BMT dünya ölkələrini yardım etməyə çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş şənbə günü Pakistanın daşqınlardan zərər çəkmiş Sind əyalətinə gedib və dünya ölkələri tərəfindən İslam respublikasına yardım göstərilməsinin vacibliyini qeyd edib.Baş katibin bununla bağlı bəyanatı Geo TV telekanalının efirində yayımlanıb.“BMT-nin Pakistan üçün etdiyi lazım olanın edilməsi fonunda dəryada bir damladır. Biz öz imkan və resurslarımızın məhdud olmasının fərqindəyik. Lakin siz qəti əmin ola bilərsiniz: biz Pakistan xalqı ilə tam həmrəyik”, - deyə Antonio Quterreş vurğulayıb.O, Pakistanda baş verən fəlakət barədə dünya ölkələrinin məlumatlığını artırmaq üçün səy göstərəcəyini bildirib və beynəlxalq ictimaiyyəti İslamabada təcili yardım etməyə çağıraraq deyib: “Bu, səxavətlilik yox, ədalətlilik məsələsidir”.Pakistanın təbii fəlakətlərlə mübarizə üzrə Milli idarəsinin məlumatına əsasən, daşqınlar nəticəsində iyunun ortalarından bəri 1396 nəfər həlak olub, 12 min 728 sakin xəsarət alıb, 1 milyon 743 mindən çox bina zədələnib. Ölkəyə dəyən zərərin miqdarının 10 milyard dollardan xeyli çox olduğu bildirilir.Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan qardaş və dost ölkə olan Pakistana 2 milyon dollar humanitar yardım ayırıb. Pakistan xalqının köməyinə birincilər sırasında çatanlar arasında Türkiyə də var.xeber100.com

Sentyabr 10, 2022 2:54

G7 xarici işlər nazirlərinin görüşü Karuizavada keçiriləcək

Gələn ildən “Böyük Yeddilik” (G7) ölkələrinə rəhbərlik edəcək Yaponiya hökuməti bu qurumun xarici işlər nazirlərinin görüşünün gələn ilin aprelində Naqano prefekturasının Karuizava kurort şəhərində keçirilməsini planlaşdırır.Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Həmçinin G7 liderlərinin sammitinin 2023-cü ilin aprelində Hiroşimada təşkil olunacağı da qeyd edilir.Bildirilir ki, diplomatik idarələrin rəhbərlərinin görüşünün əvvəlcə Narada keçirilməsi nəzərdə tutulurdu. Lakin cari ilin iyulunda sabiq Baş nazir Şinzo Abe bu şəhərdə qətlə yetirildikdən sonra təhlükəsizlik baxımından həmin plandan imtina edilib.Kauizava şəhəri isə paytaxt Tokioya yaxın yerləşməsi, buraya sürətli qatarlarla cəmi bir saatdan bir qədər çox vaxt sərf etməklə çatmağın mümkünlüyü və beynəlxalq tədbirlərin təşkilində təcrübəyə malik olması nəzərə alınaraq seçilib. Həmçinin bu şəhər 2016-cı ildə G7 ölkələrinin nəqliyyat nazirlərinin və 2019-cu ildə G20 ölkələrinin ətraf mühit və energetika nazirlərinin görüşlərinə ev sahibliyi edib.Bununla yanaşı, G7 ölkələri maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşünün Yapon dənizi sahillərində yerləşən Niiqata prefekturasında keçiriləcəyi də qeyd olunur.xeber100.com

Avqust 29, 2022 9:58

İtaliyada seçki kampaniyaları davam edir

Sentyabrın 25-də keçiriləcək növbədənkənar ümumi seçkilərdən öncə İtaliya siyasətində sağ və sol cəbhədə seçki kampaniyaları davam edir.Keçirilən rəy sorğularına əsasən, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası birinci, Enriko Lettanın rəhbərlik etdiyi mərkəz sol alyans - “Demokrat Partiya” isə ikinci yerdədir.G.Meloni hakimiyyətə gələcəkləri təqdirdə, antidemokratik keçidin və avtoritarizmə qayıdışın olmayacağını, partiyasının NATO və Avropa İttifaqı yönümlü mövqeyinin davamlı olduğunu qeyd edib. E.Letta isə G.Meloninin xarici siyasətdə imicini dəyişmək istədiyini bildirib.Müxtəlif rəy sorğularına görə, “İtaliya Qardaşları” Partiyası 23-25 faiz civarında, “Demokrat Partiya” isə 22-24 faiz səsə malikdir. Sağ mərkəzçi ittifaqda olan “Liqa” partiyası 12-14 faiz, “5 Ulduz Hərəkatı” 9-11 faiz, Silvio Berluskoninin rəhbəri olduğu “İrəli İtaliya” Partiyası isə 7-9 faiz səsə sahibdir.Xatırladaq ki, İtaliyada Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökuməti iyulun 21-də koalisiya tərəfdaşı olan üç partiyanın parlamentdə hökumətə verdiyi dəstəyi geri götürməsi ilə dağılıb. İyulun 22-də Baş nazir M.Draqinin istefasından sonra İtaliya Prezidenti Sercio Mattarella parlamenti buraxıb və 2023-cü ilin ilk aylarında planlaşdırılan seçkilərin bu ilin sentyabrında keçirilməsinə qərar verib.xeber100.com

Avqust 11, 2022 12:40

“2023-Müdrik və mərhəmətli türk diplomatiyası” XIII konfransı işə başlayacaq

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Ankara şəhərində “2023-Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayacaq.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, eləcə də konfransa qatılan Azərbaycanın diplomatik nümayəndə heyətinin iştirakı ilə Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri Məzarlığında şəhid türk diplomatların uyuduqları müqəddəs məkan ziyarət edilib.Şəhid diplomatların ruhuna dualar oxunub, məzarları üstünə gül dəstələri düzülüb.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi ziyarətdə Ankaradakı diplomatik nümayəndəliyimiz adından Cəbəci Asri Məzarlığında türk diplomatların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulub.Sonra konfrans iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.Anıtqəbir önünə əklil qoyulub, nazir Mövlud Çavuşoğlu “Xatirə kitabı”nı imzalayıb.Xatırladaq ki, xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri 1973-1984 illərdə erməni terror təşkilatları tərəfindən genişmiqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədyönlü şəkildə və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda çoxsaylı və ağır nəticələrə səbəb olan terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad edilib. Bəzi hallarda türk diplomatlara qarşı törədilən terror cinayətinin üstü açılmayıb. Təəssüf doğuran daha bir məqam odur ki, Ermənistan həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam edir.xeber100.com

Avqust 8, 2022 7:09