UEFA Çempionlar Liqasında final mərhələsinə start veriləcək

Aprelin 3-də UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İspaniyanın “Real” klubunu qəbul edəcək. Komandalar indiyədək 20 dəfə qarşılaşıblar. Komandalar sonuncu dəfə 2017-ci ildə üz-üzə gəliblər. “Millennium” stadionunda Çempionlar Liqasının final mərhələsinə təsadüf edən görüşdə “Real” 4:1 hesabı ilə qalib gəlib. Turinlilərin heyətində cəzalı olan Medhi Benatiya və Miralem Pyaniç bu görüşü buraxacaq. Zədəli Aleks Sandronun da meydana çıxacağı sual altındadır. “Real”da isə kapitan Serxio Ramos zədə səbəbindən oyunu buraxa bilər. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşmanın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.Günün digər oyununda isə İspaniyanın “Sevilya” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasının qəbul edəcək. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk qarşılaşmasında Almaniya təmsilçisi favorit hesab olunur. Lakin münxenlilər son beş İspaniya səfərindən əliboş dönüb.“Sevilya”da Ever Baneqa cəzalı, Xesus Navas izə zədəlidir. “Bavariya” isə uzun müddətdir zədəli olan Manuel Noyer və Kinqsli Komanın xidmətindən yararlana bilməyəcək. Oyunu Daniele Orsatonun rəhbərliyi altında italiyalı hakimlər briqadası idarə edəcək. Ona Rikkardo Di Fiore və Lorenzo Manganelli kömək edəcəklər. Davide Massa və Antonio Domato əlavə hakimlər, Alessandro Djalatini isə dördüncü hakim olacaq.Qeyd edək ki, dörddəbir final mərhələsinin digər oyunları aprelin 4-də keçiriləcək. “Liverpul” “Mançester Siti”ni, “Barselona” isə “Roma”nı qəbul edəcək.xeber100.com

Aprel 3, 2018 11:41

“Alain Dauliac” beynəlxalq fiqurlu konkisürmə kubokunda

Azərbaycanlı idmançı Orxan Məmmədov Fransanın Paris şəhəri yaxınlığındakı Sent-Uen kommunasında keçirilən 35-ci “Alain Dauliac” beynəlxalq fiqurlu konkisürmə kubokunda 2-ci yeri tutub.Azərtac xəbər verir ki, fiqurlu konkisürmə kubokunda Almaniya, Hollandiya, İsveç, İsveçrə, Danimarka, Rusiya, İtaliya, İngiltərə, Qazaxıstan, Cənubi Afrikadan 400 konkisürən iştirak edib.İdman karyerasına 4 yaşında Bakıda gimnastika ilə başlayan Orxan Məmmədov 2013-cü ildə ailəsi ilə birlikdə Fransaya köçüb və fiqurlu konkisürmə ilə məşğul olub.O, 2014 və 2015-ci illərdə Vitri (Vitry) kubokunun qalibi olub. 2016-cı ildə Qarjuaz (Gargeoise) və 2017-ci ildə Fontöne (Fontenay), Qarjuaz (Gargeoise), Fransua lö Komt (François le Compte), Bor dö Marn (Bords de Marne) kuboklarının qalibi olub və Kot dö Nakre (Cote de Nacre) mükafatını qazanıb.2018-ci ilin yanvarında keçirilən Fontöne (Fontenay), Bor dö Marn (Bords de Marne) kuboklarında qalib gəlib. 2018-ci ilin mart ayında keçirilən fiqurlu konkisürmə üzrə ölkə çempionatında komanda hesabına qalib gələrək Fransa yığmasının heyətinə cəlb edilib.Qeyd edək ki, ölkəmizin Fransadakı səfirliyi Orxan Məmmədovun Sent-Uen kommunasında keçirilən 35-ci “Alain Dauliac” beynəlxalq fiqurlu konkisürmə kubokunda iştirakına kömək göstərib.xeber100.com

Aprel 2, 2018 1:55

21-ci “Zəfər Kuboku” beynəlxalq turniri başa çatıb

Türkiyənin Gebze şəhərində yeniyetmələr arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 21-ci “Zəfər Kuboku” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, dörd gün davam edən yarışın yekununda sərbəst, yunan-Roma və qadın güləşçilərimiz, ümumilikdə 7 qızıl, 5 gümüş və 8 bürünc medal olmaqla 20 medal qazanıblar.Yarışda Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq), Turan Bayramov (65 kq) qızıl, Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq) gümüş, Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) bürünc medalla yarışları başa vuran sərbəst güləş yığmamız komanda hesabında ikinci olub. Türkiyə birinci, Rusiya yığması isə üçüncü nəticə göstərib.Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq) birinci, Şahanə Nəzərova (43 kq) ikinci, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnur Məmmədova (61 kq) isə üçüncü olublar. Yeniyetmə qızlarımız da komanda hesabında Türkiyədən sonra ikinci pillədə qərarlaşıblar. Rumıniya güləşçiləri isə üçüncü yeri tutublar.Yunan-Roma güləşçilərinin yarışlarında Həzrət Cəfərov (51 kq) qızıl, Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq) və Laçın Vəliyev (92 kq) bürünc medalla Vətənə dönüblər. Yunan-Roma güləşçilərimiz isə komanda hesabında üçüncü yeri tutublar. Türkiyə birinci, Gürcüstan komandası ikinci olub.Türkiyənin Gebze şəhərində keçirilmiş "Zəfər Kuboku" beynəlxalq turnirində qazanılmış nəticə aprelin 23-29-da Kiyevdə keçiriləcək Avropa çempionatı öncəsi məşqçilər korpusunun yığma komanda üzvlərini sınaqdan keçirməsi və heyətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71, 92, sərbəst güləş üzrə 48, 55, 65, 80, 110, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.xeber100.com

Aprel 2, 2018 1:38