Pilotlar tətilə başlayır

“Skandinaviya Hava Yolları” (SAS) aviaşirkətinin rəhbərliyi həmkarlar ittifaqının pilotlar üçün tələb etdiyi yay məzuniyyətləri cədvəlindəki dəyişikliklərlə əlaqədar problemi məqbul şəkildə həll edə bilməyib. İsveç KİV-lərinin yaydığı xəbərə görə, buna cavab olaraq SAS-ın Norveç bölməsinin əməkdaşları iyunun 9-dan tətilə başlayacaqları barədə xəbərdarlıq ediblər. Tərəflər arasında razılıq əldə olunmasa, 435 norveçli pilot bu gündən etibarən işini dayandıracaq. Verilən məlumata görə, bu pilotlar əsas etibarilə yaxın və orta məsafəli aviareyslərdə çalışırlar. İsveçin də 400 aviasiya pilotu norveçli həmkarlarına qoşulmağa hazır olduqlarını bildiriblər. Artıq bir həftədir ki, onlar iş vaxtından çox çalışmaqdan imtina ediblər, iyunun 10-dan isə tətilə başlayacaqları ilə hədələyirlər. Yerli KİV-lərin yazdığına görə, pilotların tətili həm daxili, həm də beynəlxalq aviareyslərə təsir göstərə bilər. SAS-ın Norveç və İsveç bölmələri pilotlarının tətili Danimarka ilə aviareyslərə də müəyyən təsir göstərəcək. Amma SAS-ın bu ölkədəki bölməsinin pilotları qonşu ölkələrdəki həmkarlarının aksiyasını dəstəkləmək niyyətində deyillər. SAS şirkətinin nümayəndəsi Anna Vibeke Nilsen jurnalistlərə müsahibəsində bildirib ki, aviaşirkətin rəhbərliyi tətilin qarşısının alınacağına ümid bəsləyir. O deyib: “Hazırda Norveç pilotlarının iki həmkarlar ittifaqı ilə danışıqlar aparılır. Biz vasitəçilərin köməyi ilə razılaşma əldə etməyə ümid bəsləyirik”. Qeyd edək ki, SAS şirkəti Skandinaviyanın ən iri və aparıcı aviaşirkətidir. Onun səhmdarları həm özəl şirkətlər, həm də Danimarka, Norveç və İsveç hökumətləridir.xeber100.com

İyun 9, 2016 3:14

NATO təlimlərə başlayır

Bu gün Polşada bu respublikanın tarixində ən genişmiqyaslı hərbi təlimlər – NATO-nun “Anakonda” təlimləri başlanır. Manevrlərin rəsmi açılış mərasimi Polşa paytaxtındakı Milli Müdafiə Akademiyasında keçiriləcək. Polşa Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Anakonda-16” təlimlərində rekord sayda dövlət və əsgər iştirak edəcək. Manevrlərə 24 ölkədən 31 min əsgər, o cümlədən Polşadan 12 min, ABŞ-dan 10 min, Böyük Britaniyadan minə yaxın hərbi qulluqçu cəlb ediləcək. Təlimlərdə 3 min vahid hərbi texnika, o cümlədən tanklar və zirehli transportyorlar, yüzdən artıq təyyarə və helikopter, 12 gəmi tətbiq olunacaq. Manevrlər Polşanın bütün poliqonlarında keçiriləcək. Polşa Müdafiə Nazirliyi bildirib: “Bu təlimlərin məqsədi qarışıq təhdidlər yaranması şəraitində birgə müdafiə əməliyyatı çərçivəsində milli komandanlıqla koalisiya komandanlıqlarının qarşılıqlı fəaliyyətini möhkəmlətməkdir”. “Anakonda” təlimləri çərçivəsində planlaşdırılan “Çevik cavab” (Swift Response) manevrləri zamanı ABŞ-dan Avropaya desant endiriləcək. Amerikanın Şimali Karolina ştatından olan hərbçilər Olştın və Torun yaxınlığındakı Polşa poliqonlarında yerə enəcək, sonra isə Polşada və qonşu ölkələrdə təlim vəzifələrini yerinə yetirməyə başlayacaqlar.xeber100.com

İyun 6, 2016 3:33