanmış videoçarx da nümayiş etdirilib. Videoçarxda sənətkarların bioqrafiyası, zəngin yaradıcılıq yolu, filmoqrafiyası və Azərbaycan kinosuna bəxş etdikləri ekran obrazları öz əksini tapıb.

Tədbirin musiqi proqramı da xüsusi maraq doğurub. Pianoçu Şahin Yəhyazadə sənətkarların çəkildikləri filmlərdən seçilmiş musiqi əsərlərini ifa edib. Musiqi nömrələri görüşə xüsusi bədii ovqat və emosional çalar qatıb.

Tədbir çərçivəsində qonaqlar Bakı Abadlıq Xidməti tərəfindən yaradılmış “HochazFilm” kinostudiyasının maddi-texniki bazası ilə də tanış olublar. Kinostudiyanın texniki və yaradıcı imkanları, burada həyata keçirilməsi nəzərdə tutulan yeni film layihələri, eləcə də Laçının kino məkanına çevrilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Laçın Beynəlxalq Film Festivalının gələcək inkişaf perspektivləri, festivalın Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə tərəfdaşlıq imkanları və milli kino sənayesinin Laçında təşviqi məsələləri müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Laçının ölkənin və beynəlxalq kino məkanının mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Laçından keçən ulduzlar” yalnız tanınmış sənət adamları ilə görüşləri əhatə edən layihə deyil. Bu təşəbbüs Laçının mədəni həyatına yeni nəfəs gətirməyi, şəhərin ictimai-mədəni mühitini zənginləşdirməyi, sənətin müxtəlif nəsillər arasında yaratdığı mənəvi körpünü daha da möhkəmləndirməyi hədəfləyir.

Qeyd edək ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və “HochazFilm Creative Studio”nun birgə təşkilatçılığı ilə baş tutub.

Yüksək təşkilatçılıq səviyyəsi, zəngin bədii proqramı və səmimi atmosferi ilə yadda qalan görüş Laçının mədəni həyatında əlamətdar hadisələrdən biri olub.xeber100.com

“The Ritz-Carlton” hotelində master-klass və kulinariya nümayişi təşkil olunub

Noyabrın 13-də “The Ritz-Carlton” hotelində master-klass və kulinariya nümayişi təşkil olunub. İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bu ölkənin dünya üzrə səfirlikləri, konsulluqları və İtaliya Ticarət Agentliyinin (ITA) nümayəndəlikləri vasitəsilə həyata keçirdiyi təşəbbüsün əsas məqsədi İtaliyanın zəngin qastronomik irsini tanıtmaq, eləcə də italyan ərzaq və şərab məhsullarının beynəlxalq bazarlardakı mövqeyini gücləndirməkdir. Artıq Azərbaycanda İtaliyanın təbliğinə yönəlmiş ənənəvi illik proqramın tərkib hissəsinə çevrilən bu təşəbbüs ölkə mədəniyyətinin ən parlaq nümunələrindən olan zəngin qastronomik irs vasitəsilə iki xalqı daha da yaxınlaşdırmaq üçün mühüm fürsətdir. Tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib ki, builki tədbir 2025-ci ilin dekabrında İtaliya mətbəxinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu tanınma İtaliya kulinariya ənənələrinin zənginliyi və müxtəlifliyi ilə yanaşı, onların arxasında dayanan dəyərləri də təqdir edir. Bunlara ərzaq məhsullarının keyfiyyəti, yerli məhsullara və mövsümiliyə hörmət, dayanıqlılıq, bilik və təcrübənin nəsildən-nəslə ötürülməsi, hər şeydən əvvəl isə yeməyi bölüşmək və süfrə ətrafında bir araya gəlmək ənənəsi daxildir.xeber100.com  

Noyabr 13, 2026 13:49

“Sükut içində addımlar” sənədli filminin təqdimat mərasimi keçirilib

Noyabrın 12-də Nizami Kino Mərkəzində “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri və filmin yaradıcı heyəti iştirak ediblər. Qonaqlar əvvəlcə filmin mövzusunu, minatəmizləmə fəaliyyətini və bu sahədə çalışan qadınların gündəlik həyatını əks etdirən sərgi ilə tanış olublar. Filmin nümayişindən əvvəl çıxış edən hərbi jurnalist Heydər Mirzə mina təhlükəsinin Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olduğunu vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinin əhəmiyyətindən, bu prosesdə iştirak edən insanların həyata keçirdikləri missiyadan danışıb. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında bildirib ki, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 444 nəfər mina qurbanı olub, onlardan 73-ü həyatını itirib. O qeyd edib ki, aparılan təhlillərə əsasən, mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib. Bu fakt işğaldan azad edilmiş ərazilərin nizamsız şəkildə minalandığını göstərir. Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli, riskli bir işlə məşğul olsalar da, evdə hər şeyi unudub bir ana, bir həyat yoldaşı kimi sevdiklərinin yanında olurlar. Ekran əsərinin artıq ilk uğurları da var. Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində filmin ilk dünya premyerası keçirilib. Burada film “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb. Nizami Kino Mərkəzindəki təqdimat zamanı film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.xeber100.com  

Noyabr 13, 2026 13:20

Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümü çərçivəsində

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) ikinci mövsümü çərçivəsində 12 gün ərzində paytaxtın 13 məkanında 36 müxtəlif janrlı tədbir təşkil edilib. Proqrama konsertlər, performanslar, balet və teatr tamaşaları, yazıçılar, rejissorlar və rəssamlarla görüşlər, eləcə də ustad dərsləri və açıq məşqlər daxil olub. Festival Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Kanada, Monako, Rusiya, ABŞ və Fransa da daxil olmaqla, dünyanın 37 ölkəsindən 500-dən çox iştirakçını bir araya gətirib. Festivalın ümumi ziyarətçi sayı isə 10 mini ötüb. Çağdaş səhnə sənəti festivalda müxtəlif formalarda təqdim olunub: dünya bədii irsinin bir hissəsinə çevrilmiş klassik əsərlərdən tutmuş musiqi, rəqs, vizual sənət və müasir texnologiyaları bir araya gətirən eksperimental tamaşalaradək. İkinci mövsümün mühüm xüsusiyyətlərindən biri ənənəvi qastrol formatının hüdudlarını aşmaq cəhdi idi. Konsert və teatr tamaşaları ilə yanaşı, yaradıcılıq görüşləri, ictimai müzakirələr, açıq məşqlər, ustad dərsləri və təhsil proqramları da təşkil olunub. Mövsümün digər mühüm xüsusiyyəti xarici sənətkarların Azərbaycan incəsənət kollektivləri və təhsil müəssisələri ilə əməkdaşlığı olub. BIAF-2026 Bakının bir sıra vacib məkanlarında, o cümlədən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Heydər Əliyev Mərkəzində, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Heydər Əliyev Sarayında və Daş Salnamə Muzeyində keçirilib. Bakı Beynəlxalq İncəsənət Festivalı beynəlxalq və çoxjanrlı mədəniyyət platformasının formalaşmasında bilavasitə iştirak edərək bu ümumi mənzərənin bir hissəsinə çevrilir.xeber100.com

Noyabr 13, 2026 13:15

“Laçından keçən ulduzlar” adlı yeni mədəniyyət layihəsinin ilk tədbiri keçirilib

Noyabrın 11-də Laçın şəhərində yerləşən LaCinema kinoteatrında “Laçından keçən ulduzlar” adlı yeni mədəniyyət layihəsinin ilk tədbiri keçirilib. Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrini Laçına dəvət etmək, onları şəhər sakinləri ilə görüşdürmək, sənət və sənətkar haqqında canlı söhbətlərə, fikir mübadiləsinə şərait yaratmaqdır. Silsilə xarakteri daşıyan layihə çərçivəsində Azərbaycan kinosunun, musiqisinin, teatrının, ədəbiyyatının, təsviri sənətinin və digər yaradıcılıq sahələrinin tanınmış nümayəndələri Laçının qonağı olacaq, öz yaradıcılıq yolları, sənət təcrübələri və həyat hekayələrini şəhər sakinləri ilə bölüşəcəklər. Layihənin ilk görüşü Azərbaycan kinosunun görkəmli nümayəndələrinə həsr olunub. Tədbirin fəxri qonaqları milli kinomuzun parlaq simaları, kino tariximizin canlı şahidləri – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafov olublar. Görüş zamanı sənətkarlar öz yaradıcılıq yollarından, Azərbaycan kinosunun zəngin tarixindən, unudulmaz ekran əsərlərindən, aktyor sənətinin məsuliyyətindən və müasir kino prosesindən danışıblar. Laçın sakinləri böyük sənətkarlarla birbaşa ünsiyyət qurmaq, onları yaxından tanımaq və suallarını ünvanlamaq imkanı əldə ediblər. Görüş çərçivəsində Şəfiqə Məmmədova və Fəxrəddin Manafovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi hazırlanmış videoçarx da nümayiş etdirilib. Videoçarxda sənətkarların bioqrafiyası, zəngin yaradıcılıq yolu, filmoqrafiyası və Azərbaycan kinosuna bəxş etdikləri ekran obrazları öz əksini tapıb. Tədbirin musiqi proqramı da xüsusi maraq doğurub. Pianoçu Şahin Yəhyazadə sənətkarların çəkildikləri filmlərdən seçilmiş musiqi əsərlərini ifa edib. Musiqi nömrələri görüşə xüsusi bədii ovqat və emosional çalar qatıb. Tədbir çərçivəsində qonaqlar Bakı Abadlıq Xidməti tərəfindən yaradılmış “HochazFilm” kinostudiyasının maddi-texniki bazası ilə də tanış olublar. Kinostudiyanın texniki və yaradıcı imkanları, burada həyata keçirilməsi nəzərdə tutulan yeni film layihələri, eləcə də Laçının kino məkanına çevrilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin, Laçın Beynəlxalq Film Festivalının gələcək inkişaf perspektivləri, festivalın Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə tərəfdaşlıq imkanları və milli kino sənayesinin Laçında təşviqi məsələləri müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Laçının ölkənin və beynəlxalq kino məkanının mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Laçından keçən ulduzlar” yalnız tanınmış sənət adamları ilə görüşləri əhatə edən layihə deyil. Bu təşəbbüs Laçının mədəni həyatına yeni nəfəs gətirməyi, şəhərin ictimai-mədəni mühitini zənginləşdirməyi, sənətin müxtəlif nəsillər arasında yaratdığı mənəvi körpünü daha da möhkəmləndirməyi hədəfləyir. Qeyd edək ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və “HochazFilm Creative Studio”nun birgə təşkilatçılığı ilə baş tutub. Yüksək təşkilatçılıq səviyyəsi, zəngin bədii proqramı və səmimi atmosferi ilə yadda qalan görüş Laçının mədəni həyatında əlamətdar hadisələrdən biri olub.xeber100.com

Noyabr 13, 2026 13:02

Şirvanşahlar Sarayı Kompleksində “Sayrışan simvollar” adlı sərgi keçirilib

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Atəş Hub” müasir incəsənət platformasının təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Sayrışan simvollar” (“Shimmering Symbols”) adlı sərgi və rəssamlarla görüş keçirilib. Sərgi qədim türk mifoloji düşüncəsində və Azərbaycan mədəniyyətində heyvan obrazlarının daşıdığı simvolik mənaları müasir incəsənət kontekstində araşdırır. Ekspozisiyanın mərkəzində “Qafqazın Böyük Beşliyi” – Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı dayanır. Bu obrazlar yalnız bölgənin biomüxtəlifliyinin nadir nümunələri kimi deyil, həm də kollektiv yaddaşda formalaşmış mədəni və simvolik kodlar kimi təqdim olunur. Yeni media və multidissiplinar sənət yanaşmalarının tətbiq olunduğu sərgidə heyvan obrazlarının qədim totemik təsəvvürlərdən müasir vizual mədəniyyətə qədər keçdiyi dəyişikliklərə diqqət yetirilir. Əsərlərdə həmin simvolların müasir ekoloji, mədəni və texnoloji reallıqlar fonunda yeni interpretasiyaları əksini tapır. Sərginin mentoru “Atəş Hub” platformasının təsisçisi Sabina Şıxlinskaya, kuratoru isə Mənsurə Məmmədəliyevadır. Layihədə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupovanın əsərləri nümayiş olunur. Qeyd edək ki, “Sayrışan simvollar” mədəni irsin müasir bədii yanaşmalarla yenidən mənalandırılmasını və gələcək nəsillərə ötürülməsini hədəfləyən “Varislər” sənət layihəsinin tərkib hissəsidir. Sərgi oktyabrın 30-dan noyabrın 1-dək Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilər üçün açıq olacaq.

Oktyabr 30, 2026 13:14

Görkəmli operator Elxan Əliyevin 80 illik yubileyidir

“O geri çəkilməlidir”, “Azərbaycan elmi”, “Daşqın”, “Matəm”, “Ulu yurd”, “Boz qurdun harayı”, “Hikmətli miniatürlər”, “Xəzər köməyə çağırır”, “Xəzərim mənim, taleyim mənim” və s. sənədli filmlərinin, “Bizim Cəbiş müəllim”, “Qaraca qız”, “Şərikli çörək”, “Bağ mövsümü”, “Pəncərə” və s. bədii filmlərin operatoru olmuş Elxan Əliyevin yubileyidir, yaşasaydı, 80 yaşını qeyd edəcəkdi. Elxan Əliyev 31 Oktyabr 1946-cı ildə dünyaya göz açıb. Orta məktəb illərindən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. 1964-cü ildə “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, uzun müddət kinostudiyanın sənədli və xronikal filmlər studiyasında çalışıb. 80-dən çox sənədli və elmi-kütləvi film çəkmiş operator, eyni zamanda Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin bölgələrə olan səfərlərini, mərkəzi komitədə xarici nümayəndə heyətləri ilə görüşlərini də lentə almışdır. O, 1993-cü ildə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinə baş məsləhətçi vəzifəsinə qəbul olunub. 1999-2003-cü illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində, 2009-2012-ci illərdə isə Ukraynadakı Səfirliyində çalışıb. E.Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Filmoqrafiya: Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən... (1964, tammetrajlı bədii film, kinoalmanax) – operator assistenti, Azərbaycan, Azərbaycan (1970, qısametrajlı sənədli film) – ikinci operator, Sevil Qazıyeva (1970, qısametrajlı sənədli film) – operator, Nəriman Nərimanov (II) (1972, qısametrajlı sənədli film) – operator, Bahar günəşi (1974, qısametrajlı sənədli film) - operator, Qədim diyarın gəncliyi (1974, qısametrajlı sənədli televiziya filmi) – operator, Onun adı Serafino idi (1974, qısametrajlı sənədli film) – operator, Səadət naminə (1974, qısametrajlı sənədli film) – operator, Mənim iki beşilliyim (1975, qısametrajlı sənədli film) – operator, Pioner və məktəblilərin II respublika mahnı və rəqs ansamblı (1976, qısametrajlı sənədli film) - operator, Üç qardaş (1976, qısametrajlı sənədli film) – operator, Oktyabrın şəfəqləndirdiyi yol (1977, qısametrajlı sənədli film) – operator, Azərbaycan SSR (IV) (1978, qısametrajlı sənədli film) – operator, Futbol, futbol... (1979, qısametrajlı sənədli film) – operator, Məhsul yığımının yeni üsulu (1979, qısametrajlı sənədli film) – operator, Azərbaycan məktəbinin 60 illiyi (1980, qısametrajlı sənədli film) – operator, Xaldanda görüş (1980, qısametrajlı sənədli film) – operator, Mən Xəzəri görürəm (1980, qısametrajlı sənədli film) – operator, Əgər sən romantikanın ünvanını axtarırsansa... (1981, qısametrajlı sənədli film) – operator, Azərbaycanda qoyunçuluq (1982, qısametrajlı sənədli film) – operator, Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (1982, qısametrajlı sənədli film) – operator, Bərəkət (1985, qısametrajlı sənədli film) – operator, Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (1986, qısametrajlı sənədli film) – operator, Yenidənqurmanın işığında... (1988, qısametrajlı sənədli film) – operator, Abşeron qalaları (1989, qısametrajlı sənədli film) – operator, Novruzun çələngi (1989, qısametrajlı sənədli film) – operator, Ayna və Həmid (1990, qısametrajlı sənədli film) – operator, Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – operator, Fövqəladə vəziyyət (1990, qısametrajlı sənədli film) – operator, Qanadlı şəfavericilər (1990, qısametrajlı sənədli film) – operator, Matəm (1990, qısametrajlı sənədli film) – operator, Ulu yurd (1990, qısametrajlı sənədli film) – operator, Şəhidlər və qazilər (1991, qısametrajlı sənədli film) – operator, Ziya ocağı (1991, qısametrajlı sənədli film) – operator və s.xeber100.com

Oktyabr 30, 2026 12:51

Milli İncəsənət Muzeyində retrospektiv sərginin açılış mərasimi keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərginin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın şəxsi kolleksiyasından seçilmiş 90-dan çox əsər nümayiş olunub. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərdi dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirir. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, eləcə də təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir. Sərgidə rəssamın 1960-cı illərdən bu günədək yaratdığı əsərlər – monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunub. Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə təqdim olunub.xeber100.com

Oktyabr 27, 2026 11:54

“Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” adlı yeni kitab çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  “Səhnə danışığı” kafedrasının dosenti, Əməkdar artist,  Əməkdar müəllim Mahirə Yaqubovanın “Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” adlı yeni kitabı işıq üzü görüb. Qeyd edək ki, dublyaj sənətinin nəzəri və praktiki əsaslarını sistemli şəkildə təqdim edən tədris ədəbiyyatında dublyajın sənət və peşə xüsusiyyətləri, aktyor ifasının spesifikası, nitq, diksiya, intonasiya, emosional ifadəlilik və obrazın səs vasitəsilə yaradılması kimi məsələlərə diqqət yetirilir. M.Yaqubovanın zəngin pedaqoji və sənət təcrübəsi əsasında hazırlanan nəşr xüsusilə aktyor sənəti, səhnə danışığı və dublyaj istiqamətində təhsil alan tələbələr üçün mühüm mənbə kimi nəzərdə tutulub. Kitabdan həmçinin dublyaj sahəsində çalışan mütəxəssislər, müəllimlər və bu sənətə maraq göstərən oxucular da yararlana bilərlər. Mahirə Yaqubova bildirir ki, “Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” kitabı, sənət və tədris sahəsindəki çoxillik fəaliyyətimin növbəti mühüm nəticəsidir. Kitab Azərbaycan dilində dublyaj sənətinin nəzəri və metodoloji əsaslarının öyrənilməsi baxımından əhəmiyyətli töhfə kimi qiymətləndirilib.xeber100.com

Oktyabr 27, 2026 11:03

İlyas Əfəndiyevin xatirəsi vəfatının 30-cu ildönümündə Bakı Bələdiyyə Teatrında yad edildi

Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü münasibətilə Bakı teatrlarının səhnələrində görkəmli dramaturqun əsərləri əsasında hazırlanan tamaşalar nümayiş olunur. Belə ki, oktyabrın 22-də Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrı tərəfindən “Şuşada ürəyim qaldı” tamaşası təqdim olunub. Tədbirdə rəsmi qonaqlar, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib. İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanmış “Şuşada ürəyim qaldı” tamaşasına Xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən quruluş verilmişdir. Tamaşada Azərbaycanın xanlıqlara parçalandığı tarixi dövr əks olunur, milli birliyin qorunmasının və vahid dövlətçilik ideyası ətrafında birləşməyin əhəmiyyəti ön plana çəkilir. Hadisələr Vətən naminə məhəbbətindən ayrı düşən Qarabağ xanı İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, doğma Qarabağını unutmaması fonunda baş verir. Tədbiri giriş sözləri ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist Azad Şükürov İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında göstərdiyi xidmətləri vurğulayaraq, bildirib: “İlyas Əfəndiyevin əsərləri böyük bir nəslin formalaşmasında önəmli rol oynayıb. Azərbaycan xalqı onu böyük hörmətlə daima yad edir və xatirəsini əziz tutur". Rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin yaradıcılığından, onun pyesləri əsasında hazırladığı tamaşalardan söz açıb. O təqdim olunan tamaşanın mövzusundan bəhs edərək bildirib ki , Azərbaycan tarix boyu üzləşdiyi çətin sınaqlara baxmayaraq, milli birliyini və dövlətçilik ənənələrini qoruyub yaşadıb. Qeyd edilməlidir ki, İlyas Əfəndiyev, Amaliya Pənahova, Mərahim Fərzəlibəyovun birgə yaradıcı fəaliyyəti XX əsrin ikinci yarısını əhatə edən bütöv bir teatral dövrün aparıcı xəttinə çevrilmişdir. Onların birlikdə hazırladığı tamaşaların uğurları bu gün də xatırlanır, nümunə göstərilir. “Şuşada ürəyim qaldı” tamaşası geniş auditoriya tərəfindən böyük maraqla  qarşılanıb. Tamaşada İsmayıl Atakişiyev (general Pavel Sisianov), Rəşad Kəsəmənli (Hüseynqulu xan), Tural Baxış (İbrahim xan), Əməkdar artist Hüsniyyə Mürvətova (Tubu xanım), Zülfiyyə Qurbanova (Ağabəyim ağa), Asif Rəhimov (Fətəli xan), Əfqan Soltanov (Molla Müzəffər ağa), Elməddin Zakirli (Saday bəy), Tural Əhməd (Mahmud bəy), Mehman Abdullayev (Şəfi bəy), Toğrul Rza (Dmitri Lisaneviç), Elçin Muradov (kölgə), Rəşid Soltanov (1-ci kölgə), Namiq Cavadov (2-ci kölgə), Ülviyyə Rza (1-ci rəqqasə), Günel Həmidova (2-ci rəqqasə), Əzizə Həşimova (3-cü rəqqasə) iştirak edib. Səhnə əsərinin yaradıcı heyətində bəstəkar Eldar Mansurov, quruluşçu rəssam İlham Əsgərov, işıq rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn üzrə tərtibatçı  Elnur Ehtiramoğlu yer alır. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində çoxsaylı səhnə əsərləri ilə teatr mədəniyyətimizi ölkəmizdə, eləcə də beynəlxalq miqyasda təbliğ edən teatrın repertuarında Azərbaycanın, Türk xalqlarının və dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.xeber100.com

Oktyabr 23, 2026 15:28

“Milli musiqi irsi və mənəvi dəyərlər missiyası Prezident Kitabxanasında” adlı tədbir keçirilib

Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi gününə həsr olunmuş “Milli musiqi irsi və mənəvi dəyərlər missiyası Prezident Kitabxanasında” adlı tədbir keçirilib. Kitabxanadan bildirilib ki, əvvəlcə mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova muğam sənətinin milli kimliyimizin və zəngin mədəni yaddaşımızın ali ifadəsi olduğunu vurğulayıb. O, Beynəlxalq Azərbaycan Muğamı Gününün əhəmiyyətindən danışaraq, bu irsin dünya səviyyəsində tanınmasında, UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsində və keçirilən muğam müsabiqələri vasitəsilə gənc istedadların yetişməsində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq artisti Mələkxanım Əyyubova, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxış edərək, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi barədə dəyərli fikir və mülahizələrini bölüşüblər. Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva Mərkəzin təşkilatçılığı ilə “Vətənə açılan kiçik ürəklər” layihəsi çərçivəsində təqdim olunan və böyük maraqla qarşılanan “Azərbaycan qadını” mahnısının ərsəyə gəlmə tarixi və yaradıcılıq prosesi barədə məlumat verib. Ardınca əsər müğənni Elnur Məmmədov və 3 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında səsləndirilib. Tədbirin bədii hissəsində Xalq artistləri Nəzakət Teymurova və Mələkxanım Əyyubova musiqi nömrələri ilə çıxış ediblər. “Vətənə açılan kiçik ürəklər” layihəsinin iştirakçılarına təşəkkürnamələr təqdim edilib. Fəxri qonaqlardan general-mayor Arif Həsənov və polkovnik Anar Mirzəyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, qəhrəman zabit və əsgərlərimizin misilsiz şücaətindən söz açıblar. Natiqlər xüsusilə vurğulayıblar ki, avqustun 26-da böyük qürurla qeyd edilən Laçın Şəhəri Günü, eləcə də işğaldan azad edilmiş digər torpaqlarımızda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması qəhrəman Ordumuzun qüdrətinin və xalqımızın sarsılmaz birliyinin bariz təntənəsidir. Qeyd edək ki, Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü münasibətilə həmin mahnıya çəkilmiş videoçarx ilk dəfə məhz Prezident Kitabxanasında təqdim olunub.xeber100.com

Avqust 28, 2026 14:23

Mədəniyyət naziri Adil Kərimli vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullar zamanı vətəndaşların müraciət və təklifləri dinlənilir, müvafiq addımlar atılır. Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib. Nazirlikdən  bildirilib ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib. Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.xeber100.com

Avqust 28, 2026 14:13

Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək

28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib. İclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İclasın yekununda bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb. İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək. Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması  qərara alınıb. İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxılıb və ərizələr İdarə Heyəti tərəfindən qəbul edilib. İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub. Qeyd edək ki, İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.xeber100.com  

Avqust 28, 2026 13:34

Görkəmli diktor Yusif Muxtarovun 85 illik yubileyidir

22 iyul görkəmli diktor, Xalq artisti Yusif Muxtarovun 85 illik yubileyidir. Yusif Muxtarov İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində ilk səhnə həyəcanını yaşayır. Teatrın səhnəsində oynadığı M.Lermontovun "İki qardaş"ında Aleksandr, Nazim Hikmətin "Qəribə adam" tamaşasında Əbdülrəhman, "Bayramın ilk günü"də isə Şadi rollarında uğurla çıxışı və fərqli obrazları canlandırmaq qabiliyyəti onun aktyorluq istedadını daha inkişaf etdirərək peşəkarlıq istiqamətində yol almasına şərait yaradır. Hətta teatrdakı ifası ilə yanaşı bir çox televiziya tamaşalarında da - S.Vurğunun "Vaqif", S.Rəhmanın "Xoşbəxtlər", Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim", İ. Əfəndiyevin "On iki manatlıq lüstr", "Söyüdlü arx", M. Bayciyevin "Duel" və s. uğurlu çıxışları olub. Xarici görünüş baxımından səhnəyə çox yaraşan, nitq mədəniyyəti, istedadı ilə səhnə tələblərinə cavab verən Y.Muxtarov radio diktoru kimi fəaliyyətə başlayarkən çoxlarını təəccübləndirmişdi. 1964-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor kimi fəaliyyətə başlayan Y.Muxtarov sonra ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı. Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Yusif Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. O, bir sənətkar kimi xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir. Qeyd edək ki, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Y.Muxtarov səsində təqdim olunur. Y.Muxtarovun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə - rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi "Baladadaşın ilk məhəbbəti" filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi "Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Hər üç filmdə bir-birindən fərqli xarakter yaradan Yusif Muxtarovun kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olub. Belə ki, Yusif Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. Y.Muxtarov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Onu tanıyanlar deyirlər ki, Yusif Muxtarov böyük məsuliyyət hissilə peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrəndiyi kimi, öyrəndiklərini də eyni həvəslə gənclərə öyrətməyin peşəkarı idi. O, “efir adamı” idi, hətta harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. Bu baxımdan da həyatını həsr etdiyi radioda, teatr və kinoda üzərinə düşən vəzifələri böyük sevgi və yüksək peşəkarlıqla yerinə yetirirdi. 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib. Amaliya Pənahova Yusif Muхtarov haqqında deyirdi ki, Yusif sözün əsl mənasında dost, həmkar, həyat yoldaşı, gözəl ata, sənət хiridarı, bacarıqlı təşkilatçı kimi teatrın fəaliyyəti işində cəfakeşlik göstərmişdi. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar. Yeri gəlmişkən, Yusif Muxtarov incəsənət sahəsindəki хidmətlərinə görə dəfələrlə fəхri fərmanla, diplomlarla təltif olunub. 1990-cı Əməkdar artist, 1999-cu ildə Türkiyənin İstanbul hərbi hava akademiyasının qızıl medalına, 2002-ci ildə isə Xalq artisti fəхri adlarına layiq görülüb. Bakı Bələdiyyə Teatrının Döyüşən ordu qarşısında nümunəvi çıхışlarının təşkili üçün Azərbaycan Teatr Хadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına, 2003-cü ildə İranda keçirilən “Komedi beynəlхalq festivalının” qızıl medalına layiq görülüb.xeber100.com

İyul 22, 2026 11:12

Azərbaycan və Özbəkistan ifaçılarının iştirakı ilə “Dostluq” konserti təşkil olunub

Mədəniyyət Nazirliyinin və Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə filarmoniyanın yay zalında “Dostluq” adlı konsert proqramı təqdim olunub. Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan və Özbəkistan ifaçılarının birgə çıxışlarının təqdim olunduğu mədəni tədbirdə dövlət və incəsənət xadimləri, elm və mədəniyyət nümayəndələri, tələbələr, media təmsilçiləri və yerli sakinlər iştirak ediblər. Əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli çıxış edərək layihənin Azərbaycan və Özbəkistan xalqları arasında mədəni dialoqun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu cür təşəbbüslər iki qardaş xalqın zəngin mədəni irsinin qarşılıqlı təbliğinə, xüsusilə Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, humanitar və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. O, həmçinin iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsində və strateji tərəfdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə çatdırılmasında göstərdikləri xüsusi diqqət və siyasi iradəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını ifadə edib. Azərbaycanın Xalq artisti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadə və AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov çıxışlarında Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin ortaq tarixi köklərə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə və qədim musiqi ənənələrinə əsaslandığını bildiriblər. Qeyd olunub ki, bu cür mədəni layihələr gənc nəslin milli irsə bağlılığının gücləndirilməsinə, xalqlarımız arasında tarixi-mədəni əlaqələrin gələcək nəsillərə ötürülməsinə, eləcə də iki ölkənin elm, mədəniyyət və incəsənət nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfə verir. Daha sonra tədbir rəngarəng musiqili-bədii proqramla davam edib. Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan və Özbəkistan mədəniyyətinin zəngin musiqi və rəqs nümunələri ilə çıxış ediblər.xeber100.com  

İyul 15, 2026 10:44

Mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

İyulun 9-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Gürcüstan Mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən bildirilib ki, görüşdə Adil Kərimli iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, iki ölkə liderlərinin birgə səyləri sayəsində Azərbaycan ilə Gürcüstanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu vəziyyət mədəniyyət sahəsində də əlaqələrin inkişafı üçün geniş perspektivlər yaradır. Nazir son illərdə iki ölkənin xüsusilə teatr və kino sahəsində əməkdaşlığının diqqətəlayiq olduğunu vurğulayıb. Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkür edib, xanım nazir Tinatin Ruxadzenin səmimi salamlarını Adil Kərimliyə çatdırıb. Gürcü qonaq Azərbaycan ilə mədəni-humanitar sahədə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, qonşu ölkənin nümayəndə heyəti Azərbaycan və Gürcüstan Mədəniyyət nazirlikləri arasında birgə İşçi qrupunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.xeber100.com

İyul 9, 2026 14:54

Bakı Bələdiyyə Teatrı 34-cü teatr mövsümünü başa vurub

İyulun 8-də Bakı Bələdiyyə Teatrı 34-cü teatr mövsümünü "Məhv olmuş gündəliklər” tamaşası ilə bağlayıb. Mərdəkan Mədəniyyət sarayında keçirilən nümayişdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, həmin rayonun icra strukturlarının nümayəndələri, ziyalılar, tanınmış mədəniyyət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tamaşanın nümayişindən öncə M.Fərzəlibəyov çıxış edərək İlyas Əfəndiyevin yaradıcılığından, onunla uzun illər davam edən əməkdaşlığından bəhs edib. Tədbirdə çıxış edən Günay Əfəndiyeva Xəzər rayon camaatına öz minnətdarlığını bildirib. Qeyd edib ki, babası İlyas Əfəndiyevin pyesi əsasında Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən “Məhv olmuş gündəliklər” tamaşasının, uşaqlıq illərinin keçdiyi Xəzər rayonunun mərkəzi mədəniyyət ocaqlarından biri olan Mərdəkan Mədəniyyət sarayında nümayiş olunması onun üçün xüsusi əhəmiyyət kəsb edir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini kimi ölkəmiz üçün önəmli olan mədəniyyət layihələrinin keçirilməsində böyük rol oynayacağını da vurğulayıb. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da çıxış edərək rayon mədəniyyət ocağında belə mədəni tədbirlərin keçirilməsinin önəmindən bəhs edib və hamıya uğurlar arzulayıb. Daha sonra tamaşa geniş tamaşaçı auditoriyasına təqdim olunub. Öz aktuallığını qoruyub saxlayan səhnə əsəri tamaşaçıların marağına səbəb olub. Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulmuş və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir. Bakı Bələdiyyə Teatrının "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. M.Fərzəlibəyov İlyas Əfəndiyevin əsərlərinə dəfələrlə quruluş verib. Yeri gəlmişkən, Xalq yazıçısı İlyas Əfəndiyev,  Xalq artisti Amaliya Pənahova  və Xalq artisti Mərahim Fərzəlibəyov tandemi XX əsrin ikinci yarısını əhatə edən bütöv bir teatral dövrün aparıcı xəttinə çevrilib. Məhz həmin dövr Azərbaycan teatrı özünün əsl intibah dövrünü yaşayıb. Bu üçlüyün birgə əməkdaşlığı nəticəsində səhnə həyatı qazanan tamaşaların uğurları, uzun illər keçməsinə baxmayaraq, hazırda da xatırlanır. Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 34-cü teatr mövsümünün bağlanış tamaşası tamaşaçıların gur alqışları ilə başa çatıb. Tamaşada iştirak edirlər: Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva (Əməkdar artist), Toğrul Rza, Məmmədağa Əlilicanzadə. Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi), Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi), İşıqçı rəssam – Tərlan Ələsgərli, Kostyum sexinin müdiri – Leyla Əkbərova, Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın dövlət və siyasi xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com

İyul 9, 2026 13:41

Beynəlxalq Muğam Mərkəzində “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi açılıb. Sərgi Türkiyənin ölkəmizdəki səfirinin xanımı Zühre Akgünün də iştirak etdiyi "Təzhib–Miniatür" kursunun yekununda ərsəyə gələn əsərləri bir araya gətirib. Sərginin açılışından əvvəl çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün bildirib ki, incəsənət xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynayır. O qeyd edib ki, belə sərgilər həm ortaq mədəni dəyərlərin tanıdılmasına, həm də sənət vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir. “Bizim estetik yanaşmamızda incəlik və zəriflik daha çox miniatürlərdə, əlyazma kitabların bədii tərtibatında öz əksini tapır. Klassik əsərlərin orijinal nüsxələrinə nəzər saldıqda görürük ki, şeirin sadəliyi və gözəlliyi ilə yanaşı, onun ətrafındakı bəzəklər, ornamentlər də xüsusi ustalıqla işlənmişdir. Bu gün sənətkarlarımızın yaratdığı əsərlər də məhz o tarixi incəliyin süzgəcindən keçərək müasir dövrdə yenidən canlandırılmasıdır. Bu baxımdan bütün müəlliflərə və zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə səfir qeyd edib. Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan bildirib ki, sərginin üç gün ərzində Beynəlxalq Muğam Mərkəzində təşkil olunması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və mədəni bağların daha da möhkəmlənməsinə, mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verəcək. O bildirib ki, bu cür tədbirlər gələcəkdə də davamlı olacaq və ortaq mədəni dəyərlərimizin inkişafına xidmət edəcək. Sonra qonaqlar “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi ilə tanış olublar. Kurs iştirakçılarının bilik və bacarıqların nümayiş etdirildiyi bu sərgi, keçmişdən günümüzə uzanan zəngin sənət irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.xeber100.com

İyun 17, 2026 12:41