Yeni hökumətin formalaşdırılması üçün siyasi proses son mərhələyə qədəm qoyub

İtaliyada Baş nazir Cüzeppe Konte istefa verdikdən sonra dövlət başçısı Sercio Mattarella ölkənin aparıcı siyasi düşərgələri ilə yeni hökumətin formalaşdırılması üçün danışıqları yekunlaşdırıb.Azərtac xəbər verir ki, danışıqlar başa çatdıqdan sonra 79 yaşlı dövlət başçısı Parlamentin Aşağı Palatasının sədri Roberto Fikoya parlamentdəki siyasi qruplarla müzakirələr üçün mandat verib. R.Fiko fevralın 2-dək bu danışıqlar çərçivəsində istefa vermiş Baş nazir Cüzeppe Kontenin indiyədək rəhbərlik etdiyi hökuməti dəstəkləyən siyasi qrupların parlamentdə əksər səs çoxluğuna malik olub-olmayacağını müəyyənləşdirməlidir.Ölkə Prezidenti mətbuata verdiyi açıqlamada bildirib ki, onun apardığı üçgünlük danışıqlar əsnasında parlamentdə belə bir imkanın mövcud ola biləcəyi təəssüratı yaranıb. Yanvarın 29-da S.Mattarella C.Konte hökumətinin onurğa sütununu təşkil edən “Beş ulduz hərəkatı”nın təmsilçiləri ilə yanaşı, müxalif düşərgəni özündə birləşdirən mərkəz-sağçı blokun nümayəndələrini qəbul edib.“Beş ulduz hərəkatı“nın nümayəndələri partiyanın C.Kontenin siyasi kursunu dəstəklədiklərini və onu yeni qurulacaq hökumətin başında görmək istədiklərini ifadə ediblər. Partiyanın sədr əvəzi Vito Krimi bildirib ki, C.Konte ölkəni hazırkı mürəkkəb dövrdə idarə edə biləcək yeganə şəxsdir, irəliyə doğru birgə addım atmaq və məsuliyyətli olmaq üçün əsl məqam yetişib. Mərkəz-sağçı blok adından çıxış edən Matteo Salvini isə dövlət başçısından parlamenti buraxmağı və növbədənkənar seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyi xahiş edib. Blokda təmsil olunan bütün partiyalar köhnə hökumətin yeni formatda fəaliyyətini davam etdirməsini dəstəkləməyəcəklərini elan ediblər.xeber100.com

Yanvar 30, 2021 6:54

İtaliya Parlamentinin Aşağı Palatasında keçirilən səsvermədə

İtaliyada Baş nazir Cüzeppe Konte Parlamentdə keçirilən birinci etimad votumunu qazanıb.Azərtac xəbər verir ki, Parlamentin Aşağı Palatasında keçirilən səsvermədə 321 deputat bitərəf siyasətçini dəstəkləyib, 259 deputat əleyhinə səs verib, 27 deputat isə bitərəf qalıb. Parlamentdə ilk etimad votumunu öz xeyrinə həll edən C.Konte bu gün Senat qarşısına çıxacaq və hazırkı hökumətin fəaliyyətini davam etdirə bilməsi üçün senatorların etimadını qazanmağa çalışacaqdır. Koalisiyalı hökumətdə təmsil olunan “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) Aşağı Palata ilə müqayisədə Senatdakı təmsilçilərinin sayı daha azdır və Senatdakı çıxış və müzakirələrin gərgin keçəcəyi gözlənilir.Aşağı Palatadakı çıxışında C.Konte avropayönümlü deputatları onun hökumətinin siyasi kursunu dəstəkləməyə çağırıb. Baş nazir bildirib ki, pandemiyanın hazırkı gərgin mərhələsində İtaliyada hökumət böhranına yer yoxdur.Liberal və mərkəzçi qüvvələrin dəstəyini qazanmaq üçün C.Konte öz çıxışında kabinetin tərkibində dəyişiklik aparılacağını və həmçinin hökumətin fəaliyyət planını yeniləyəcəyini vəd edib. Bildirilib ki, hökumətin əsas hədəfi ölkəni modernləşdirmək və durğunluq keçirən iqtisadiyyatın qısa zamanda dirçəldilməsi üçün tədbirlər planı həyata keçirməkdir.C.Konte hökumət böhranına səbəb olan və ”Viva İtalia” partiyasına rəhbərlik edən Matteo Renzi ilə yeni alyansın qurulacağına dair bütün ehtimal və iddiaları rədd edib.xeber100.com

Yanvar 19, 2021 1:54