“Atletiko Madrid” futbol klubu “Marsel” ilə üz-üzə qəlib

UEFA Avropa Liqasının qalibi İspaniyanın "Atletiko Madrid" klubu olub.Azərtac xəbər verir ki, Avropa Liqasının iki finalçısı İspaniyanın "Atletiko Madrid" və Fransanın "Marsel" klubu Lion şəhərində üz-üzə qəlib. İlk hissədə üstünlük daha çox fransızlarda olub. İlk real qol vəziyyətini də "Marsel" yaradıb. Oyunun 2-ci dəqiqəsində qapıçı ilə təkbətək qalan Okampos fürsəti əldən verib. Rudi Qarsiyanın yetirmələri rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Amma hücumlara baxmayaraq, hesabı "Atletiko Madrid" açıb. Müdafiəçilərin kobud səhvini Antuan Qrizman bağışlamayıb - 1:0. Matçın 32-ci dəqiqəsində "Marsel" klubunun kapitanı Dimitri Payetin zədələnərək meydanı tərk edib.Qoldan sonra hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib. Birinci hissə bu hesabla başa çatıb.Fasilədən sonra 49-cu dəqiqədə A.Qrizman dublunu rəsmiləşdirib - 2:0. Matçın 89-cu dəqiqəsində cəzalı olduğundan tribunadan oyunu izləyən Dieqo Simyonenin yetirmələri son nöqtəni qoyub. Qabi fərqlənib - 3:0. Beləliklə, stadiondan 68 min nəfərin izlədiyi final oyunu "Atletiko Madrid"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, daha əvvəl Madrid təmsilçisi 2010-cu və 2012-ci illərdə Avroliqanın baş mükafatını əldə edib. "Marsel" üzərində qələbə sayəsində isə "Atletiko" 2018-2019 mövsümündə də Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnib.xeber100.com

May 17, 2018 12:22

Güləşçilər arasında Avropa çempionatı davam edir

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatda sərbəst güləşçilərin yarışları başa çatıb. Yığma komandamızın üzvləri çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Bütün rəqiblərindən üstün olan Turan Bayramov (65 kq) çempionatın qızıl medalına yiyələnib. Qızıl medal qazanan Turan Bayramov həm də 65 kiloqram çəki dərəcəsində yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqəni təmin edib.Yalnız final görüşündə uduzan Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Kənan Heybətov (45 kq) və Əlihəsən Əmirli (48 kq) qazandırıblar.Bu nəticə ilə yığmamız komanda hesabında çempionatı Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada başa vurub. Ancaq nə Türkiyə, nə də Gürcüstan komandaları Olimpiya Oyunlarına vəsiqə qazana bilməyiblər.Qeyd edək ki, Avropa çempionatı oktyabrın 12-14-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər. Çempion olan və lisenziya qazansa da Olimpiadada iştirak etməyəcək idmançını həmin çəkidə ikinci yeri tutmuş ölkə təmsilçisi əvəzləyəcək.xeber100.com

May 17, 2018 12:10