Azərbaycan mühüm tərəfdaşdır

Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır. APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bəyan edib. “Azərbaycan sammitdə iştirak etmiş bir çox ölkə kimi artıq bir sıra addımlar atıb. Bəzi ölkələrin yüksək zənginləşdirilmiş uran ehtiyatı var, onlar onu azaltmaq barədə qərara gəliblər. Digər ölkələrdə mülki nüvə obyektləri var, lakin vacib təhlükəsizlik təcrübəsi yoxdur və onlar daha yaxşı təhlükəsizlik praktikasını qəbul ediblər. Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər. Onlar sərhəd məntəqələrində və nüvə materiallarının müəyyən edilməsində bizimlə birgə işləyiblər. Özünün coğrafi  mövqeyinə görə Azərbaycan bu  prosesdə mühüm tərəfdaşdır”, deyə B.Obama bildirib. O, əlavə edib ki, bütün dövlətlər ümumi təhlükənin qarşısının alınması üçün öz töhfələrini əsirgəmirlər. B.Obama bildirib ki, Nüvə Təhlükəsizliyi Sammitinin iştirakçıları təmas qrupunun yaradılmasına dair qərar qəbul ediblər: “Bu qrup birgə səyləri əlaqələndirəcək və bu sahədə ümumi planların icrasına nəzarət edəcək. Təmas qrupuna 30-dan çox ölkənin ekspertləri daxil olacaq. Onlar qərarlarımızın gerçəkləşməsi və əlaqələrimizi qorumaq üçün mütəmadi olaraq görüşəcəklər”. Qeyd edək ki, Vaşinqtonda keçirilən sammit Nüvə Təhlükəsizliyi üzrə son zirvə görüşü olub.

Aprel 2, 2016 6:03

ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Amerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir. Bunu Trend-ə Havay ştatının nümayəndələr palatasında qəbul edilmiş qərarı şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib: "Xatırlatmaq istərdim ki, ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində bu məsələni ABŞ-ın Havay ştatının senatının gündəliyinə gətirməyə çalışsa da, uğursuzluqla üzləşdi. Belə ki, ştat senatı gündəliyə gətirilməsinə cəhd edilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd etdi. Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə etdi və Havay ştat senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırdı". XİN rəsmisi qeyd edib ki, bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının nümayəndələr palatasına üz tutdu: "Bütün bunlar bir daha ona dəlalət edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir".  

Mart 30, 2016 12:10