XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə iki oyun ilə yekun vurulacaq.Azərtac xəbər verir ki, günün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşündə İsveç və İsveçrə yığma komandaları üz-üzə gələcəklər. “Sankt-Peterburq Arena”da keçiriləcək matçın baş hakimi sloveniyalı Damin Skomina olacaq.İsveç “F” qrup mərhələsində Meksika, Almaniya və Cənubi Koreya yığmaları ilə mübarizə aparıb. Komanda qrupun ilk matçında Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etsə də, ikinci turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Avropa təmsilçisi son turda Meksikanı 3:0 hesabı ilə üstələyib. İsveçlilər qrup birincisi kimi play-off mərhələsinə vəsiqə qazanıblar.İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə “E” qrupunda mübarizə aparıb. İlk turda Braziliya ilə 1:1 hesabı ilə heç-heçə edən komanda, ikinci turda Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Avropalılar son turda isə Kosta-Rika ilə heç-heçə ediblər - 2:2.İsveç və İsveçrə yığmaları bu vaxta kimi beş dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə İsveç millisi 1961-ci, 1976-cı, 1978-ci illərdə qalib tərəf olub. İki oyunda isə İsveçrə qalib gəlib (1962-ci il, 1966-cı il).Qeyd edək ki, isveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir ki, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.İsveç millisi isə 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi edib. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958-ci il), iki dəfə üçüncü yeri tutub (1950-ci il, 1994-cü il). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).xeber100.com

İyul 3, 2018 11:34