Ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib

Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Azərbaycan Ağır Atletika Federasiyası xəbər verir ki, ilk olaraq millimizin üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb. Nazilə İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib. Bu göstərici ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub. Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

May 15, 2023 11:32