Gürcüstan parlamenti yeni qanun layihələrini qəbul edib

Gürcüstan parlamenti “Seçki Məcəlləsi”nə və “Milli Bank haqqında” qanuna dəyişikliklərlə bağlı yeni qanun layihələrini qəbul edib. Müzakirələr zamanı “Milli Bank haqqında” qanun layihəsi ilə bağlı Prezident Salome Zurabişvilinin veto qoyduğu bildirilib. Lakin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının deputatları bununla razılaşmayıb və qanuna dəyişiklikləri yenidən müzakirəyə çıxarıblar. Hakim partiyanın deputatları tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, Milli Bankın İdarə Heyətinə yeni icraedici vəzifə - birinci vitse-prezident vəzifəsi artırılır. Milli Bankın prezidenti olmadığı təqdirdə, onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirəcək. Parlament, həmçinin “Seçki Məcəlləsi” və reqlamentlə bağlı qanunlara təklif olunan dəyişiklikləri dəstəkləyib. Yeni qanun layihəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvlərinin seçilməsi ilə bağlı kvorumun dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, MSK sədri və üzvlərinin seçilməsi parlamentin tam tərkibinin səs çoxluğu ilə (76 səslə) baş tutacaq. Həmçinin MSK sədri və MSK-nın professional üzvlərinin seçilməsi ilə bağlı müsabiqə prezident tərəfindən deyil, parlamentin sədri tərəfindən elan ediləcək və bunun üçün müsabiqə komissiyası yaradılacaq. Qeyd edək ki, hazırda qüvvədə olan qanun layihəsində MSK sədri və üzvlərinin seçilməsi ilə bağlı 2/3 səs çoxluğu nəzərdə tutulub. Kvorum baş tutmadıqda isə sədr və üzvlər parlamentin tam tərkibinin səs çoxluğu ilə seçilir. Hər iki qanun layihəsi səsvermə zamanı qəbul olunub.xeber100.com

İyun 14, 2023 2:31

Pensiya islahatı əleyhinə etiraz nümayişləri davam edir

Fransada pensiya islahatı əleyhinə ümummilli etiraz nümayişləri davam edir. Həmkarlar ittifaqlarının çağırışı ilə bu gün fransızlar 14-cü etiraz nümayişinə çıxacaqlar. Ölkənin 250 şəhər və qəsəbəsində etirazçıların küçələrə axışacağı gözlənilir. Hökumət Parisdə 600 minədək, digər şəhərlərdə isə 70 minə qədər nümayişçi olacağını ehtimal edir. Paytaxtda nümayişçilər yerli vaxtla saat 14:00-da “İnvalides” muzeyin qarşısından “Place d'Italie” meydanına doğru irəliləyəcək. Etiraz aksiyaları bir çox sektorlarda, xüsusilə də nəqliyyat sektorunda böyük problemlər yaradıb. Parisdə bütün ictimai nəqliyyat vasitələri iflic vəziyyətindədir. Həmçinin Orly və Charles–de–Gaulles, eləcə də Lion, Marsel, Nitsa, Tuluza, Bordo və Nant kimi şəhərlərdə hava limanlarının dispetçerləri tətil etdiyi üçün bir çox uçuşlar ləğv olunub. Fransanın daxili işlər naziri J.Darmanən 4 mini Parisdə olmaqla, 11 min polis və jandarmın təhlükəsizliyi təmin etmək məqsədilə səfərbər olunduğunu bildirib. Ölkədə siyasi mübarizə aylardır davam edir. İslahatın tətbiqi, eləcə də pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılması ilə bağlı iki fərman artıq rəsmi jurnalda dərc edilib. Milli Assambleya iyunun 8-də qanun layihəsinin bəzi bəndlərinin ləğv edilməsinə dair Liot qrupunun təklifini müzakirəyə çıxaracaq.xeber100.com

İyun 6, 2023 3:06

ABŞ hökuməti yeni sanksiyalar tətbiqinə başlayır

ABŞ hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) 4 qurumuna və bir fərdi şəxsinə ölkənin nüvə silahı proqramının inkişafı üçün qanunsuz kiber fəaliyyətə görə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Yonhap agentliyi xəbər verir ki, ABŞ-nin Xəzinə Departamenti həmin qurumları və şəxsi “qara siyahı”ya daxil edilib. Sanksiya tətbiq olunan qurumlar Baş Kəşfiyyat İdarəsi üçün kadrlar hazırlayan Pxenyan Avtomatlaşdırma Universiteti, idarənin nəzarətində olan texniki kəşfiyyat bürosu və onun kiber bölməsi, Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkətidir. Departamentin açıqlamasında deyilir ki, KXDR zərərli kiber fəaliyyət göstərir, Kim rejimini, onun qanunsuz kütləvi qırğın silahları və ballistik raket proqramları kimi prioritetlərini dəstəkləməkdən ötrü virtual valyuta da daxil olmaqla gəlir əldə etmək üçün informasiya texnologiyaları (İT) işçiləri vasitəsi ilə fırıldaqçılıq edir. ABŞ Xəzinə Departamenti hesab edir ki, texniki kəşfiyyat bürosu Şimali Koreyanın kiber hücum taktikaları və üsullarının inkişafı ilə məşğuldur. Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkəti isə Rusiya və Laosda cəlb etdiyi İT işçiləri vasitəsilə KXDR-in qanunsuz kiber fəaliyyətinə dəstək olur. Sanksiya tətbiq olunan fərdi şəxs isə sözügedən şirkətin Vladivostokdakı nümayəndəsi olduğu iddia edilən Kim Sanq-Mandır. Onun həmin ölkələrdəki işçilərin maaşlarının ödənilməsi ilə məşğul olduğu bildirilir.xeber100.com

May 24, 2023 2:32