“Shamkir Chess 2019” turnirinin ikinci günündə

Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirində aprelin 1-də ikinci turun partiyaları oynanılacaq.Azərtac xəbər verir ki, ikinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gələcəklər. Ş.Məmmədyarov ağ fiqurlarla mübarizə aparacaq.Turun digər oyunlarında isə bolqarıstanlı Veselin Topalov çexiyalı David Navara, norveçli Maqnus Karlsen hindistanlı Vişvanatan Anand, Çin təmsilçisi Dinq Liren rusiyalı Aleksandr Qrişuk, hollandiyalı Aniş Giri isə Sergey Karyakin (Rusiya) ilə qarşılaşacaqlar.Birinci turun bütün görüşləri heç-heçə başa çatdığından şahmatçıların hər birinin aktivində yarım xal var.Qeyd edək ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət “Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.xeber100.com  

Aprel 1, 2019 11:37

Avropa Karate Federasiyasının növbəti konqresi keçirilib

İspaniyanın Qvadalaxara şəhərində Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçirilib.Azərtac xəbər verir ki, Avropanın 51 ölkəsindən karate rəsmilərinin iştirakı ilə konqresdə ötən dövrün hesabatları dinlənib, qarşıdakı qitə çempionatınadək planlar müzakirə olunub.Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak ediblər.Konqresi açan EKF-nin prezidenti Antonio Espinos cari məsələlərə toxunmaqla yanaşı, karatenin Yay Olimpiya Oyunlarının proqramında qalması istiqamətində işlərin aparıldığını söyləyib. Konqresin gündəliyindəki əsas məsələ 2020-ci ildə böyüklərin 55-ci Avropa çempionatının təqdimat mərasimi olub.AMKF-nin prezidenti Yaşar Bəşirov çıxışında Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini, digər idman növləri ilə yanaşı, karateyə də dövlət tərəfindən böyük dəstək göstərildiyini diqqətə çatdırıb. Y.Bəşirov bildirib ki, EKF-nin prezidenti Antonio Espinosun söylədiyi kimi, karatenin Tokio Olimpiadasının proqramına daxil edilməsində Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən bu idman növünün Avropa Oyunlarına salınması təşəbbüsünün böyük rolu olduğunu nəzərə çatdırıb.Federasiya prezidenti 55-ci Avropa çempionatı ilə bağlı ətraflı məlumat verib, məsul yarışa hazırlıq işlərindən danışıb. A.Espinos 2012-ci ildə yeniyetmə və gənclərin qitə çempionatını yüksək səviyyədə təşkil edən Azərbaycanın növbəti ciddi sınaqdan da uğurla çıxacağına inandığını söyləyib.Həmin gün, həmçinin EKF-nin İcraiyyə Komitəsinin yığıncağı olub. EKF-nin İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov tədbirdə iştirak edib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, müəyyən məsələlərin həlli yolları araşdırılıb.xeber100.com

Mart 29, 2019 12:14