Rusiya Prezidenti Federal Məclisə müraciətlə çıxış edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətlə çıxış edib. Bu il Rusiya liderinin çıxışı 1 saat 55 dəqiqə davam edib.Azərtac xəbər verir ki, müraciətin birinci hissəsi Rusiyanın sosial-iqtisadi inkişafı məsələlərinə, ikinci hissəsi isə hərbi müdafiə və beynəlxalq təhlükəsizlik mövzusuna həsr olunub.Ölkədaxili məsələlərdən danışan V.Putin Rusiyanın texnoloji sıçrayışa hazır olduğunu, dinamik inkişaf üçün yeni ideyalara və təşəbbüslərə açıq olmağın vacibliyini qeyd edib. Prezident yaxın illərdə yoxsulluğun azaldılması, adambaşına düşən ÜDM-in artırılması, iqtisadiyyatın artım sürətinin yüksəldilməsini əsas istiqamətlər kimi müəyyənləşdirib.Rusiya Prezidenti ölkədə hərbi sənayenin inkişafından da danışıb. O bildirib ki, Rusiya raketdən müdafiə sistemlərinin qeydə ala bilmədiyi və ballistik trayektoriyadan istifadə etməyən strateji silah növlərinin, yüksək dəqiqliyə malik hipersəs aviasiya-raket kompleksinin, qitələrarası “Smart” ballistik raketlərinin, məhdudiyyətsiz hərəkət radiusu və əvvəlcədən müəyyən edilməyən uçuş trayektoriyası olan nüvə enerjili qanadlı raketlərin istehsalına başlayır. Rusiya Prezidenti, həmçinin ölkəsində dərin sularda qitələrarası məsafəni çox böyük sürətlə qət edən bilən sualtı pilotsuz qayıqların hazırlandığını bildirib. Eyni zamanda, Rusiya dövlətinin başçısı qeyd edib ki, ölkənin artan hərbi gücü heç kimə qarşı yönəlməyib: “Bizim bu potensialı kiməsə qarşı tətbiq etmək barədə planımız yoxdur. Biz heç kimi hədələmirik, heç kimdən nəsə qoparmaq fikrində deyilik”.Xatırladaq ki, bu il Rusiya Prezidenti Federal Məclisə müraciətini Kremldə deyil, “Manej” Mərkəzi Sərgi Salonunda ünvanlayıb. Daha bir yenilik isə müraciətin video-slaydlarla müşayiət olunmasıdır. Bunun üçün salonda böyük ekranlar quraşdırılıb. Tədbirdə iştirak etmək üçün 705 jurnalist akkreditasiya olunub. Rusiya Prezidenti ildə bir dəfə Federal Məclisin hər iki palatasına müraciətlə çıxış edir.xeber100.com

Mart 1, 2018 12:04

KXDR-ə qarşı sanksiyalar sərtləşdirilib

Avropa İttifaqı KXDR-ə qarşı ticarət məhdudiyyətlərinin gücləndirilməsi və şimali koreyalı işçilərin geri göndərilməsi də daxil olmaqla sanksiyaları sərtləşdirib. TASS informasiya agentliyi xəbər verir ki, bu, Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində yayılan bəyanatında bildirilir.Yeni tədbirlər KXDR-ə bütün növ neft məhsullarının kommersiya ixracatına tam qadağa qoyulmasını, həmçinin Aİ ölkələri tərəfindən humanitar ehtiyaclar üçün Pxenyana göndərilə biləcək yanacağın maksimal həcminin ildə 2 milyon bareldən 500 min barelə qədər azaldılmasını nəzərdə tutur. Avropa İttifaqı KXDR-dən bütün növ qida və kənd təsərrüfatı məhsullarının, həmçinin daş və taxta idxalını tam qadağan edib. Eyni zamanda, bu ölkəyə bütün növ sənaye avadanlıqlarının, yük maşınlarının, həmçinin dəmir, polad və onların ərintilərinin və digər metalların ixracı qadağan olunub.Aİ Şurası, həmçinin 24 ay ərzində Avropa İttifaqı ölkələrində müqavilə üzrə işləyən bütün KXDR vətəndaşlarının repatriasiyası barədə qərar qəbul edib.Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın 2017-ci il noyabrın 29-da keçirdiyi qitələrarası raket sınağına cavab olaraq dekabrın 22-də bu ölkəyə qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirən qətnamə qəbul edib. Sənəd Pxenyana xam neftin və neft emalı məhsullarının çatdırılmasına yeni məhdudiyyətlər qoyur, həmçinin 24 ay ərzində bütün koreyalı işçilərin vətənlərinə göndərilməsini tələb edir. Bu tədbirlərin Pxenyanı nüvə silahının sonrakı inkişafı və onun çatdırılması imkanlarından məhrum edəcəyi gözlənilir.xeber100.com

Fevral 26, 2018 3:53