XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə iki oyun ilə yekun vurulacaq.Azərtac xəbər verir ki, günün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşündə İsveç və İsveçrə yığma komandaları üz-üzə gələcəklər. “Sankt-Peterburq Arena”da keçiriləcək matçın baş hakimi sloveniyalı Damin Skomina olacaq.İsveç “F” qrup mərhələsində Meksika, Almaniya və Cənubi Koreya yığmaları ilə mübarizə aparıb. Komanda qrupun ilk matçında Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etsə də, ikinci turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Avropa təmsilçisi son turda Meksikanı 3:0 hesabı ilə üstələyib. İsveçlilər qrup birincisi kimi play-off mərhələsinə vəsiqə qazanıblar.İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə “E” qrupunda mübarizə aparıb. İlk turda Braziliya ilə 1:1 hesabı ilə heç-heçə edən komanda, ikinci turda Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Avropalılar son turda isə Kosta-Rika ilə heç-heçə ediblər - 2:2.İsveç və İsveçrə yığmaları bu vaxta kimi beş dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə İsveç millisi 1961-ci, 1976-cı, 1978-ci illərdə qalib tərəf olub. İki oyunda isə İsveçrə qalib gəlib (1962-ci il, 1966-cı il).Qeyd edək ki, isveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir ki, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.İsveç millisi isə 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi edib. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958-ci il), iki dəfə üçüncü yeri tutub (1950-ci il, 1994-cü il). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).xeber100.com

İyul 3, 2018 11:34

Dünya çempionatının qrup mərhələsinin yekunlarına əsasən…

Seneqal Futbol Federasiyası (FSF) FIFA-ya iki məktub göndərib. Bu məktublarda dünya çempionatında pley-off mərhələsində çıxış üçün feyr-pley meyarı qaydasına yenidən baxılması xahiş olunur.Azərtac BBC-yə istinadla xəbər verir ki, 2018-ci il dünya çempionatının qrup mərhələsinin yekunlarına əsasən Seneqal və Yaponiya yığmalarının göstəriciləri eyni olub, lakin seneqallılarla müqayisədə daha az sarı vərəqə almış Yaponiya yığması əlavə göstəricilərə görə pley-off mərhələsinə çıxıb. DC-2018-in qrup mərhələsində Asiya komandası Polşa yığması ilə yekun matçının 75-ci dəqiqəsindən etibarən hücumu dayandırıb. Nəticədə Yaponiya yığması bu görüşdə 0:1 hesabı ilə məğlub olub.Seneqal Futbol Federasiyasının məktublarından birində deyilir: “Federasiya belə hesab edir ki, Yaponiya yığması Polşa ilə matçın hesabı onu qane etməyə başlayanda Yaponiya yığması sözün hərfi mənasında oyunu dayandırıb. Yaponiya yığmasının məşqçisi matçdan sonra mətbuat konfransında bu faktı inkar etmədi. Biz buna görə şokda idik. Gələcəkdə FIFA bu cür oynayan komandaları cəzalandırmalıdır.Seneqal Futbol Federasiyası təəssüflənir ki, Yaponiya yığması özünün cəzasız qalacağını hiss edərək feyr-pley prinsiplərinə əməl etməyib. Belə hallarda vərəqələrin sayılması qaydasının mənası yoxdur”.xeber100.com

İyul 2, 2018 2:13