Stolüstü idman oyunları üzrə beynəlxalq turnir keçirilib

Azərbaycanın və Türkiyənin Xarkovdakı fəxri konsulluqlarının təşəbbüsü ilə bu şəhərdə stolüstü idman oyunları üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq turnirdə Ukraynada akkreditə olunmuş 20-yə yaxın ölkənin fəxri və baş konsulluqları, Xarkov şəhər meriyasının, ATƏT-in və BMT-nin Ukraynadakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının 124-cü ildönümünə həsr olunmuş turnirin açılış mərasimində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Vurğulanıb ki, sosial iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan dünyanın ən möhtəşəm idman yarışlarına ev sahibliyi edib.İdmanın dünya xalqlarının sülh və əmin-amanlıq rəmzinə çevrildiyini bildirən Xarkov şəhər merinin müavini Konstantin Loboyçenko idman oyunlarının keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan və Türkiyənin fəxri konsulluqlarına minnətdarlığını bildirib.Çıxışlardan sonra stolüstü idman oyunları üzrə beynəlxalq turnirə start verilib. On beş komandanın iştirak etdiyi turnirdə idmançılar tennis, şahmat, nərd, şaşki, atıcılıq və digər stolüstü oyunlar üzrə bacarıqlarını nümayiş etdiriblər. İki gün davam edən turnirdə Türkiyənin Xarkov şəhərindəki fəxri konsulluğunun komandası 1-ci, Azərbaycanın Xarkov şəhərindəki konsulluğunun komandası 2-ci, İsrailin yığma komandası isə 3-cü yerə çıxıblar.Dostluq və qardaşlıq görüşünə çevrilən turnirin sonunda qalib komandalara Xarkov Şəhər Administrasiyasının diplomları və kubokları təqdim olunub.xeber100.com

İyun 20, 2018 12:11

“Sportinq” futbol klubunun yeni baş məşqçisi bəlli oldu

Portuqaliyanın “Sportinq” futbol klubunun yeni baş məşqçisi bəlli oldu.Azərtac xəbər verir ki, Lissabon klubuna serbiyalı Sinişa Mixayloviç rəhbərlik edəcək. Qırx doqquz yaşlı məşqçi üçillik müqaviləyə imza atıb. Onun sonuncu klubu İtaliyanın “Torino” kollektivi olub. Mixayloviç hazırkı postda Jorje Jezuşu əvəzləyib. O, mövsüm başa çatandan sonra tutduğu vəzifədən istefaya göndərilmişdi.Xatırladaq ki, mayda klubda xoşagəlməz hadisə yaşanmışdı. Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını əldən verən “Sportinq” ikinci yer uğrunda mübarizə aparan “Maritimo”ya uduzaraq (1:2) UEFA Avropa Liqasına düşmüşdü. Bundan qəzəblənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşa xəsarət yetirmişdi. Azarkeşlərin hücumundan ən çox komandanın lideri sayılan Bas Dost xəsarət almışdı.Qapıçı Rui Patrisio, Daniel Podense, Vilyam Karvalyo, Celson Martinş, Bruno Fernandeş və Bas Dost komanda ilə müqaviləni birtərəfli qaydada pozublar.Qapıçı Rui Patrisio klubun prezidenti Bruno Di Karvalyonun davranışlarından narazı qalmışdı. Təcrübəli qolkiperin “Vulverxempton”a transferi reallaşmaq üzrə olarkən Di Karvalyo əlavə ödəmə tələb etdiyindən danışıqlar pozulmuşdu. Portuqaliya klubunun prezidenti geridə qalan mövsümdə komanda üzvlərinin antipatiyasını qazanmışdı. O, “Sportinq”in Avroliqada mübarizəni dayandırmasında futbolçuları günahlandırmışdı. Əvəzində bir neçə oyunçu sosial şəbəkə vasitəsilə Di Karvalyonun açıqlamasını tənqid etmişdi. Apreldə baş verən bu hadisədən sonra klub prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırmaq barədə qərar vermişdi.xeber100.com

İyun 20, 2018 11:59

XXI dünya çempionatının VII günündə…

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII günündə səkkizdəbir finalın daha üç iştirakçısı müəyyənləşə bilər.Azərtac xəbər verir ki, gün ərzində keçiriləcək oyunlarda “A” qrupunda yer alan komandalardan Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları üz-üz gələcəklər. “B” qrupunda isə Portuqaliya-Mərakeş və İran-İspaniya görüşləri keçiriləcək.Dünya çempionatının yeddinci gününə saat 16:00-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq Portuqaliya-Mərakeş oyunu ilə start veriləcək. Portuqaliya ilk turda İspaniya yığması ilə heç-heçə (3:3) edib. Mərakeş isə son dəqiqələrdə buraxdığı avtoqolla İran yığmasına minimal hesabla məğlub olub. İspaniya ilə oyunda het-trik edən Kriştiano Ronaldo çempionatda bombardir olmaq üçün bu görüşdə mümkün qədər çox qol vurmağa çalışacaq.Dünya çempionatlarında ilk qələbəsini 1986-cı ildə Portuqaliya üzərində qazanan (1:0) Mərakeş yığması növbəti mərhələyə yüksəlmək üçün bu uğuru təkrarlamalıdır. Lakin bu dəfə Şimali Afrika təmsilçisinin şansları çox azdır. Mərakeş yığması indiyədək qatıldığı dörd dünya çempionatında keçirdiyi 14 görüşün yalnız ikisində qalib gəlib.“A” qrupunda Rusiyanın iki qələbə qazanaraq 6 xalla səkkizdəbir finala yüksəlməsindən sonra bu qrupun favoriti sayılan Uruqvayın da Səudiyyə Ərəbistanını məğlub edərək növbəti mərhələyə çıxmaq şansları böyükdür. Bu komandalar ilk dəfədir üz-üzə gəlirlər. “Rostov Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Görüşü fransalı referi Klemen Turpin idarə edəcək.Günün saat 22:00-da başlayacaq üçüncü görüşündə hazırda “B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi “Kazan Arena”da qarşılaşacaqlar. İlk turda Mərakeş üzərində vacib üç xal qazanan İran qrupdan çıxmaq şanslarını qorumaq üçün bu görüşdə ən azı heç-heçə etməlidir. Birinci turda Portuqaliya ilə heç-heçədən sonra ispaniyalılar səkkizdəbir finala çıxmaq şanslarını yaxşılaşdırmaq üçün 3 xalla qrupa liderlik edən İran millisini mütləq məğlubiyyətə uğratmalıdırlar.Portuqaliya - Mərakeş oyunu saat 16:00-da İdman Azərbaycan və İctimai Televiziya vasitəsilə birbaşa yayımlanacaq. Azərbaycanlı idmansevərlər Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşmasına saat 19:00-da İdman Azərbaycan kanalında baxa biləcəklər. İran-İspaniya görüşü isə saat 22:00-da İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.xeber100.com

İyun 20, 2018 11:14