Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Dekabrın 8-dən 11-dək Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar təşkil ediləcək.AGF xəbər verir ki, qədim tarixə və mədəniyyətə malik Şəki şəhərində keçiriləcək birgə yarışlar çərçivəsində idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi baş tutacaq.İndiyədək ölkəmizin müxtəlif bölgələrində gimnastika növləri üzrə yarışları təşkil edən AGF ötən illərdən fərqli olaraq birgə yarışları ilk dəfə paytaxt Bakıda deyil, məhz bölgədə təşkil edəcək.Dekabrın 9-da yarışların açılış mərasimi zamanı tamaşaçılara dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunacaq. İdmançılar təqdim edəcəkləri maraqlı nümunəvi çıxışları ilə azarkeşlərə öz ustalıqlarını nümayiş etdirəcəklər. Bu münasibətlə ölkəmizə təşrif buyuracaq idmançılar arasında qadın idman gimnastikası üzrə Böyük Britaniya yığmasını təmsil edən əslən azərbaycanlı Cessika (ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və ikiqat bürünc mükafatçısı, Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı) və Cenifer Qədirova (Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı, Avropa çempionatının komanda hesabında gümüş mükafatçısı) bacıları, kişi idman gimnastikası üzrə Tokio Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, türkiyəli Ferhat Arıcan, bədii gimnastika üzrə italiyalı dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Milena Baldassarri, akrobatika gimnastikası üzrə İsrailin kişi qrupunun üzvləri Amir Daus, Tomer Offir (dünya çempionatının bürünc mükafatçıları), Or Abraham (gənclər arasında Avropa çempionu), Rotem Amihai və dünya yaş qrupları yarışının qalibləri Yonatan Fridman və Amy Refaelidən ibarət qarışıq cütlük yer alıb.xeber100.com

Noyabr 19, 2022 5:19

Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri məlum olub

Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri məlum olub.Yarışın sonuncu günündə final görüşləri keçirilib.Qadınların turnirində Məryəm İmanova birinci, Mərziyyə Nurmətova ikinci, Aylin Əsgərova ilə Rüfət Əliyeva üçüncü yeri tutub.Kişilərin yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. O, finalda Vəzir Allahverdiyevə qalib gəlib. Nihad Məmmədovla İbrahim Ansari fəxri kürsünün üçüncü pilləsinə qalxıb.Qadınların qoşa yarışında Mərziyyə Nurmətova ilə Arzu Aslanova qalib olublar. Ləman Abdulhəmidova, Zemfira Mikayılova tandemi ikinci yerdə qərarlaşıb. Rüfət Əliyeva, Xədicə Əbilzadə və Məryəm İmanova, Aliyə Haşımova cütü üçüncü olub.Kişilərin qoşa turnirində Hilal Həsənov-Adil Əhmədzadə tandemi finalda Vəzir Allahverdiyev-Nihad Məmmədov ikilisinə qalib gəlib. Əliverdi Şahgəldiyev ilə Hüseyn Eylazov və Xəyal Həşimli ilə Cəfər Cəfərzadə üçüncü yerlə kifayətlənib.Qarışıq qoşa yarışları Nihad Məmmədovla Ləman Abdulhəmidovanın qələbəsi ilə nəticələnib. Onlar finalda Əliverdi Şahgəldiyev-Mərziyyə Nurmətova tandemini üstələyiblər. Yusif Almazağazadə ilə Məryəm İmanova, həmçinin Hüseyn Eylazov ilə Aylin Əsgərova isə üçüncü yerə layiq görülüblər.Xatırladaq ki, kişilərin turniri “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) kollektivinin qələbəsi ilə başa çatıb. Mərkəzi Ordu İdman Klubu (MOİK) ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları üçüncü yeri bölüşüblər. “Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri “Təhsil” RİM-nin yetirmələri tutublar. 13 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) və Sumqayıt (“Təhsil” RİM) kollektivi üçüncü olub.xeber100.com

Noyabr 19, 2022 5:16

Boks üzrə keçirilən beynəlxalq turnir davam edir

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnir davam edir.Yarışın üçüncü günündə Azərbaycan millisinin 7 boksçusu rinqə çıxıb. Onlardan Malik Həsənov (63,5 kq) döyüşmədən qalib elan edilib. O, yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) qarşılaşmalı olsa da, rəqib öz komandası ilə birgə turnirdən ayrılıb. Həsənov həlledici döyüşdə Roman Samuellə (Rumıniya) mübarizə aparacaq.Sərxan Əliyev (71 kq) dörddəbir final mərhələsi çərçivəsində Soma Mesteri (Macarıstan) sınağa çəkib. Gərgin keçən qarşılaşma dünya çempionatının mükafatçısının xeyrinə başa çatıb. Bu qələbə ilə özü üçün azı bürünc medalı təmin edən Əliyev yarımfinalda polşalı Damyan Durkajla qüvvəsini sınayacaq. Həmçinin yarımfinalda Sian Reddi (İrlandiya) ilə döyüşən Nəbi İsgəndərov (67 kq) rəqibinə heç bir şans verməyib. Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Avropa çempionatının mükafatçısı finalda polşalı Pavel Suleçki ilə münasibətinə aydınlıq gətirəcək.Murad Allahverdiyev (80 kq) də rinqdən qalib ayrılıb. O, yarımfinalda Valeri Razmeritaya (Moldova) öz gücünü göstərib. Təmsilçimiz finalda digər moldovalı Andrey Çiryasovla qarşılaşacaq. Alfonso Dominqes (86 kq) isə Tomaş Nyedzvyeçkini (Polşa) məğlub etməkdə çətinlik çəkməyib. Yarımfinalda inamlı qələbə qazanan dünya çempionumuz finalda polşalı Klemens Şepanyakla üz-üzə gələcək.Səksən altı kiloqram çəki dərəcəsində mübarizə aparan digər boksçumuz Eldar Quliyev isə bürünc medalla kifayətlənib. Dominqesin rəqibi olacaq Şepanyak onunla döyüşdən qalib ayrıldığından təmsilçimiz turniri üçüncü pillədə bitirib. Rauf Rəhimov (92 kq) da Polşada 3-cü yeri tutub. O, yarımfinalda Mateuş Berezniçkiyə (Polşa) məğlub olub. Tayfur Əliyev (60 kq) isə dörddəbir final mərhələsi çərçivəsində Krasimir Djurovla (Bolqarıstan) qarşılaşıb və məğlub olub.İndiyədək iki boksçumuz bürünc medalı rəsmiləşdirib, beş idmançımız isə finalda döyüşəcək. Yığmamızın daha dörd üzvü isə yarımfinal qarşılaşmasına çıxacaq.Qeyd edək ki, 16 ölkənin iştirakı ilə keçirilən turnirə noyabrın 13-də yekun vurulacaq.xeber100.com

Noyabr 13, 2022 1:55

XXIX Azərbaycan çempionatına start verilib

Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilib. “AHF Arena” idman kompleksində keçirilən yarışın açılış mərasimi iştirakçıların paradı ilə başlanıb.Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətindən bildiriblər ki, açılış mərasimində çıxış edən Federasiyanın vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti Saleh Məmmədovun adından iştirakçıları yarışın başlanması münasibətilə təbrik edib.O, turnirin həndbolun inkişafına təkan verəcəyinə ümidvar olduğunu söyləyərək komandalara uğurlar arzulayıb.Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov növbəti ölkə çempionatından sağlam rəqabət və maraqlı idman mübarizəsi gözlədiklərini bildirib. Nazirlik rəsmisi komanda sayının artırılmasının buna zəmin yaradacağını vurğulayıb.Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan edilib.Azərbaycan çempionatı kişilərin yarışı ilə start götürüb.Açılış matçında “Təhsil” “U-16” üzərində inamlı qələbə qazanıb – 49:19. Ardınca meydançaya “Məhsul” və “Bakı” komandaları çıxıblar.Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan oyun 29:28 hesabı ilə “Məhsul”un xeyrinə başa çatıb. “İdman Akademiyası” – RİOEUGİM görüşündə isə ev sahibi qələbə çalıb – 46:28.Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparır.xeber100.com

Noyabr 13, 2022 1:54