“Save the Children” qeyri-hökumət təşkilatının hesabatında

Dünyada münaqişə zonalarında böyüyən uşaqların sayı getdikcə artmaqdadır. Bu barədə məlumat beynəlxalq “Save the Children” qeyri-hökumət təşkilatının hesabatında yer alıb.Azərtac xəbər verir ki, hesabatda Yer kürəsində təxminən 357 milyon uşağın, yəni, hər altı uşaqdan birinin böhran və müharibə regionlarında yaşadığı qeyd olunub. Bu isə ötən əsrin 90-cı illərinin əvvəli ilə müqayisədə 75 faiz artım deməkdir.Hesabatı təqdim edən təşkilatın rəhbəri, Danimarka hökumətinin keçmiş rəhbəri Helle Torning-Şmidt bildirib ki, dünyanın bir sıra regionlarında ölüm, işgəncə, cinsi zorakılıqla qarşılaşmalı olan uşaqların evləri, məktəb və oyun sahələri bu gün döyüş meydanlarına çevrilib. Hesabatda qeyd edilən uşaqların tam yarısı xüsusilə ağır münaqişə zonalarında (Suriya, Əfqanıstan, Somali) yaşayırlar. Fiziki və cinsi zorakılıqla yanaşı, uşaqların əsgər kimi müharibələrə səfərbər edilməsi də ən acınacaqlı problemlər sırasındadır.2010-cu ildən bəri münaqişələrdə ölən və ya yaralanan uşaqların sayında 300 faiz artım müşahidə olunub. Bununla yanaşı, döyüşlərin daha çox əhalinin sıx yaşadığı ərazilərdə baş verməsi uşaqlara humanitar yardımların göstərilməsini də çətinləşdirib. Həmçinin silahlı münaqişələrin müddətinin əvvəlki dövrlərlə müqayisədə uzanması vəziyyətin daha da dramatikləşməsinə gətirib çıxarır.1919-cu ildə İsveçrənin Sürix şəhərində yaradılan “Save the Children” qeyri-hökumət təşkilatı dünyada uşaqların hüquqlarını müdafiə edən ən böyük müstəqil qurumlardan biridir.xeber100.com

Fevral 15, 2018 3:39

Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon söhbətində ikitərəfli münasibətlər və Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.Azərtac Krallığın KİV-lərinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı aparılan “Zeytun budağı” əməliyyatının gedişi barədə Səudiyyə Kralını məlumatlandırıb. Hər iki ölkənin liderləri Suriyanın ərazi bütövlüyünə ehtiramlarını bildirərək, böhranın siyasi vasitələrlə nizamlanmasının vacibliyini, bu məsələdə birgə səylərin və əməkdaşlığın zəruriliyini qeyd ediblər.Səudiyyə Ərəbistanı Kralı Suriya böhranı ilə bağlı Cenevrə prosesini və beynəlxalq səyləri dəstəklədiyini bildirib. Prezident Ərdoğan, öz növbəsində, qeyd edib ki, Astana prosesi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresi Cenevrə danışıqlarının ayrılmaz hissəsidir. Dövlət başçıları ikitərəfli münasibətləri daha da möhkəmləndirmək əzmində olduqlarını təsdiqləyərək qeyd ediblər ki, Səudiyyə Vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə qarşıdakı səfəri ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.xeber100.com

Fevral 14, 2018 3:14