Belqradda güləşçilərin dünya çempionatı davam edir

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.Beşinci yarış günündə - noyabrın 5-də sərbəst güləşçilərin mübarizəsinə start verilib.Təmsilçilərimizdən Əliabbas Rzazadə (57 kq) debütdə Almaniya təmsilçisinə qalib gəlib. Güləşçimiz daha sonra Tacikistan idmançısına aman verməyib. Dörddəbir finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısı ilə olduqca gərgin idman mübarizəsi şəraitində keçən görüşdə isə xalların keyfiyyəti Ə.Rzazadəni finala daşıyıb. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi Bekbolot Mirzənəzər Uulu (Qırğızıstan) olacaq.Zirəddin Bayramov (65 kq) rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Z.Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq dörddəbir finalda rusiyalı rəqibinə uduzub. Təmsilçimiz noyabrın 6-da təsəlliverici görüşə çıxacaq.Güləşçimiz Murad Yevloyev startda ukraynalı həmkarını üstələyib. Gürcüstan pəhləvanını "tuşe" ilə mübarizədən kənarlaşdıran M.Yevloyev dörddəbir finalda Tacikistan güləşçisinə qalib gəlib. Ancaq yarımfinalda bir ay əvvəl Osloda böyüklər arasında dünya çempionatında gümüş medal qazanmış Qırğızıstan idmançısına məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşə çıxacaq.Çempionatda 79 kiloqram çəki dərəcəsində mübarizə aparan Əşrəf Aşırov təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Ə.Aşırov səkkizdəbir finalda Ukraynadan olan rəqibini məyus edib. Təmsilçimiz növbəti görüşündə İsveçrədən olan həmkarına heç bir şans tanımayıb. Ancaq yarımfinalda Rusiya təmsilçisi keçilməz olub. Ə.Aşırov da bürünc medal uğrunda güləşəcək.İslam İlyasov (97 kq) debütdə rusiyalı rəqibinə məğlub olub.xeber100.com

Noyabr 5, 2021 6:04

UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununda

Ağdamın “Qarabağ” klubu noyabrın 4-də UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, H qrupunda yer alan ağdamlılar səfərdə Qazaxıstanın “Kayrat” klubunun qonağı olacaqlar. Almatıdakı “Ortalık” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşü moldovalı FIFA referisi Dumitri Muntian idarə edəcək.“Kayrat” ilə oyundan əvvəl Qurban Qurbanovun yetirmələrinin heyətində üç itki var. Bədavi Hüseynov və Xayme Romero zədəli olduqları, Qaspar Panadero zədəsi yeni sağaldığı üçün Qazaxıstana aparılmayıb. Bundan başqa, “Neftçi” ilə Premyer Liqanın IX tur matçından (4:0) sonra ayaq əzələsində problem aşkarlanan Abdullah Zubirin meydana çıxması sual altındadır. Almatı təmsilçisinin heyətində isə müdafiəçi Qafurjan Suyumbayev zədə səbəbindən matçı buraxacaq.Hazırda qrup lideri ilə eyni – 7 xal toplayaraq, ikinci pillədə qərarlaşan “Qarabağ” bu turda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün “köhlən atlar” həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.xeber100.com  

Noyabr 4, 2021 11:55