Topaz Premyer Liqasının XV turuna start veriləcək

Fevralın 2-də qış fasiləsindən sonra Topaz Premyer Liqasının XV turuna start veriləcək.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək XV turun ilk oyunu Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. “Zirə” komandası “Sabah”ı qəbul edəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 16:30-da başlayacaq.Bu komandalar cari mövsümdə iki dəfə üz-üzə gəliblər. Hər iki oyunda “Sabah”a məğlub olan Samir Abasovun yetirmələri bu dəfə qalib gələrək sonuncu pillədən qurtulmağa çalışacaqlar. Elşad Əhmədovun yetirmələri əvvəlki iki görüşdə “Zirə”ni iki qolla məyus edə bilib. Hazırda “Sabah” 17 xalla turnir cədvəlində dördüncü, “Zirə” isə 10 xalla səkkizinci pillədə qərarlaşıb.“ASK Arena”da keçiriləcək digər oyunda “Keşlə” komandası “Səbail”i sınağa çəkəcək. Komandalar indiyədək Premyer Liqada 6 dəfə qarşılaşıblar. Bu oyunların üçündə “Keşlə”, ikisində isə “Səbail” qələbə qazanıb. Digər görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də “Səbail” öndədir - 6:5. Autsayderlər sırasından uzaqlaşmaq istəyən “Keşlə” son iki oyunda Aftandil Hacıyevin komandasına 1:2 hesabı ilə uduzub. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Səbail”ə qarşı keçirdiyi son dörd qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Səbail” hazırda 21 xalla üçüncü, “Keşlə” isə 12 xalla yeddincidir. Rəhim Həsənovun idarə edəcəyi oyun saat 19:00-da start götürəcək.Turun digər qarşılaşmaları isə fevralın 3-də keçiriləcək. Günün ilk oyunu saat 14:00-da Qəbələ şəhər stadionunda başlayacaq. Meydan sahibləri “Sumqayıt” ilə qarşılaşacaqlar. Matçı Əliyar Ağayev idarə edəcək.XV turun sonuncu və mərkəzi qarşılaşmasında isə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Saat 18:30-da başlayacaq qarşılaşmanın idarə olunması Rəvan Həmzəzadəyə tapşırılıb. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.Hazırda 33 xalla çempionata liderlik edən “Neftçi” qalib gələcəyi təqdirdə ikinci sıradakı “Qarabağ” ilə xal fərqini 6-ya çatdıracaq.xeber100.com

Fevral 2, 2019 10:57