UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib

Aprelin 26-da UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Azərtac xəbər verir ki, bu mərhələnin daha maraqla gözlənilən matçı Londonda “Arsenal” ilə “Atletiko” klubları arasında oynanılıb.Oyunun birinci hissəsi gərgin idman mübarizə şəraitində keçsə də, hesab açılmayıb, lakin maraqlı hadisələrlə yadda qalıb. Matçın 10-cu dəqiqəsində isə “Atletiko”nun futbolçusu Vrsaljko meydandan qovulub. Bir qədər sonra isə hakimə kəskin etiraz etdiyinə görə qonaqların baş məşqçisi Simeone texniki zonadan uzaqlaşdırılıb.Oyunda hesab 61-ci dəqiqədə açılıb. “Arsenal”ın fransalı hücumçusu Aleksandr Lakazet başla topu rəqib qapısından keçirib - 1:0. Qoldan sonra meydan sahiblərinin hesabı artırmaq üçün bir sıra imkanları olsa da, bunlardan yararlana bilməyiblər. Əvəzində isə daha çox əks-hücumlara üstünlük verən ispanlar oyunun bitməsinə səkkiz dəqiqə qalmış istəklərinə çatıblar. Antuan Qrizman adını tabloya yazdırıb - 1:1.Beləliklə, görüş heç-heçə başa çatıb.Yarımfinal mərhələsinin digər oyunu isə Fransada keçirilib. “Marsel” klubu Avstriyanın “Zalsburq” kollektivini qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Florian Tauvən və Klinton NJie fərqləniblər.Yarımfinal mərhələsinin cavab oyunları mayın 3-də keçiriləcək.xeber100.com

Aprel 27, 2018 12:35

Bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib

Aprelin 27-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib.Azərtac xəbər verir ki, Dünya Kuboku yarışında ilk olaraq çoxnövçülük (halqa və top) üzrə fərdi yarışlarda mübarizə aparan gimnastlar məharətlərini göstərirlər. Azərbaycanı fərdi yarışlarda “A” qrupunda Zöhrə Ağamirova və Veronika Hudis təmsil edirlər.Azərbaycan paytaxtında altıncı dəfə təşkil edilən turnirdə 26 ölkədən 127 gimnast mübarizə aparır. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edəcək.Yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq, hər iki proqram üzrə çoxnövçülükdə qaliblərin və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.Yarışların sonuncu günündə keçiriləcək final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.Turnirdə, həmçinin ən yüksək icra xalını toplayan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.Azərbaycanı turnirdə 7 gimnast - Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva, Siyana Vasileva, Zöhrə Ağamirova, Veronika Hudis təmsil edəcəklər.Yarışın açılış mərasimi saat 17:30-da keçiriləcək.Turnir aprelin 29-dək davam edəcək.xeber100.com

Aprel 27, 2018 12:26