BMT-nin Əhali və İnkişaf Komissiyasının 49-cu sessiyası işə başlayıb

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının iqamətgahında BMT-nin Əhali və İnkişaf Komissiyasının 49-cu sessiyası işə başlayıb. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, sessiya iştirakçıları aprelin 15-nə qədər sabit inkişafın əsas indikatoru kimi demoqrafik məlumatın toplanması və təhlili metodlarının təkmilləşdirilməsi məsələsini müzakirə edəcəklər.  BMT-nin baş katibi Pan Gi Mun sessiyanın açılışında bildirib ki, statistik məlumatlar sabit inkişaf proseslərinin bütün insanların maraqlarına uyğun olaraq izlənilməsi üçün son dərəcə əhəmiyyətlidir. O deyib: “İnsanlar siyahıya alınmayanda, onlar yardım almır və zəruri xidmətlərdən istifadə edə bilmirlər. Qarşıya qoyduğumuz heç kəsi unutmamaq məsələsini həll etmək üçün əmin olmalıyıq ki, bütün insanları saymışıq və müvafiq proqramlarda onları nəzərə almışıq”. Bu sessiyada dövlətlərin nümayəndələri əhalinin siyahıya alınması metodları ilə bağlı informasiya mübadiləsi aparacaqlar. Əksər ölkələrdə əhalinin və mənzil fondunun siyahıya alınması yaş qrupları, cinsi əlamət, ailə durumu, təhsil səviyyəsi, məşğulluq növü, etnik mənsubiyyəti, mənzil şəraiti göstəriciləri və digər müvafiq sosial-demoqrafik xarakteristikalar üzrə bölünən əhalinin ümumi sayı haqqında məlumatın yeganə mənbəyidir. Ölkələrin çoxu azı on ildə bir dəfə əhalini siyahıya alır. 2005-2014-cü illərdə dünya əhalisinin 95 faizini əhatə edən 214 ölkədə və ya rayonda əhalinin sayını hesablamaq məqsədi ilə siyahıyaalınma aparılıb. Yalnız 20 ölkədə, o cümlədən Afrikanın 8, Asiyanın 8, Avropanın 2, Latın Amerikasının və Karib hövzəsinin iki ölkəsində siyahıyaalınma aparılmayıb. BMT-nin baş katibi vurğulayıb ki, əhalinin siyahıya alınması məlumatları və onların təhlilinin nəticələri qeyri-bərabərliyə və yoxsulluğa, xəstəliklərə qarşı mübarizə aparmaq üçün, habelə BMT Baş Məclisinin 2015-ci ilin sentyabrında qəbul etdiyi 2030-cu ilədək dövrdə sabit inkişaf sahəsində 17 Məqsədin hamısına nail olmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir.xeber100.com  

Aprel 13, 2016 12:19