Əməkdaşlıq sazişi imzalandı

  Aprelin 4-də İstanbulda Türk Şuras ilə BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisi (UNOSSC)  arasında  Memorandum  imzalanıb. Apa-nın Türkiyə müxbirinin verdiyi məlumatına görə, Memorandumu Türk Şurasının baş katibi Ramil Həsənov və UNOSSC direktoru Jorge Çediyek imzalayıblar. İmza mərasimində çıxış edən Türk Şurasının baş katibi Ramil Həsənov, Şuranın təkcə üzv ölkələrlə deyil, dünya miqyasında çoxtərəfli  əməkdaşlığa önəm verən  ölkə  və qurumlarla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb: ”Bu gün bizim üçün önəmli bir gündür. Çünki Türk Şurası BMT-nin önəmli ofislərindən biri ilə əməkdaşlıq sazişi imzalayır. Fəaliyyət dairəmizi genişləndirmək üçün  bütün planlarımızı qlobal əməkdaşlıq məsələləri üzərində qurmağa çalışırıq.BMT proqramı direktoru bu gün Dubayda başqa bir sazişi imzalayaraq İstanbula gəlib.Bu fakt BMT-nin bizim təşkilatımıza verdiyi önəmi əyani şəkildə göstərir”. UNOSSC ofisinin direktoru Jorge Çediyek isə imza mərasimində Türkiyənin ona doğma bir ölkə  olduğunu və Türk Şurası ilə  Memorandumu    İstanbulda imzalamasının onun üçün simvolik əhəmiyyət daşıdığını  vurğulayıb :”Türk Şurası ilə çox səmərəli və faydalı əməkdaşlıq edəcəyimizə inanıram.BMT-nin bu proqramı 1992-ci ildə dünyanın dəyişən şərtlərində ölkələr və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha da dərinləşdirmək üçün yaradılıb.O vaxt mən Ankarada işləyirdim.Türkiyə mənə son dərəcə doğma bir ölkədir. Türk Şurası ilə imzaladığımız  Memorandum qarşılıqlı əməkdaşlığımızın inkişafına güclü təkan verəcəkdir”. Qeyd edək ki, UNOSSC  ilə imzalanmış Memorandum Türk Şurasının son 3 ayda üçüncü  beynəlxalq təşkilatla imzaladığı  əməkdaşlıq sazişidir.  

Aprel 5, 2016 2:34