Stolüstü tennis üzrə qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.“Şüa” İdman – Sağlamlıq Kompleksində keçirilən yarışın son günündə final görüşləri olub. Gərgin və maraqlı mübarizə ilə yadda qalan birinciliyin nəticələrinə əsasən, 2004-2006-cı il təvəllüdlü qızların şəxsi turnirində Ləman Abdulhəmidova qalib gəlib. Zemfira Mikayılova ikinci, Xədicə Əbilzadə ilə Səbinə Məmmədova üçüncü yerləri tutublar. Oğlanlar arasında baş mükafata Emin Məmmədov layiq görülüb. Kənan Pənahov gümüş, Murad Cəfərovla Hacımurad Məmmədbəyov bürünc medal qazanıblar.Qızların qoşa yarışlarında Zemfira Mikayılova ilə Xədicə Əbilzadə, oğlanlarda isə Kənan Pənahovla Emin Məmmədov Azərbaycan çempionu olublar. Qarışıq-qoşa yarışlarda Ləman Abdulhəmidova ilə Kənan Pənahov bütün rəqiblərinə qalib gəlib.Xatırladaq ki, 2004-2006-cı il təvəllüdlü qızların komanda turnirində “Bakı” komandası birinci, “Şəki” komandası ikinci yeri tutub. “Sumqayıt” və “Şabran” komandaları üçüncü yeri bölüşüblər. Oğlanların mübarizəsindən də “Bakı” komandası qalib ayrılıb. “Sumqayıt” ikinci, “Salyan” və “Şəki” tennisçiləri üçüncü yerlərə sahib olublar.Mərziyyə Nürmətova 2007-ci il təvəllüdlü və daha azyaşlı tennisçilərin şəxsi mübarizəsindən qalib ayrılıb. Aylin Əsgərova gümüş, Arzu Aslanova ilə Yağmur Məmmədli bürünc medal əldə ediblər. Oğlanların yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. Onur Quluzadə ikinci, Toğrul Məhəmmədovla Hüseyn Elyazov üçüncü yeri tutublar. Qızların qoşa yarışlarında Mərziyyə Nürmətova ilə Arzu Aslanova, oğlanların mübarizəsində isə Adil Əhmədzadə ilə Rüstəm Hacılı qalib gəliblər. Qarışıq-qoşa turnirdə Onur Quluzadə - Nigar Mahmudova tandemi çempion adına layiq görülüb. Qızların komanda yarışı “Sumqayıt – 1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Sumqayıt -2” komandası ikinci yerdə qərarlaşıb. “Sumqayıt – 3” və “Şabran” fəxri kürsünün üçüncü pilləsində yer alıb.xeber100.com  

Aprel 16, 2022 6:55

Formula 1 Qran-Prisinə akkreditasiya prosesi sona yaxınlaşır

Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesi sona yaxınlaşır. Qeydiyyat prosesinə aprelin 14-də yekun vurulacaq.Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat xidmətinin məlumatına görə, iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi də daxil olmaqla 2022-ci il üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən həyata keçirilir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi BŞH tərəfindən icra olunur.Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.Yerli jurnalistlərdən ölkə daxilindəki COVID-19 qaydalarına riayət olunması tələb ediləcək. 2022-ci ildəki yarışlara COVID-19 virusuna qarşı iki doza vaksin vurdurmuş və peyvənd sertifikatının etibarlılıq müddəti bitməmiş yerli jurnalistlər akkreditasiyadan keçə biləcəklər. Peyvəndin ikinci dozasının üzərindən altı aydan çox keçmiş media nümayəndələrindən “buster” doza vurdurmaları xahiş edilir. Vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq.xeber100.com

Aprel 13, 2022 1:49