Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur

İyunun 28-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur. Mundialın on beşinci günündə “G” və “H” qruplarında qərarlaşan komandalar mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, günün ilk iki oyununda “H” qrupunda yer alan Yaponiya ilə Polşa və Seneqal ilə Kolumbiya milliləri üz-üzə gələcəklər. “G” qrupunda isə Belçika–İngiltərə və Panama–Tunis görüşləri keçiriləcək. “H” qrupunun görüşləri Bakı vaxtı ilə saat 18:00-da, “G” qrupunun oyunları isə saat 22:00-da başlayacaq.Günə “H” qrupunda yer alan komandaların oyunu ilə start veriləcək. Bu qrupda Polşanın səkkizdəbir finala vəsiqə qazanmaq şansı qalmayıb. Hazırda 4 xala malik Yaponiya və Seneqal yığmalarını növbəti mərhələyə adlamaq üçün bir xal qane edir. Qrupda üç xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.Yaponiya-Polşa görüşü “Volqoqrad Arena”da, Seneqal-Kolumbiya matçı isə “Samara Arena”da baş tutacaq.“H” qrupu ilə müqayisədə “G” qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidir. Hesabında 6 xal olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaqlar.İngiltərə-Belçika oyunu “Kalininqrad” stadionunda, Panama-Tunis qarşılaşması isə “Mordoviya Arena”da keçiriləcək.FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “fair play” göstəricilərinə əsasən, daha yaxşı vəziyyətdə olan komandaya verilir.Yaponiya – Polşa və İngiltərə – Belçika görüşləri Azərbaycan Televiziyasında təqdim olunacaq. Seneqal – Kolumbiya və Panama – Tunis görüşləri isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.xeber100.com  

İyun 28, 2018 11:27

Beynəlxalq turnirlərə hazırlıq davam edir

Güləş üzrə yığma komandalarımız reytinq xarakterli beynəlxalq turnirlərə hazırlığı davam etdirirlər.Azərtac xəbər verir ki, böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iyunun 24-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Yığma komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu toplanışa yığmanın üzvü olan 22 idmançını cəlb edib. İyulun 7-dək davam edəcək ümumi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışından sonra yığmanın üzvləri Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirəcək və iyulun 27-29-da İstanbulda keçiriləcək Yaşar Doğunun xatirəsinə reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcəklər.Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri isə iyulun 2-də Türkiyəyə yollanacaqlar. Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq heyətə əsas yığma ilə yanaşı, gənclərdən ibarət komandanın üzvlərindən də bir neçəsini cəlb edib. Ümumilikdə 16 yunan-Roma güləşçisi qonşu ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamızın üzvləri iyulun 20-22-də İstanbulda Vehbi Emrenin xatirəsinə reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.xeber100.com

İyun 27, 2018 12:05

Futbol üzrə dünya çempionatının on dördüncü günündə…

İyunun 27-də - Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on dördüncü günündə “E” və “F” qruplarında mübarizəyə yekun vurulacaq.Azərtac xəbər verir ki, “E” qrupunda sonuncu turda Serbiya ilə Braziliya və İsveçrə ilə Kosta-Rika milliləri üz-üzə gələcəklər. “F” qrupunda isə Cənubi Koreya – Almaniya və Meksika – İsveç görüşləri keçiriləcək. “F” qrupunun görüşləri Bakı vaxtı ilə saat 18:00-da, “E” qrupunun oyunları isə saat 22:00-da başlayacaq.Hazırda hər iki qrupda üç komandanın səkkizdəbir finala yüksəlmək şansı qaldığından bugünkü qarşılaşmaların gərgin idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmur. “E” qrupunda Braziliya və İsveçrə millilərinin 4 xalı olsa da, beşqat dünya çempionları top fərqinə görə birincidirlər. Birinci turda bu komandalar arasındakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Braziliya ikinci turda Kosta-Rikanı (2:0), İsveçrə isə Serbiyanı (2:0) məğlubiyyətə uğradıb. Serbiya birinci turda Kosta-Rikanı minimal hesabla məğlub etdiyi üçün 3 xalla qrupdan çıxmaq şansını saxlayır.“F” qrupunda da komandalar səkkizdəbir finala yüksəlmək üçün ciddi mübarizə aparacaqlar. İlk iki turda Almaniyaya (1:0) və Cənubi Koreyaya (2:1) qalib gəlməsinə baxmayaraq, Meksika millisi səkkizdəbir finala vəsiqəni tam təmin etməyib. Birinci turda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradan İsveç yığması Almaniyaya uduzmasına baxmayaraq (1:2), Meksika millisini məğlub edəcəyi təqdirdə səkkizdəbir finala yüksələ biləcək. Üç xalla qrupda ikinci olan Almaniya yığması isə səkkizdəbir finala vəsiqəni təmin etmək üçün Cənubi Koreya yığmasına qalib gəlməyə çalışacaq. İsveç Meksikaya, Almaniya isə Cənubi Koreyaya qalib gələcəyi təqdirdə qrupda üç komandanın 6 xalı olacaq və qalib top fərqinə görə müəyyənləşəcək.FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “Fair play” göstəricilərinə əsasən daha yaxşı vəziyyətdə olan komandaya verilir.Cənubi Koreya – Almaniya (18:00) və İsveçrə - Kosta-Rika (22:00) görüşləri Azərbaycan Televiziyasında təqdim olunacaq. Meksika – İsveç (18:00) və Serbiya – Braziliya görüşləri isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.xeber100.com

İyun 27, 2018 11:26