Böyük Britaniya hökuməti dünyanın ən böyük sahilyanı külək elektrik stansiyasının tikintisinə icazə verib. Vestifinance.ru saytı xəbər verir ki, “Hornsea Project Two” adlı bu elektrik stansiyasının gücü 1,8 qiqavatt olacaq. 200 turbindən ibarət yeni stansiya İngiltərənin şimal-qərbində Yorkşir yaxınlığında inşa olunacaq və 1,8 milyon evi elektrik enerjisi ilə təmin edəcək. Bundan başqa, layihə tikinti sektorunda 2 minə yaxın, təmir və texniki xidmət sahəsində isə 560 iş yeri açmağa imkan verəcək. “The Guardian” qəzeti Britaniya hökumətinin bu qərarı “Hinkley Point C” adlı yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı yaranmış qeyri-müəyyənlik fonunda verdiyinə diqqət çəkir. Belə ki, Britaniyanın Baş naziri Tereza Mey AES-lə bağlı qərarı payızadək təxirə salıb.