Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon söhbətində ikitərəfli münasibətlər və Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.Azərtac Krallığın KİV-lərinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı aparılan “Zeytun budağı” əməliyyatının gedişi barədə Səudiyyə Kralını məlumatlandırıb. Hər iki ölkənin liderləri Suriyanın ərazi bütövlüyünə ehtiramlarını bildirərək, böhranın siyasi vasitələrlə nizamlanmasının vacibliyini, bu məsələdə birgə səylərin və əməkdaşlığın zəruriliyini qeyd ediblər.Səudiyyə Ərəbistanı Kralı Suriya böhranı ilə bağlı Cenevrə prosesini və beynəlxalq səyləri dəstəklədiyini bildirib. Prezident Ərdoğan, öz növbəsində, qeyd edib ki, Astana prosesi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresi Cenevrə danışıqlarının ayrılmaz hissəsidir. Dövlət başçıları ikitərəfli münasibətləri daha da möhkəmləndirmək əzmində olduqlarını təsdiqləyərək qeyd ediblər ki, Səudiyyə Vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə qarşıdakı səfəri ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.xeber100.com

Fevral 14, 2018 3:14

Misir prezidentinin administrasiyası yeni paytaxtına köçürüləcək

Misir prezidentinin administrasiyası və hökuməti ölkənin tikilməkdə olan inzibati paytaxtına köçürüləcək.Azərtac xəbər verir ki, Misirin MENA informasiya agentliyinin yaydığı məlumata əsasən, bunu layihənin rəhbəri Əhməd Zəki Abdin jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət rayonunun salınması planlaşdırılan ərazidə tikinti işləri artıq başlayıb. Hökumət müəssisələri yeni administativ paytaxta 18 ay müddətində köçürüləcək. Bu, ilk növbədə prezident dəftərxanasına, Nazirlər Kabinetinə, parlamentə aiddir.Hökumət məhəlləsinin tikintisinə 35 milyard Misir funtu (iki milyard ABŞ dollarına yaxın) vəsait qoyulması planlaşdırılır. Eyni zamanda, yeni paytaxta gələn əməkdaşlar üçün yaşayış məhəllələri salınacaq və onlar burada güzəştli şərtlərlə mənzil ala biləcəklər.Yeni inzibati paytaxt Qahirədən 45 kilometr şərqdə səhrada salınacaq. Bu, əhalisi 20 milyon nəfər olan meqapolisin yükünün azaldılması ilə bağlıdır. Nazirlik və idarələrin, parlamentin, prezident administrasiyasının, ali təhsil müəssisələrinin, diplomatik nümayəndəliklərin yerləşəcəyi yeni paytaxtın ərazisi 700 kvadratkilometr təşkil edəcək. Burada yeddi milyon insanın məskunlaşacağı gözlənilir. Layihənin birinci növbəsinin dəyəri 45 milyard dollardır və hökumətin ilkin planına əsasən, bu mərhələ 2020-ci ilədək reallaşmalıdır.Bir müddət əvvəl Çinin China State Construction Engineering Corporation dövlət mühəndis-tikinti korporasiyası ölkənin yeni inzibati paytaxtında infrastruktur obyektlərinin tikintisi üçün Misir hökuməti ilə 2,7 milyard dollarlıq saziş imzalayıb.xeber100.com

Fevral 2, 2018 3:52