“Avro-2020” seçmə mərhələsinin ikinci turuna start verilib

Martın 24-də "Avro-2020" seçmə mərhələsinin ikinci turuna start verilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması "Johan Cruijff Arena" stadionunda oynanılıb. "C" qrupunda yer alan Hollandiya millisi Almaniya yığmasını qəbul edib.Görüş Almaniya millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.İlk dəqiqələrdən hücuma keçən Almaniya millisi 15-ci dəqiqədə hesabı açıb. Leroy Sane adını tabloya yazdırıb - 0:1. Matçın 34-cü dəqiqəsində almanlar yenidən fərqlənib. Serge Qnabri fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək uzaq küncə dəqiq zərbə endirib - 0:2. Birinci hissə Almaniya yığmasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.Qarşılaşmanın ikinci hissəsinin 48-ci dəqiqəsində Hollandiya seçməsi qollardan birinin əvəzini çıxıb. Menfis Depayın cinah ötürməsini Matthjis De Ligt dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Vurulan qoldan on beş dəqiqə sonra "narıncılar" hesabda tarazlıq yaradıb. Menfis Depay cərimə meydançasının daxilində qarışıqlıqdan yararlana bilib - 2:2. Oyunun 89-cu dəqiqəsində Almaniya millisi yenidən hesabda önə keçib. Niko almanların qələbə topunu vurmağa nail olub.Qalan dəqiqələrdə Hollandiya seçməsi hücuma keçsə də, hesab dəyişməyib.İlk turda Hollandiya millisi Belarus yığmasını darmadağın etmişdi (4:0), Almaniya isə reqlamentə əsasən rəqibsiz qalmışdı.Qrupun digər matçında Şimali İrlandiya doğma azarkeşlər önündə Belarus seçməsini 2:1 hesabı ilə məğlub edib.Azərbaycan millisinin yer aldığı "E" qrupunda isə iki oyun keçirilib.Mübarizəyə yeni başlayan Uels yığması "Kardiff Siti" stadionunda Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 5-ci dəqiqədə Daniel Ceyms vurub.Qrupun digər oyununda Macarıstan Xorvatiya ilə üz-üzə gəlib. Budapeştdəki "Groupama Arena"da təşkil olunmuş qarşılaşmada yerli komanda qalib gəlib - 2:1. Hesabı 13-cü dəqiqədə qonaq komandadan Ante Rebiç açıb. Lakin 34-cü dəqiqədə Adam Salai, 76-cı dəqiqədə isə Mate Patkai fərqləniblər.Bu oyunlardan sonra "E" qrupunda 5 komandadan 3-nün xalları bərabərləşib. Slovakiya, Macarıstan və Xorvatiyanın 2, Uelsin 1 oyundan sonra 3 xalı var. Cəmi 1 matç keçirən Azərbaycan millisi isə xalsızdır. Növbəti turda yığmanın rəqibi Macarıstan olacaq. Görüş iyunun 8-də "Bakcell Arena"da keçiriləcək.xeber100.com  

Mart 25, 2019 11:10

Futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısı açıqlanıb

UEFA 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısını açıqlayıb.Azərac xəbər verir ki, səfirlər gələn ilin yayında təşkil olunacaq çempionatın təbliğat kampaniyasında iştirak edəcəklər.Müxtəlif ölkələri təmsil edən səfirlərin siyahısında Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deko (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Dessayi (Fransa), Yuri Corkayef (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yurgen Klinsmann (Almaniya), Patrik Klyuvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaijka Mendiyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nuno Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (Çexiya), Karles Puyol (İspaniya), Rikardo Karvalyo (Portuqaliya), Peter Şmeyhel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmiçer (Çexiya), David Trezeqe (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya) və Canluka Zambrotta (İtaliya) yer alıblar.Avropa çempionatının 60 illik yubileyi münasibətilə turnirin tarixində ilk dəfə olaraq “Avro 2020”nin final mərhələsi qitənin 12 müxtəlif ölkəsində təşkil olunacaq. Bakı Olimpiya Stadionu “Avro 2020”nin qrup mərhələsində üç, 1/4 final mərhələsində isə bir oyununa ev sahibliyi edəcək.xeber100.com

Mart 22, 2019 2:46