Avstriya hökuməti yeni qərar qəbul edib

Avstriya hökuməti ölkədə fəaliyyət göstərən yeddi məscidin bağlanması barədə qərar qəbul edib.Azərtac xəbər verir ki, bu barədə xəbəri iyunun 8-də Federal Kansler Aparatında keçirilən mətbuat konfransında ölkənin kansleri Sebastian Kurts və vitse-kansler, daxili işlər naziri Haynts-Kristian Ştraxe təsdiqləyiblər.Bildirilib ki, Avstriya İslam Etiqad İcmaları üstqurumuna daxil olan Avstriya Ərəb Etiqad İcması ləğv edilib, icmanın bir neçə imamı ölkəni tərk etməli olacaqlar. İcmaya daxil olan altı məscid, eləcə də Vyanada fəaliyyət göstərən daha bir məscid radikal ekstremist düşüncə tərzini yaymaqda ittiham olunur.Avstriya Federal Kansler Aparatında dini məsələlər üzrə məsul nazir Qernot Blümel açıqlamasında bildirib ki, Avstriya İslam Etiqad İcmaları tərəfindən leqal sayılmayan bu icmanın ləğv edilməsi ölkədəki mövcud İslam Qanununun tələbləri əsasında baş tutub.Avstriya İslam Etiqad İcmaları tərəfindən məsələyə rəsmi açıqlama verilməyib və iyunun 9-da təşkilatın Ali Şurasının iclasında məscidlərin bağlanması məsələsinə baxılacağı gözlənilir.Bəzi müstəqil ekspertlər isə məscidlərin bağlanmasının məhz Ramazan ayında və Türkiyədə parlament seçkiləri ərəfəsində baş verməsini hökumət tərəfindən atılmış populist addım kimi dəyərləndiriblər. Avstriya Yaşıllar Partiyasının Avropa Parlamentində nümayəndə heyətinin həmsədri Mişel Reymon isə bildirib ki, Avstriyanın federal kansleri Sebastian Kurtsa öz anti-İslam kampaniyası üçün güclü türk prezidenti düşmən obrazı kimi çox lazımlıdır və buna görə də hökumət bu addımı düşünülmüş şəkildə indiki vaxta təyin edib.xeber100.com

İyun 8, 2018 4:22

Fransa Kvebekdə keçiriləcək G7 sammitində

ABŞ-la fikir ayrılıqları öz həllini tapmayana qədər Fransa iyunun 8-9-da Kvebekdə keçiriləcək G7 sammitində qrup ölkələrinin birgə bəyannaməsini imzalamayacaq.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Bloomberg agentliyinə Fransa Prezidenti Emmanuel Makron administrasiyasının adının çəkilməsini istəməyən nümayəndəsi bildirib. Onun verdiyi məlumata görə, Fransa Prezidentinin birgə bəyannaməni imzalaması üçün İranla nüvə sazişi, ABŞ-ın Avropa İttifaqından, Kanadadan və Meksikadan alüminium və polad ixracına tətbiq etdiyi gömrük rüsumları, həmçinin iqlim üzrə Paris sazişi kimi əsas məsələlərdə razılıq əldə olunmalıdır.Makronun fikrincə, “Yeddilər” qrupunun digər ölkələri – Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İtaliya və Kanada ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarına qarşı birlikdə çıxış etməlidir.Qeyd edək ki, Fransa Prezidenti G7 sammitindən iki gün öncə Kvebekə gələrək Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb. Fransa və Kanada liderləri əsas beynəlxalq problemlərin həllində “çoxtərəfli yanaşmadan” istifadə olunmasının vacibliyini vurğulayıblar. Trüdo, həmçinin Vaşinqtonun Avropa, Kanada və digər xarici tərəfdaşlarına qarşı başladığı ticarət qarşıdurması səbəbindən qarşıdakı sammitdə Trampla “çətin müzakirələrin” gözləndiyini deyib.xeber100.com

İyun 7, 2018 4:05