Milli Karate Federasiyasının məlumatı əsasında…

Karate üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, milli komandanı bundan sonra türkiyəli mütəxəssis Bahəddin Kandaz çalışdıracaq.Baş məşqçini heyətə təqdim edən federasiyanın prezidenti Yaşar Bəşirov qarşıya qoyulan hədəflərə nail olmaq yolunda ona uğurlar arzulayıb.Dünyada güclü karate komandalarından biri kimi tanınan Azərbaycan millisini çalışdırmaqdan məmnunluğunu bildirən B.Kandaz komandanın imicini qorumağa söz verib. Mütəxəssis ona həvalə olunan bu məsuliyyətli işdə həvəslə çalışacağını, hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini vurğulayıb. O, qarşıdakı fəaliyyət planı barədə məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələnəcəyinə əminliyini bildirib.Qeyd edək ki, 1968-ci il iyunun 25-də Türkiyənin Girəsun şəhərində doğulan Bahəddin Kandaz İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşğul olan mütəxəssis idmançı kimi 20 illik karyerasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublararası dünya və Avropa çempionu olub. Əlli yaşlı mütəxəssis 2006-cı ildən məşqçi kimi fəaliyyət göstərir. O, 2014-cü ildə klub məşqçisi kimi işləmək üçün İsveçrənin Bazel şəhərinə dəvət edilib. Məşqçilik dövründə yetirmələri dünya və Avropa çempionatlarının qalib və mükafatçıları olublar.B.Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Lakin Böyük Britaniyada da məsləhətçi kimi işini davam etdirəcək. Türkiyəli mütəxəssisin Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı yanvarın ikinci yarısında Fransada keçiriləcək ilin ən nüfuzlu Karate 1 Premyer Liqa turniri olacaq.xeber100.com  

Dekabr 14, 2018 2:06

“Qarabağ” futbol klubu “Arsenal” klubu ilə qarşılaşacaq

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunda İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da Londondakı “Emireyts” stadionunda baş tutacaq görüşün idarə edilməsi danimarkalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorl və Heyne Serensen yan xətt hakimi funksiyalarını yerinə yetirəcəklər.Beş turdan sonra E qrupuna 13 xalla “Arsenal” klubu başçılıq edir. Aktivində 10 xal olan Portuqaliyanın “Sportinq” klubu ikinci, hərəyə 3 xalı olan “Vorskla” (Ukrayna) və “Qarabağ” üçüncü və dördüncü yerləri bölüşürlər.Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya təmsilçisi “Sportinq”i artıq play-off mərhələsinə vəsiqəni təmin etdiyindən görüş formal xarakter daşıyır.Ağdamlıların “Arsenal” ilə Bakı Olimpiya Stadionundakı görüşü II tura təsadüf edib. Oktyabrın 4-də keçirilən oyunda “topçular” Sokratis Papastatopulos, İmil Smit-Rou və Matteo Genduzinin qolları ilə qalib gəliblər.“Topçular” cari mövsümə qədər heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. “Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı daha əvvəl keçirdiyi 4 oyunun hamısında uduzub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2015/16 mövsümdə Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupunda isə “Çelsi”yə məğlub olub (0:6, 0:4).Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

Dekabr 13, 2018 1:45