Dünya Güləş Birliyi idmançıların reytinq sıralamasını açıqlayıb

Norveçdə keçirilən dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) idmançıların reytinq sıralamasını açıqlayıb.Yunan-Roma güləşində 82 kiloqram çəki dərəcəsində dünya çempionu olan Rafiq Hüseynov bu çəkidə liderliyə yüksəlib. Otuz üç yaşlı pəhləvanımız 70 xalla reytinqə başçılıq edir. R.Hüseynov ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır. Güləşçimiz əvvəlki siyahı ilə müqayisədə 23 pillə irəliləyib.Güləşin bu növündə daha 3 həmyerlimiz ilk onluqda yer alıb. 55 kiloqramda Eldəniz Əzizli 39 xalla ilk üçlüyü qapayır. Osloda bürünc medal qazanan güləşçimiz 4 pillə irəliləyib. Taleh Məmmədov (63 kq) 6-cı yerdən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanımızın hesabında 38 xal var. Sənan Süleymanov (77 kq) isə böyük sıçrayış edib. Dünya çempionatında gümüş medalı boynundan asan güləşçimiz xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib.Sərbəst güləşdə millimizin 4 üzvü öz çəkilərində ilk onluqda yer alıb. Tokio Olimpiadasında gümüş medal əldə edən Hacı Əliyev (65 kq) üçüncü yerdən altıncı yerə enib. Buna səbəb 44 xala malik titullu idmançımızın dünya çempionatını buraxması olub. Mundialda medalın bir addımlığında dayanan Turan Bayramov 70 kiloqram çəki dərəcəsində iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçimizin hesabında 38 xal var. Abubakr Abakarov (86 kq) böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk onluğu qapayan təmsilçimizin əvvəlki mövqeyi 33-cü pillə idi. Osman Nurməhəmmədov (92 kq) 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir.Qadın güləşinə gəlincə, Mariya Stadnik (50 kq) bir pillə geriləyib. Millimizin lideri 60 xalla üçüncü pillədə qərarlaşıb. Elis Manalova (68 kq) 22 xalla ilk onluğu qapayır.xeber100.com

Oktyabr 14, 2021 12:49