İdmançıların hüquqlarının müdafiəsi üçün anlaşma memorandumu imzalanıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “BM Morrison Partners” (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar.Azərtac xəbər verir ki, memorandum çərçivəsində AMADA-nın fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya komitələrində agentliyin yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə, BM hüquq şirkəti tərəfindən həmin atletlərə hüquqi yardım göstəriləcək. Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında təqdim edəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.AMADA-nın direktoru və Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini Şəfəq Hüseynli imzalanma mərasimində deyib: “Bu memorandum idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Şurasının Antidopinq Konvensiyası və idman sahəsini əhatə edən digər beynəlxalq sənədlərdə əks olunub”.O, antidopinq təşkilatları və hüquq şirkətlərinin bu istiqamətdə əməkdaşlığının idman dünyası üçün yenilik olduğunu vurğulayıb.“BM Morrison Partners” hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev çıxışında bildirib: “Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq”.Xatırladaq ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.xeber100.com

İyul 29, 2019 1:19

Güləşçilər arasında dünya çempionatı keçiriləcək

İyulun 29-dan avqustun 4-dək Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ilk günlərdə mübarizə aparacaq sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə çıxış edəcəklər. Heyətdə Murad Haqverdiyev (45 kq), Cavid Cavadov (48 kq), Riad Aslanov (51 kq), Zirəddin Bayramov (55 kq), Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) yer alıblar.Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Gültəkin Şirinova (46 kq), Nərgiz Səmədova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Firuzə Məcidova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.Mundialın son günlərində böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə mübarizəyə qoşulacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Ziya Babaşov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq), Rauf Əliyev (71 kq) və Laçın Vəliyev (92 kq) daxil edilib.Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Zaur Şərifov da ədaləti qoruyacaq.xeber100.com

İyul 28, 2019 11:35