Gürcüstanda 9 may Qələbə gününün 71-ci ildönümünə həsr olunan tədbirlər keçirilib

Bu gün Gürcüstan paytaxtında, həmçinin ölkədəki bütün bölgələrdə faşizm üzərində 9 may Qələbə gününün 71-ci ildönümünə həsr olunan tədbirlər keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və parlament üzvləri müxtəlif vaxtlarda Tiflisdəki Vake parkındakı naməlum əsgərin qəbrini ziyarət edib, əklil və gül dəstələri qoyublar. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı Mədəniyyət Evində müharibə veteranları ilə də görüş keçirilib. Tədbirdə Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili, rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev çıxış edərək faşizm üzərində qələbənin 71-ci ildönümü münasibəti ilə tədbirdə iştirak edən müharibə veteranlarını təbrik edib, onlara cansağlığı arzulayıblar. Tədbirdə qələbə şərəfinə tort kəsilib və veteranlara bayram sovqatları təqdim edilib. Görüşdə “Əsgər atası” filmi nümayiş etdirilib. Marneulidə qələbənin 71-ci ildönümünə həsr olunan tədbirdən sonra simvolik olaraq 1941-1945-ci illərdə II Dünya Müharibəsində istifadə olunan hərbi minik maşınlarının Marneulinin Rustaveli küçəsi boyu nümayişi keçirilib. Minik maşınlarını alman və rus zabitləri forması geyinmiş zabitlər idarə edib. Tədbirə azərbaycanlı müharibə veteranları, rayon rəhbərliyi də qatılıb. Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili APA-ya açıqlamasında Gürcüstanda 2 mindən çox, Marneulidə isə cəmi 17 müharibə veteranı yaşadığını bildirib. Qubernator bu gün bütün veteranlara hökumətin qərarı ilə 600 lari və  ailə başçısını itirmiş ailələrə isə 300 lari məbləğində yardım ayrıldığını qeyd edib.xeber100.com

May 9, 2016 1:14

“RİA Novosti”nin verdiyi məlumata görə…

Yaponiya və Rusiya sülh müqaviləsi danışıqları üzrə yeni yanaşma axtarmaq barədə razılığa gəlib. “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə bir neçə gün əvvəl Yaponiya baş naziri Sindzo Abe və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşü şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa bəyan edib. Yaponiya mətbuatı Sindzo Abenin V. Putinlə görüşdə sülh danışıqları ilə paralel olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıqla əlaqədar 8 bənddən ibarət plan irəli sürdüyünü yazıb. Y. Suqa deyib ki, danışıqlarda irəliləyişə nail olmaq üçün danışıqlar köhnə ideyalar deyil, yeni yanaşma əsasında davam etdiriləcək. Y. Suqa bu dəfə danışıqlarda iki dövlətin fikirlərinin deyil, qlobal nöqteyi-nəzərin də diqqətə alınacağını qeyd edib. Bu yanaşmaya əsasən iyun ayında Tokioda Rusiya və Yaponiya arasında sülh müqaviləsi ilə bağlı məsləhətləşmələrin növbəti raundu keçiriləcək. Bununla belə, Y. Suqa Yaponiya hökumətinin Kuril adalarının – İturup, Kunaşir, Şikotan və Xabomai adalarının qaytarılması, daha sonra sülh müqaviləsinin bağlanması barədə əvvəlki mövqeyinin dəyişmədiyini vurğulayıb. Qeyd edək ki, Yaponiyaya məxsus olmuş bu adalar İkinci Dünya Müharibəsində SSRİ tərəfindən alınıb və İkinci Dünya Müharibəsindən sonra aparılan danışıqlara baxmayaraq, SSRİ ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Yaponiya adaların geri qaytarılmasını, daha sonra sülh müqaviləsinin imzalanmasını istəyib. SSRİ-nin parçalanmasından sonra isə Rusiya və Yaponiya arasında sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir. Rusiya adalardan ikisinin qaytarılmasına razı olsa da, Yaponiya adaların hamısının qaytarılmasını, daha sonra sülh müqaviləsinin bağlanılmasını zəruri sayır.xeber100.com

May 9, 2016 1:02

Parlament seçkiləri iyulun 2-nə təyin edilib

Avstraliyanın Baş naziri Malkolm Ternbull federal parlamentin buraxıldığını və yeni seçkilərin iyulun 2-nə təyin olunduğunu elan edib. Kanberrada jurnalistlərin suallarını cavablandıran hökumətin başçısı deyib: “Mən general-qubernatordan parlamentin hər iki palatasının mayın 9-da buraxılmasını və iyulun 2-də yeni seçkilərin keçirilməsini xahiş etmişəm”. Avstraliyanın hazırkı hökumətinə 2013-cü il seçkilərində qalib gəlmiş Liberal-Milli Koalisiya (LMK) rəhbərlik edir. Əvvəllər rabitə naziri olmuş M.Ternbull ötən ilin sentyabrında partiyadaxili çevriliş edərək sabiq Baş nazir Toni Abbotu bu vəzifədən uzaqlaşdırıb. Bu hadisədən sonra LMK-nın reytinqi kəskin şəkildə artıb. 2015-ci ilin sonunda keçirilən müxtəlif sorğuların nəticələrinə görə, Baş nazirin fəaliyyətini respondentlərin 65 faizi dəstəkləyirdi. Lakin ötən müddətdə M.Ternbullun rəhbərlik etdiyi hakim koalisiya üstünlüyü əldən vermiş və bu, müxalifətdə olan Leyborist Partiyasına onunla bərabərləşməyə imkan yaratmışdı. “Galaxy Poll” sorğu mərkəzinin son məlumatına əsasən, iki aparıcı siyasi təşkilatdan hansına üstünlük verdiyi barədə rəyi soruşulanların 50 faizi LMK-nı, qalan 50 faizi isə leyboristləri dəstəkləmişdi. Avstraliyada seçkilər üç ildən bir keçirilsə də, onun dəqiq vaxtını hökumət müəyyənləşdirir. Adətən seçkilərin nəticələrinə görə nümayəndələr palatası tam tərkibdə (150 qanunverici), yuxarı palata isə 50 faiz (76 qanunvericidən 38-i) yenilənir. Lakin bu dəfə Baş nazir ölkənin qanunverici orqanının tam tərkibdə buraxıldığını elan edib. Beləliklə, iyulun 2-də keçiriləcək seçkilər zamanı parlamentin hər iki palatasının tərkibi bütünlüklə yenilənəcək.xeber100.com

May 9, 2016 12:11