“Yuventus” klubu 34-cü dəfə İtaliya çempionu adını qazanıb

“Yuventus” klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.Azərtac xəbər verir ki, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub. 37-ci turda səfərdə “Roma” ilə qolsuz heç-heçə edən “Qoca Sinyora” xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.“Yuventus”un ən yaxın izləyicisi “Napoli” səfərdə “Sampdoriya”nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı məğlub edib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri qalıb.Nəticədə “ağ-qaralar” son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran “Roma” isə bürünc medal qazanmaq şansını son tura saxlayıb.UEFA Avropa Liqasına düşmək uğrunda mübarizə aparan "Milan" və "Atalanta" üz-üzə qəlib. Oyunda hesabı qonaqlar açıblar. Yanik Kesi fərqlənib - 1:0. Matçın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Masiello adını tabloya yazdırıb - 1:1. Beləliklə görüş 1:1 hesabı ilə başa çatıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Bonevento” – “Genoya” - 1:0 “İnter” – “Sasuolo” - 1:2 “Bolonya” – “Kievo” - 1:2 “Fiorentino” – “Kalyari” - 0:1 “Verona” – “Udineze” - 0:1 “Torino” – “Spal” - 2:1 Beləliklə 37 turdan sonra İtaliya A Seriyasının bitməsinə bir tur qalmış çempionluğunu təmin edən “Yuventus” 92 xalla turnir cədvəlinə başçılıq edir. “Napoli” 88 xalla ikinci, “Roma” 74 xalla üçüncü, “Lazio” isə 72 xalla dördüncü sırada qərarlaşıblar.Qeyd edək ki, İtaliya çempionatının son turu mayın 19-da və 20-də keçiriləcək.xeber100.com

May 14, 2018 2:39

Şirkətlər arasında ticarət sazişi imzalanıb

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb.Azərtac xəbər verir ki, lisenziyalı idman ticarətində dünya lideri olan “Fanatics” şirkəti 2018-ci ildən etibarən Qran-Pri həftəsonlarında və onlayn şəkildə yarışın eksklüziv ticarət tərəfdaşı olacaq.Bu əməkdaşlığa imza atmaqla Formula 1 istehlak mallarının artımı istiqamətində böyük addım atmaq niyyətindədir. Şirkətin məqsədlərindən biri də Qran-Pri zamanı, onlayn, eləcə də telefon vasitəsilə alış-veriş edən yarış azarkeşləri üçün fərqli satış kanalları yaratmaqdır.“Fanatics” şirkəti ticarətin həcmini artıraraq, Formula 1, həmçinin Formula 1 üzrə dünya çempionatında iştirak edən komandaların premium məhsullarının və hər Qran-Pri üçün xarakterik olan əşyaların satışını həyata keçirəcək.Formula 1-in kommersiya şöbəsinin icraçı direktoru Şon Breçes əməkdaşlıqla bağlı deyib: “Bütün Qran-prilərdə apardığımız araşdırmalardan məlum oldu ki, azarkeşlər daha səmərəli alış-veriş etmək istəyirlər. İnanırıq ki, bu əməkdaşlıq Qran-Pri zamanı azarkeşlərin növbəsiz şəkildə daha çox çeşidli və keyfiyyətli alış-veriş etmələrinə şərait yaradacaq. Əməkdaşlığın əsas müsbət nəticəsi isə istər Formula 1 brendi altında, istərsə də komandaların təklif etdiyi məhsulların satışında olacaq artımdır”.xeber100.com

May 11, 2018 3:05