Yaponiya hökuməti seçkilərin keçirilməsi barədə qərar qəbul edib

Yaponiya hökuməti parlamentin aşağı palatasının buraxılması və vaxtından əvvəl ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul edib.Azərtac xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin oktyabrın 14-də səhər saatlarında keçirilən iclasında qəbul edilib. Parlamentin aşağı palatasının buraxılması barədə təklif Baş nazir Fumio Kişida tərəfindən irəli sürülüb. Bu təklif hökumət üzvləri tərəfindən qəbul olunub. Yaponiya Konstitusiyasına əsasən, parlamentin aşağı palatasının buraxılması barədə təklif İmperator Naruhito tərəfindən də təsdiq edilməlidir.Bundan bir neçə saat sonra toplanacaq aşağı palata buraxılmış elan olunacaq. Həmin elandan sonra yenidən toplanan Nazirlər Kabineti parlament seçkilərinin tarixini elan edəcək.Qeyd edək ki, Yaponiya parlamentinin aşağı palatasına əvvəlki seçkilər 2017-ci il oktyabrın 22-də keçirilib. Buna görə də deputatların dörd il davam edən səlahiyyət müddəti oktyabrın 21-də başa çatır. Bu ərəfədə F.Kişida seçkilərin oktyabrın 31-də keçiriləcəyini, seçkiöncəsi kampaniyanın isə oktyabrın 19-da başlanacağını elan edib. Hazırda parlamentin aşağı palatasındakı 465 yerdən 305-i hakim Liberal Demokratik Partiyaya (LDP) və onun koalisiya tərəfdaşı Komey-to Partiyasına məxsusdur.Xatırladaq ki, Yaponiya parlamenti oktyabrın 4-də LDP-nin sentyabrın 29-da seçilən yeni lideri Fumio Kişidanı böyük səs çoxluğu ilə ölkənin Baş naziri vəzifəsinə təsdiq edib.xeber100.com

Oktyabr 14, 2021 1:02

İraqda növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. İraqın 40 milyon əhalisinin 24 milyonunun səsvermə hüququ var. İraq parlamentindəki 329 yer uğrunda 3 min 249 namizəd mübarizə aparacaq.Seçkilərlə əlaqədar olaraq İraq hökuməti yüksək təhlükəsizlik tədbirləri həyata keçirib. Polis və xüsusi xidmət orqanlarının nümayəndələri seçki prosesinə qarışmadan məntəqələri ciddi nəzarətə götürüblər. Şübhəli adamlar saxlanılaraq sənədləri yoxlanılır və hər ehtimala qarşı üzərinə baxış keçirilir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq səs verməyə gələnlər tibbi protokola əməl edərək maska taxmalı, əllərini dezinfeksiya etməlidir. Seçicilərin məntəqəyə mobil telefonla da daxil olması qadağan edilib. Paytaxt Bağdadda və digər şəhərlərdəki hava limanları, dəmir yolu vağzalları, eyni zamanda, gömrük-keçid məntəqələri səsvermə başa çatana qədər fəaliyyət göstərməyəcək.Seçkiləri 877 yerli və xarici müşahidəçi izləyəcək, prosesi 300-dən çox yerli və xarici mətbuat nümayəndəsi işıqlandıracaq.Səhər saatlarında İraq Prezidenti Bəhram Salehi Bağdadın “Yaşıl vadi” deyilən rayonunda təşkil olunan seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib. Mətbuat nümayəndələrinə qısa açıqlama verən Prezident nəzərə çatdırıb ki, növbədənkənar parlament seçkiləri İraq xalqının tələbi idi. O bildirib ki, ölkəsinin gələcəyini düşünən hər bir səsvermə hüququ olan iraqlı seçkidə iştirak etməlidir.İraqın Baş naziri Mustafa Əl-Kazimi də səsvermədə iştirak edib. O da səsvermədən sonra mətbuata açıqlama verərək bildirib ki, bu parlament seçkiləri fövqəladə vəziyyət rejimində keçirilməyən ilk seçkidir.xeber100.com  

Oktyabr 10, 2021 8:58