Britaniya parlamenti yeni qanun layihəsini təsdiqləyib

Böyük Britaniya parlamenti qeyri-leqal miqrasiya haqqında qanun layihəsini qəbul edib. Bu qanun hakimiyyət orqanlarına Birləşmiş Krallığa qanunsuz yolla daxil olan və sığınacaq üçün müraciət edən mühacirləri ölkədən çıxarmağa imkan verəcək. Aprel ayında İcmalar Palatasında təsdiqlənən qanun layihəsi iyulun 18-də Lordlar Palatasının da dəstəyini qazanıb. Kral III Çarlz layihəni imzaladıqdan sonra qanun qüvvəyə minəcək. Hər il artan qanunsuz miqrasiya problemini həll etmək məqsədi daşıyan qanun layihəsi hökumət tərəfindən 2023-cü ilin martında təqdim edilib. Qanun qüvvəyə minəcəyi təqdirdə Böyük Britaniya Daxili İşlər Nazirliyinə qeyri-leqal mühacirləri həbs etmək, sığınacaq üçün müraciətlərinə baxmamaq və üçüncü ölkələrə deportasiya etmək hüququ verəcək. Qanun layihəsi BMT-nin sərt tənqidinə tuş gəlib. İnsan Hüquqları və Qaçqınların İşi üzrə ali komissarlıqların birgə bəyanatında Londonun qanunvericilik təşəbbüsü “Birləşmiş Krallığın beynəlxalq insan haqları və qaçqınların hüquqları üzrə öhdəliyini pozmaq” kimi dəyərləndirilib. Qeyd edək ki, hakim Mühafizəkarlar partiyasının qeyri-leqal miqrasiya ilə mübarizə barədə vədlərinə baxmayaraq, son beş ildə La-Manş boğazını keçərək ölkəyə daxil olan mühacirlərin sayı durmadan artır. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkəyə dəniz yolu ilə 299 qanunsuz daxilolma faktı qeydə alınmışdısa, 2019-cu ildə 1,8 min, 2020-ci ildə 8,4 min, 2021-ci ildə 28,5 min, 2022-ci ildə isə 45,7 min nəfər bu yoldan istifadə edib. Rəsmi statistikaya əsasən, qeyri-leqal mühacirlərin saxlanılması britaniyalı vergiödəyicilərinə gündə 6 milyon funt-sterlinqə başa gəlir.xeber100.com

İyul 18, 2023 3:50

Özbəkistanda prezident seçkilərinin nəticələri yüksək qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bəyan edib ki, iyulun 9-da Özbəkistanda keçirilən prezident seçkiləri bu ölkədə demokratiyanın inkişafı baxımından mühüm addım olub.Təşkilatın Baş katibliyi  xəbər verir ki, İƏT-in bəyanatında deyilir: “Özbəkistan Respublikası hökumətinin dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyası bu ölkədə keçirilmiş prezident seçkilərində iştirak edib. Missiyaya təşkilatın Afrika ölkələri üzrə direktoru, səfir Boubakar Adamou rəhbərlik edib. İƏT-in Özbəkistandakı prezident seçkilərini müşahidə etməsi təşkilatın Nizamnaməsinə, İƏT Seçki Müşahidəçilərinin Davranış Kodeksinə və 2005-ci il Beynəlxalq Seçki Müşahidəsinin Prinsipləri Bəyannaməsinə uyğun olaraq üzv dövlətlərdə demokratiya və yaxşı idarəçiliyi təşviq etmək üzrə davamlı səylər çərçivəsində həyata keçirilib. İƏT-in müşahidəçiləri Özbəkistan xalqının öz səsvermə hüquqlarını dinc şəraitdə həyata keçirməsi baxımından səsvermə prosesinin yaxşı təşkil olunduğunu qeyd ediblər. Beynəlxalq müşahidəçilərin mətbuat üçün keçirdiyi brifinqdə İƏT-in missiyasının rəhbəri seçkilərin dinc şəraitdə keçirilməsindən məmnunluğunu ifadə edib və təşkilatın Baş katibinin Özbəkistan xalqına və ölkədə davam edən demokratik prosesə, dəyərlərə və sosial-iqtisadi inkişafa sadiqliyinə görə 87,05 faiz səslə yenidən seçilən prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırıb”. Bəyanatın sonunda qeyd edilib ki, İƏT demokratiyanın möhkəmləndirilməsi, yaxşı idarəetmə, sosial-iqtisadi inkişaf və insan hüquqlarının təşviqi istiqamətində təşkilatın mühüm və fəal üzv dövləti olan Özbəkistan Respublikasının göstərdiyi səylərə dəstək vermək öhdəliyini bir daha təsdiq edir.xeber100.com  

İyul 11, 2023 8:19