Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunmasına sərt reaksiya verib.Türkiyə XİN-in saytının verdiyi məlumata görə, bəyanatda deyilir:“Rusiya işğalı altında olan Krımdakı faktiki rəhbərlik tərəfindən bir müddət əvvəl başlanan prosesin yekununda dünən – aprelin 26-da Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunduğu açıqlanıb. Krım Tatar Milli Məclisi soydaşlarımız Krım tatar xalqının hürr iradəsinin ifadəsi olan, demokratik yolla seçilmiş legitim təmsil və qərar orqanıdır. Məclisin fəaliyyətinin qadağan olunması yarımadanın Rusiya tərəfindən qeyri-qanuni şəkildə işğalı və ilhaqından sonra Krım tatarlarının birlik və bütövlüyünü hədəf alan addımların son həlqəsidir. Krım tatarları bu qərarla məruz qaldıqları hədə-qorxu siyasətinə boyun əyməyə və təslim olmağa məcbur edilir. Bu qərarı həm Krım tatar toplumuna qarşı yeridilən sistematik və kollektiv təzyiqin, həm də yarımadada yaşayanların təməl hüquq və azadlıqlarına vurulmaqda olan zərbələrin yeni bir təzahürü olaraq təəssüflə qarşılayır və qınayırıq. Türkiyə Krım tatarlarının haqlı mübarizəsini və Krım tatarlarına qarşı bu tip basqılara son verilməsi cəhdlərini qətiyyətlə dəstəkləməyə davam edəcək”.Qeyd edək ki, Krım Ali Məhkəməsi Krım Tatar Milli Məclisini ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib.xeber100.com

Aprel 27, 2016 12:54

Milli raketdən müdafiə sistemi yaradılır

Türkiyə NATO-ya interqrasiya etmiş milli raket əleyhinə müdafiə (RƏM) sistemini yaradacaq. Faktinfo.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi departamenti rəhbərinin müavini İsmayıl Dəmir “Hürriyet” qəzetinə verdiyi müsahibəsində bildirib.Keçən ilin noyabr ayında Türkiyə rəsmi olaraq RƏM sistemi üçün komponentlərin istehsalı ilə bağlı tenderi ləğv edib. 3,4 milyard dollar dəyəri olan tenderin ləğvinə milli RƏM sisteminin layihəsinin yaradılması barədə qərar səbəb olub.“Biz layihəni yox, tenderin nəticələrini ləğv etmişik. Biz tezliklə yeni mərhələyə keçəcəyik, bu mərhələdə “Roketsan” və “Havelsan” daxil olmaqla yerli şirkətlər iştirak edəcək. Tədricən diapazonu artıraraq biz kiçik, orta və uzaq məsafəli sistemlərin işlənməsini davam edirik.Birbaşa alışlar həyata keçirməyəcəyik, bununla yanaşı tərəfimizdən hazırlanan RƏM sistemi NATO sisteminə inteqrasiya edəcək. Hesab edirik ki, NATO ilə birgə iş prossesi sürətləndirəcək”, – Demir “Hürriyet” qəzetinə bəyan edib.Onun sözlərinə görə, Türkiyənin vəzifəsi müdafiə təyinatlı məmulatların və onun strateji mühüm komponentlərinin 100% yerli istehsalıdır.“Türkiyə müdafiə sənayesini gec inkişaf etdirməyə başlasa da, indi o, 15 milyard dollar həcmində məhsul istehsal edir, bu sahədə 35 min adam işlə təmin edilib”, – Demir deyib.O əlavə edib ki, Türkiyənin müdafiə ixracı hazırda 1,67 milyard dollardan ibarətdir, sahə qarşısında bu rəqəmi yaxın yeddi il ərzində 25 milyard dollara çatdırmaq məqsədi qoyulub.

Aprel 25, 2016 12:36

“Asahi Şimbun” qəzeti yazır…

Yaponiya, Koreya Respublikası və ABŞ nüvə sınağı keçirəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı BMT Təhlükəsizlik Şurasından bu ölkəyə neftin ixracını bütünlüklə dayandırmağı tələb edən yeni qətnamənin qəbulunu tələb edəcəklər. Bu barədə “Asahi Şimbun” qəzeti məlumat yayıb. Nəşrin etibarlı mənbələrə istinadla verdiyi məlumatda bildirilir ki, BMT tərəfindən qəbul ediləcək yeni qətnamədə neftin ixracının tam dayandırılması ilə yanaşı, KXDR-in yeganə “Air Koryo” aviaşirkətinin uçuşlarına da qadağa qoyulacaq. Qəzet, həmçinin qeyd edir ki, Pxenyana qarşı sanksiyaların kəskinləşməsi məsələsində bu üç ölkə Çin və Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir. Bu həftənin əvvəllərində Yaponiya xarici işlər nazirinin müavini Akitaka Sayki, ABŞ dövlət katibinin müavini Entoni Blinken və Koreya Respublikası xarici işlər nazirinin birinci müavini Lim Son Nam Seulda görüşüblər. Görüş zamanı Koreya Respublikası Milli Müdafiə Nazirliyinin KXDR tərəfindən ballistik raketlər üçün nüvə başlığının sınağının hazırlanması barədə məlumatı əsas götürən tərəflər bu ölkəyə təzyiqləri artırmaq barədə razılığa gəliblər. Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurası martın 2-də Pxenyanın keçirdiyi nüvə sınağına və süni peykli raketin orbitə buraxılmasına görə KXDR-ə qarşı sanksiyaların kəskinləşdirilməsi barədə qətnaməni yekdilliklə qəbul edib. Sənəd bu ölkədən kömürün, dəmir filizinin, titanın, vanadiumun və digər əlvan metalların ixracına, həmçinin KXDR-ə aviasiya və raket yanacağının idxalına qadağa qoyub. Bundan əlavə, qətnamə bank sektoruna qarşı sanksiyaları, yüklərin icbari yoxlanılmasını, nüvə və raket proqramı ilə əlaqədar təşkilatlara və şəxslərə qarşı ünvan qadağalarını da nəzərdə tutub.  

Aprel 25, 2016 12:21