Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib. 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplaması ilə seçilir. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən builki Bakı Marafonu Ümummilli Liderin 100 illik yubileyinə həsr olunub. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak ediblər. Budəfəki marafonda iştirak etmək üçün 19 min 500 nəfər qeydiyyatdan keçib. Marafonda iştirak etmək üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da qeydiyyatdan keçiblər. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olublar. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıblar. “Bakı Marafonu 2023”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, KOBİA, SOCAR, Dənizkənarı Bulvar İdarəsi, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Azerlotereya, m10, Hyundai, Badamlı, Baltika 0 dəstəyi ilə təşkil olunub. “Bakı Marafonu 2023”ün səhnə proqramı və əyləncə tərəfdaşı “Xəzər FM”, “Araz FM” və Xəzər TV-dir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.

May 7, 2023 2:03

“Prezident kuboku-2023” beynəlxalq reqatasına yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub. Bakı Su İdman Sarayının yaxınlığında təşkil olunan bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko, Avropa Kanoe Assosiasiyasının rəhbəri Jan Zunqrana, idmançılar və qonaqlar iştirak ediblər. Mərasimdə çıxış edən rəsmi şəxslər yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Daha sonra mükafatlandırma mərasimi olub. Qaliblərə medal və mükafatları nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Vüqar Əhmədov, Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Tomas Koneçko, Jan Zunqrana, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, qardaş ölkənin Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk və digər rəsmi şəxslər təqdim ediblər. Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası da olub. Qeyd edək ki, beynəlxalq reqatanın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri isə Mingəçevirdə keçirilib.xeber100.com

May 7, 2023 1:55