Topaz Premyer Liqasının XXV turuna start verilir

Aprelin 18-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start verilir.Azərtac xəbər verir ki, tur iki gün davam edəcək. Turun birinci günündə iki oyun keçiriləcək. XXV tur saat 16:45-də “Sumqayıt” – “Səbail” oyunu ilə başlanacaq. “Kapital Bank Arena”da oynanılacaq görüşü Vüqar Həsənli idarə edəcək.Günün ikinci qarşılaşmasında çempionluğa iddialı “Qarabağ” komandası autsayder “Keşlə”ni qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 19:00-da start götürəcək.Aprelin 19-da - turun ikinci günündə “Qəbələ” komandası doğma arenada “Zirə” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Görüş saat 16:00-da başlanacaq.Tura saat 18:30-da “Sabah” – “Neftçi” oyunu ilə yekun vurulacaq. “Əlincə Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rövşən Rəcəbov olacaq.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Xatırladaq ki, 24 turdan sonra turnir cədvəlinə aktivində 54 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 52 xalla ikinci, “Səbail” 35 xalla üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.xeber100.com

Aprel 18, 2019 12:54

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı

Aprelin 20-dən 28-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının ikinci seçmə mərhələsi keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışlar Xırdalan, Lənkəran və Samuxda keçiriləcək. Xırdalanda aprelin 20-21-də Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Aprelin 24-25-də Lənkəranda Cəlilabad, Neftçala, Lerik və Astaranı, ayın 27-28-də isə Samuxda Goranboy, Gəncə, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaq. Mərhələ yarışlarında 2001-2007-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyən ediləcək.Yarışın məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com

Aprel 18, 2019 12:49