Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası yenidən başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası iyunun 24-də yenidən başlayıb.Azərtac xəbər verir ki, bu gün günorta saatlarında Birinci Respublika Meydanından başlayan yürüş-mitinq Daxili İşlər Nazirliyinin binası qarşısında başa çatıb.Müxalifət liderləri tələbləri tam yerinə yetirilənədək etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Aksiya parlamentin binası qarşısında saat 19:00-da yenidən başlayıb. Mitinqdə yüzlərlə insan iştirak edib.Təşkilatçıların sözlərinə görə, bu gün də Daxili İşlər naziri Qeorqi Qaxariyanın istefası, iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılması tələb olunacaq.Təşkilatçılar iğtişaş və qarşıdurmaya bacardıqca yol verməyəcəklərini bildirirlər.Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tbilisidə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz olaraq başlayıb. Həmin gün gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Nümayişçilər parlamentin binasını ələ keçirməyə cəhd ediblər. Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su şırnağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla, ümumilikdə 240 nəfər yaralanıb, 300-dən çox nümayişçi polis tərəfindən saxlanılıb.Baş verən hadisələrə görə artıq parlamentin sədri İrakli Kobaxidze istefa verib.xeber100.com

İyun 24, 2019 7:37

Parlamentlərarası Pravoslav Məclisinin 26-cı iclası keçiriləcək

İyunun 19-22-də Tbilisidə Parlamentlərarası Pravoslav Məclisinin (PPM) növbəti 26-cı iclası keçiriləcək.Azərtac xəbər verir ki, tədbirdə dünyanın 4 qitəsinin 23 ölkəsindən nümayəndələrin gələcəyi gözlənilir.Tədbirin təşkilatçılarından biri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının deputatı Zaxariya Kutsnaşvili jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi pravoslav dininin təbliği və kilsə sərhədlərini müdafiə etməkdir.O deyib: “Bu gün İslam dünyada daha güclüdür. Bəzi qitələrdə pravoslav xristianları çətinliklər yaşayır və azalırlar”. Onun sözlərinə görə, Gürcüstan bu toplantıya 6 ildir hazırlaşır. Bu toplantı miqyasına görə, ATƏT-in və NATO-nun tədbirlərindən sonra üçüncü olacaq.Deputat deyib ki, Gürcüstan dini turizm üçün də əlverişli bölgədir və tədbir bu baxımdan da bizim üçün əlverişli olacaq.Məlumat üçün qeyd edək ki, Parlamentlərarası Pravoslav Məclisi 1993-cü ildə Yunanıstan parlamentinin təşəbbüsü ilə təsis olunub. Yunanıstan və Rusiya Assambleyada liderlik edirlər.Parlamentlərarası Pravoslav Məclisinin mənzil qərargahı Afinada yerləşir.PPM-in işində Rusiya, Gürcüstan, Ermənistan, Polşa, Yunanıstan, Ukrayna, İordaniya da daxil olmaqla 25 ölkə iştirak edir.PPM-in Baş Assambleyası ildə bir dəfə keçirilir. Sonuncu Baş Assambleya 2018-ci ilin iyununda Afinada keçirilib.xeber100.com

İyun 18, 2019 5:56