Futbol üzrə dünya çempionatının qrup mərhələsində

Futbol üzrə dünya çempionatında ötən gün keçirilən İngiltərə-Belçika və Panama-Tunis matçları ilə qrup mərhələsinə yekun vurulub. Səkkiz qrupda 32 komandanın mübarizə apardığı mundialın qrup mərhələsində ümumilikdə 48 qarşılaşma oynanılıb.Azərtac xəbər verir ki, qrup mərhələsində 48 qarşılaşmada qapılara 122 top vurulub. Məhsuldarlıq hər oyuna orta hesabla 2,5 qol təşkil edir. Qrup mərhələsində ən məhsuldar futbolçu İngiltərə yığmasının hücumçusu Harri Keyndir. Onun aktivində 5 qol var. H.Keyn bu qollardan ikisini Tunis, üçünü isə Panama yığmasının qapısından keçirib. İngilis futbolçunu 4 qolla portuqaliyalı Kriştiano Ronaldo və belçikalı Romelu Lukaku təqib edirlər. Rusiyalı Deniş Çerişev və ispaniyalı Dieqo Kosta üç dəfə fərqləniblər. Bu futbolçuların yer aldığı komandalar səkkizdəbir finala vəsiqə qazandığından onlar öz göstəricilərini daha da yaxşılaşdıra bilərlər.Xatırladaq ki, Harri Keyn və Romelu Lukaku 1986-cı ildəki dünya çempionatında Maradonadan sonra ilk dəfədir ardıcıl iki oyunda dubl ediblər.Bu çempionatda ən maraqlı göstəricilərdən biri də qeydə alınan 122 qolun 27-sinin (22 faiz) son on dəqiqədə və artırılan vaxtda vurulmasıdır. Neymarın Braziliya – Kosta-Rika görüşünün 90+7-ci dəqiqəsində rəqib komandanın qapısından keçirdiyi top mundiallar tarixində ən gec vurulan qol kimi qeydə alınıb.Ümumiyyətlə, XXI dünya çempionatının qrup mərhələsində statistik göstəricilərə görə ən yaxşı nəticə Belçika millisinə məxsusdur. Bütün görüşləri qələbə ilə başa vuran belçikalılar rəqib qapılarına 9 top vurub, öz qapılarında isə cəmi iki qol görüblər. Qrup mərhələsinin ən məhsuldar görüşü də (7 qol) Belçika yığmasının Tunis millisi ilə keçirdiyi görüşdə qeydə alınıb. Həmin görüşdə belçikalılar 5:2 hesabı ilə qalib gəliblər.Öz qapısından top buraxmayan yeganə komanda ikiqat dünya çempionu Uruqvay yığmasıdır. Belçikadan əlavə, Xorvatiya və Uruqvay milliləri də bütün görüşləri qələbə ilə başa vurublar.Qrup mərhələsində Belçika ən çox qol vuran (9), Almaniya ən çox hücum edən (252), İspaniya ən yaxşı ötürmə edən (2089), İran isə ən yaxşı müdafiə olunan (149) komanda olub. Futbolçular üzrə göstəricilərə gəldikdə isə, qol cəhdinə görə ən çox fərqlənən braziliyalı Neymar olub – 17 dəfə. Ən çox məsafə qət edən oyunçu danimarkalı Kristian Erikksen (36 km), ən çox ötürmə edən almaniyalı Toni Kroos (310), ən çox zərbə dəf edən qapıçı isə Meksika millisinin qolkiperi Gilyermo Okoçadır (17).Futbol tarixində ilk dəfə videonəzarət sistemindən (VAR) istifadə olunduğu bu çempionatın qrup mərhələsində qapılara 24 dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib ki, bu da rekord göstəricidir. Belə ki, bundan əvvəl bir çempionatda ən çox 11 metrlik cərimə zərbəsinin sayı cəmi 18 olub.Tunis millisinin üzvü Faxreddin Ben Yussefin Panama ilə görüşün 51-ci dəqiqəsində vurduğu top futbol üzrə dünya çempionatları tarixində 2500-cü qol olub. Argentina-Nigeriya oyunun 14-cü dəqiqəsində Lionel Messi XXI dünya çempionatının 100-cü qolunun müəllifi kimi tarixə düşüb.Mundialda Avropanı təmsil edən milli komandalardan dördü – Almaniya, Polşa, İslandiya və Serbiya qrup mərhələsində mübarizəni dayandırıb. Almaniya dünya çempionatları tarixində ilk dəfə qrupdan çıxa bilməyib. Cənubi Amerikadan bu mundialda çıxış edən beş komandadan dördü səkkizdəbir finala yüksəlib. Mundialda debüt edən Panama yığması qrupda mübarizəni dayandırıb. Afrika qitəsini təmsil edən bütün milli komandalar qrupdan çıxa bilməyiblər.xeber100.com  

İyun 29, 2018 10:00

Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur

İyunun 28-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur. Mundialın on beşinci günündə “G” və “H” qruplarında qərarlaşan komandalar mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, günün ilk iki oyununda “H” qrupunda yer alan Yaponiya ilə Polşa və Seneqal ilə Kolumbiya milliləri üz-üzə gələcəklər. “G” qrupunda isə Belçika–İngiltərə və Panama–Tunis görüşləri keçiriləcək. “H” qrupunun görüşləri Bakı vaxtı ilə saat 18:00-da, “G” qrupunun oyunları isə saat 22:00-da başlayacaq.Günə “H” qrupunda yer alan komandaların oyunu ilə start veriləcək. Bu qrupda Polşanın səkkizdəbir finala vəsiqə qazanmaq şansı qalmayıb. Hazırda 4 xala malik Yaponiya və Seneqal yığmalarını növbəti mərhələyə adlamaq üçün bir xal qane edir. Qrupda üç xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.Yaponiya-Polşa görüşü “Volqoqrad Arena”da, Seneqal-Kolumbiya matçı isə “Samara Arena”da baş tutacaq.“H” qrupu ilə müqayisədə “G” qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidir. Hesabında 6 xal olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaqlar.İngiltərə-Belçika oyunu “Kalininqrad” stadionunda, Panama-Tunis qarşılaşması isə “Mordoviya Arena”da keçiriləcək.FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “fair play” göstəricilərinə əsasən, daha yaxşı vəziyyətdə olan komandaya verilir.Yaponiya – Polşa və İngiltərə – Belçika görüşləri Azərbaycan Televiziyasında təqdim olunacaq. Seneqal – Kolumbiya və Panama – Tunis görüşləri isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.xeber100.com  

İyun 28, 2018 11:27