Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı həftəsi” keçiriləcək

19 Noyabr 2019 15:48

Xəbər 466 dəfə oxunub

Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı həftəsi” keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanmış və həmin tamaşaların noyabrın 23-dən 30-dək həftə çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulur.Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.xeber100.com

“Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edilib

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın Alınması üzrə Komissiya həyata keçirəcəkdir. Nazirlikdən bildirilib ki, iştirakçılar tərəfindən nəşrlər iyunun 8-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir. Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcəkdir. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir. Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər. Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər. İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 1 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2019-cu il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”na müvafiq olaraq məcburi nüsxələri Milli Kitabxanaya təqdim olunmayan nəşrlərin müsabiqədə iştirakına yol verilmir.xeber100.com  

Aprel 18, 2024 15:03

Xətai Sənət Mərkəzində uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq

Aprelin 13-də Xətai Sənət Mərkəzində “Baharın rəngləri” Respublika uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq. Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunub. Turnirin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət etməkdir. Müsabiqə çərçivəsində 700-dən çox 10-21 yaşarası uşaq, yeniyetmə və gənc 15 nəfərlik qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak ediblər. İştirakçılar akvarel boyaları ilə baharı tərənnüm edən əsərləri ərsəyə gətiriblər. Bu əsərlər arasından ən yaxşıları sərgilənmək üçün seçilib. Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilib. Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq. səri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və Hollandiyanın boya markası “Artcreation”dan hədiyyə təqdim ediləcək.xeber100.com  

Aprel 3, 2024 15:27

Bakı Bələdiyyə Teatrının təqdimatında “Şekspir”ə növbəti müraciət

Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirildi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan tədbirdə görkəmli ictimai xadimlər, ədəbiyyatın, mədəniyyətin tanınmış nümayəndələri, teatr sənətinin çoxsaylı pərəstişkarları iştirak ediblər. Rejissor işi Xalq artisti Mərahim Fərzəlibəyova aid olan səhnə əsərində hadisə ruhi-əsəb klinikasında baş verir. Xəstənada pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar. Biri özünü Sovet dövlətinin lideri İ.V.Stalin (Rəşad Kəsəmənli) hesab edir, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək, xatirələr aləmində yaşayır. Digəri özünü məhşur fransız aktrisası Sara Bernar (Hüsniyyə Mürvətova) bilir və hər dəqiqə özünü səhnədə təsəvvür edərək, həyatını obrazlar aləmində yaşayır. Veneralı (Toğrul Rza) saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad (Zülfiyyə Qurbanova) daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Əsərdə baş həkim (İlqar Musayev) xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, nəhayət başa düşür ki, xəstə kimi müalicə olunan insanlar əslində özlərinin rahat dünyalarında yaşayırlar və bu dunya real dünyadan artıqdır. Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə ictimai-fəlsəfi bir ucalıqdan baxır və tamaşaçılarla fantasmoqorif ünsiyyət yaradır. Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. Rejissor tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük bir yazıçı kimi, yeni fikirləri ilə tanış edir. Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Rollarda iştirak edirlər: İlqar Musayev (baş həkim) Ülviyyə Rza (həkim) Hüsniyyə Mürvətova (Əməkdar artist)-Sara Bernar Rəşad Kəsəmənli (İosif Stalin) Zülfiyyə Qurbanova (Ər-arvad) Tural Əhməd (Drob 13) Toğrul Rza (veneralı) Elçin Muradov (sanitar) Rəşid Soltanov (I sanitar) Namiq Cavadov (II sanitar) Qeyd edək ki, tamaşaçıların böyük marağına səbəb olan tamaşa Mədəniyyət TV-nin canlı efirində nümayiş olunub.xeber100.com

Aprel 3, 2024 14:31

Türk dünyasının “Turk Discovery” yutub platforması yaradılıb

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” yutub platforması yaradılıb. Fonddan bildirilib ki, genişmiqyaslı layihə türk xalqlarının milli-mədəni sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir. Layihənin rəhbəri tanınmış qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanın komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır. Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir Türk dövlətlərinin Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin məqsədi türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir. Layihəni reallaşdıran komanda hazırda Mahmud Kaşqarinin türk ləhcələrinin toplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edən sənədli film hazırlanır.xeber100.com

Mart 29, 2024 16:16

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq. ICESCO-nun saytı xəbər verir ki, Forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir. Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə ediləcək. Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq, əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər, festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni tədbirlərin keçirilməsi gözlənilir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.xeber100.com

Mart 29, 2024 16:10

Müasir İncəsənət Muzeyində “ETİRAZ” adlı fərdi sərginin açılışı olub

Müasir İncəsənət Muzeyində rəssam Günel Ravilovanın “ETİRAZ” adlı fərdi sərgisinin açılışı olub. Qadın mövzusuna həsr olunan sərginin ekspozisiyasında 40-a yaxın rəngkarlıq və müxtəlif ölçüdə olan qrafik əsərlər tamaşaçılara təqdim olunub. Açılışda çıxış edən Xalq rəssamı, professor Arif Hüseynov bildirib ki, Günel Ravilova əsərlərində daha çox qadın obrazı və qadın problemlərinə toxunur. "Günel xanım həmişə axtarışda olan bir rəssamdır. Onun özünə aid qrafikaları, rəngkarlıq işləri var. Hər işdə də özünün fəlsəfəsi var. Bu fəlsəfə də odur ki, bütün qadınların problemlərini həll etmək istəyir. Məhz əsərlərində də bunu çox aydın əks etdirir", - deyə A.Hüseynov qeyd edib. Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qadın obrazına həsr olunan bu sərginin çox maraqlı olduğunu deyib. "Azərbaycanda rəssamlara yaxşı şərait yaradılıb. Onlar ictimaiyyətə öz əsərlərini belə sərgilər vasitəsilə göstərə bilirlər. Bu çox önəmlidir. Günel xanımın özünəməxsus yanaşması və üslubu var", - deyə deputat diqqətə çatdırıb. Sonra çıxış edən Günel Ravilova hər dəfə əsərlərində qadın mövzusuna toxunduğunu vurğulayaraq deyib: "Mən əsərlərimdə qadın həyatını, yaşadığı dövrü, sevgisini göstərməyə çalışıram. İşlərimə baxdığınızda görəcəksiniz ki, əsərlər həyat tərzidir, danışan əsərlərdir, hamısında nələrisə deməyə çalışmışam". Rəssamı narahat edən problemlərdən ən başlıcası cəmiyyətdə qadınlara qarşı doğulduğu andan münasibətlə bağlıdır. Cəmiyyətdə daimi təzyiq və qadınlara qoyulan sərhədlər səbəbindən mübarizə aparmaq çox çətinləşir və bununla qorxular yaranır. Ailə qurmamaq, müəyyən yaşa qədər layiqli ailə qurmağa vaxt tapmamaq, sosial statusuna uyğun olmayan bəy seçmək, hətta ömrünü tək keçirmək qorxusu - bütün bu inanclar nəsildən-nəslə keçir, çünki bütün bu çətinliklərdən keçmiş, qızlarını qorumağa çalışan analar özləri də istəmədən qorxularını onların üzərinə qoymağa başlayırlar.xeber100.com

Mart 1, 2024 14:30

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions” müsabiqəsi keçiriləcək

Dünyanın ən nüfuzlu festivallarından olan Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulmuş “Young Lions” müsabiqəsi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda keçiriləcək. Nazirlikdən bildirilib ki, “Young Lions” müsabiqəsi film, rəqəmsal, dizayn, print, media olmaqla bir çox kateqoriyalar üzrə həyata keçirilir. Azərbaycanda keçiriləcək növbəti “Young Lions” müsabiqəsində isə komandalar “Film”, “Dizayn” və “Print” olmaqla, üç kateqoriya üzrə mübarizə aparacaqlar. 1995-ci ildən bəri dünyanın müxtəlif ölkələrində təşkil olunan bu müsabiqə 30 yaşadək yaradıcı şəxslərin komanda şəklində qatılması üçün nəzərdə tutulub. Müsabiqəyə müraciət etdikdən dərhal sonra veriləcək xülasəyə əsasən təyin olunmuş müddət ərzində dolğun şəkildə izah ediləcək çalışmalar göndərilməlidir. Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. “Print” kateqoriyası üzrə xülasə “SOCAR Polymer”, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyi və “Dizayn” kateqoriyası üzrə xülasə isə “Code Academy” tərəfindən komandalara təqdim olunacaq. Qeydiyyat 2024-cü il martın 27-dək qüvvədədir və müsabiqədə iştirak etmək üçün artıq 40-dan çox komanda qeydiyyatını tamamlayıb. “Young Lions” Azərbaycan müsabiqəsinin qalib komandaları (3 komanda) cari ilin iyun ayında Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaq. Bu vasitə ilə Azərbaycanın yaradıcı gəncləri də öz istedadlarını bütün dünyaya nümayiş etdirmək şansı qazana bilərlər. Həmin müsabiqə çərçivəsində ölkəmizi təmsil edəcək komandalar digər ölkələrin “Young Lions” qalibləri ilə yarışacaqlar. Müsabiqənin mükafatlandırılma mərasimi aprelin 13-də Nizami Kino Mərkəzində baş tutacaq. Qeydiyyatdan keçən komandalar ödənişsiz olaraq spikerlərin çıxışlarını dinləmək və tədbirə qoşulmaq imkanlarını əldə edəcəklər.  

Mart 1, 2024 14:21

Bakı Bələdiyyə Teatrı “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə 28 fevral tarixində “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) Mədəniyyət Mərkəzində keçirilən layihə Azərbaycan Milli Konservatoriyasının xor ansamblının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. İlk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edib. Kulturoloq Fuad Məmmədov və Minəxanımın Əsədova Qarabağ mədəniyyəti mövzusunda çıxış edərək gənclərə Qarabağ barəsində maraqlı faktları çatdırıblar. Tədbirin bədii hissəsi Bakı Bələdiyyə Teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası ilə başlayıb. Qeyd edək ki, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb etmişdir. Bu baxımdan da, Natəvanı həm ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim etmişdir. Pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır. Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır. Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Tədbirin bədii hissəsindən sonra “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə layihə barəsində ətraflı məlumat verərək bildirib ki, Qarabağ mədəniyyəti sadəcə olaraq adət-ənənə toplusu deyil, bizi birləşdirən, bizi biz edən hər daşında, hər mahnısında, hər rəqsində tarixinin yaşadığı diyardır. Həmçinin, bu tədbiri keçirməklə Qarabağın zəngin və unikal mədəniyyəti ilə gəncləri  tanış etməkdən qürur duyduğunu qeyd edib. Xalq artisti Könül Xasıyeva, Əməkdar artistlər- Xəyyam Nisanov, İlkin Əhmədov, Elton Hüseynəliyev, xanəndə Rəvan Qocayev, aşıq Qoca Ərəbov, gənc xanəndə Nuray Hacızadə və b. öz ifaları ilə tədbirə rəng qatıblar.xeber100.com  

Fevral 29, 2024 14:44

Teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Yanvarın 22-də  Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Mədəniyyətə dövlət qayğısından danışan nazir Adil Kərimli bildirib ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atılır. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verən insanlar müxtəlif dövlət təltiflərinə, təqaüd və fəxri adlara layiq görülürlər. Bununla belə, müasir dövrün çağırışlarına uyğun olaraq, mədəniyyət sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir. Teatr-tamaşa və konsert müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə, yüksək bədii və estetik dəyərə malik tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Müşavirədə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin, habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə bağlı vətəndaşlara xidmət göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmalı və konkret tədbirlər görülməlidir. Bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi də vurğulanıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.xeber100.com  

Yanvar 24, 2024 11:18

Azərbaycan Milli Xalça Muzeyində açılış mərasimi keçirilib

Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib. Tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova bildirib ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu kimi bir-birindən maraqlı ustad dərsləri, mühazirələr, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılacaq. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək. Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Səfir vurğulayıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar Yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır. Bu gün Çin Yeni il bayramının müxtəlif ölkələrdə keçirilməsi, xüsusilə Bakıda Milli Xalça Muzeyində baş tutması bizi çox sevindirir”, - deyə xanım Qo Min əlavə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün soyuq hava olsa da bu bayramın ürəklərə istilik gətirdiyini qeyd edib. H.Hüseynova bu gün Bakıda Çin bayramının keçirilməsini yüksək qiymətləndirib. Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası komissiyanın ən geniş qrup olduğunu diqqətə çatdıran H.Hüseynova, iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. H.Hüseynova bu cür bayramların il ərzində mütəmadi keçiriləcəyini deyib və tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib. Tədbir iştirakçılarına Çin dilində müraciət edən Rafiq Abbasov onlara yaşıl əjdaha ilinin əfsanəsi barədə məlumat verib. Tədbirdə gənclər və uşaqların təmsil olunduğunu vurğulayan R.Abbasov onların bədii çıxışlarının maraqla qarşılandığını deyib. Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq. Daha sonra ecazkar ölkənin ustad dərsləri və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb. Tədbir bədii hissə ilə davam edib.xeber100.com

Yanvar 24, 2024 11:14