Beynəlxalq “PACK LINE Israel Youth 2023” turnirində

Yeniyetmə badmintonçularımız İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq "PACK LINE Israel Youth 2023" turnirində 4 qızıl və 1 gümüş medal qazanıblar. Azərbaycan Badminton Federasiyası  xəbər verir ki, turnirdə ən yaxşı nəticəni böyük perspektiv vəd edən yeniyetmə idmançımız Leyla Camalzadə göstərib. O, 15 yaşadək badmintonçuların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb. Badmintonçumuz daha əvvəl ötən il Serbiyada keçirilən beynəlxalq "Youth International" turnirində də fəxri kürsüdə yer almağı bacarmışdır. Şəxsi yarışda qrup mərhələsində keçirdiyi bütün görüşlərini qələbə ilə bitirən L.Camalzadə uğurlu çıxışın davamını pley-offda da gətirib. Badmintonçumuz yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclü olub. L.Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib kimi başa vurub. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada qız badmintonçularımız mütləq nəticə göstərərək qrupda birinci yerə layiq görülüblər. On beş yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olub. Əli Gözəlov-Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıb. Daha bir qızıl medalı komandamızın hesabına 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb. On üç yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Qeyd edək ki, İsrailə əvvəlcədən yollanan yeniyetmə badmintonçularımız məşqçi Yevgen Poçtaryovun rəhbəriyi altında Aşdod şəhərində təlim-məşq toplanışında olublar.

Aprel 3, 2023 2:21