“Qəbələ” klubu “Mançester Siti” ilə qarşılaşacaq

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. “Qırmızı-qaralar” aprelin 5-8-də Türkiyədə keçiriləcək ənənəvi “İzmir Cup”da qüvvələrini sınayacaqlar.Azərtac xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, məşqçilər Şəhruz Mustafayev və Elçin Rzazadə turnirdə 16 futbolçuya güvənəcək. Bunlar Əli Tahirov, İslam Əbdüləzizov, İlkin Budaqov, Elnur Mustafayev, Mahir Mehdiyev, Sənan Məsimov, Ceyhun Bağırzadə, Nurlan Ağabəyov, Cümə Hüseynov, Ziya Şəkərxanov, Həsən Nəzərli, Samid Əhmədov, Murad Ağamalıyev, Sənan Zəkəriyyəyev, Fərid İsayev və Vüsal Əmirəhmədovdur.Turnirdə 56 komanda mübarizə aparacaq. Aprelin 6-da qrup mərhələsinin oyunları keçiriləcək. “Qəbələ” “A” qrupunda İngiltərənin “Mançester Siti”, Hollandiyanın “Alkmaar”, Türkiyənin “Qalatasaray”, “Çaykur Rizəspor”, “Karasu” və “Altay” klublarının U-12 komandaları ilə üz-üzə gələcək. “Qırmızı-qaralar” ilk turda “Çaykur Rizəspor”, ardınca “Karasu” ilə qarşılaşacaq. Növbəti iki matçında “Mançester Siti” və “Qalatasaray”la görüşəcək komandamız V turda istirahət edib, sonda “Altay” və “Alkmaar”la üz-üzə gələcək. İştirakçıların növbəti mərhələdəki rəqibləri qrupda tutduqları yerlərə əsasən müəyyənləşəcək.xeber100.com

Aprel 5, 2018 12:51

Şahmat üzrə ənənəvi 5-ci beynəlxalq superturnir keçiriləcək

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi 5-ci beynəlxalq superturnir keçiriləcək. Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçiriləcək XXI kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.Azərtac xəbər verir ki, turnirin Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, “Shamkir Chess” turnirinin ikiqat qalibi, FIDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2792), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778), dünya kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778), Hollandiya şahmatının lideri Aniş Giri (2777), FIDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749), çexiyalı David Navara (2745) iştirak edəcəklər.Azərbaycanı Vüqar Həşimov Memorialında “Shamkir Chess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FIDE reytinqində ikinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcəklər.XXI kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsen olacaq. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2843 xalla 1-ci pillədə qərarlaşıb.Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” turnirinin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Doqquz turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.Xatırladaq ki, 2014 və 2015-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. Son iki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.xeber100.com

Aprel 5, 2018 12:48

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 27-də “Jamiroquai”nın iştirakı ilə baş tutacaq axşam konsertinin ardınca məşhur DJ Afrojack idmansevərlərə coşqulu gecə təqdim edəcək. Əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Baku Crystal Hall”da keçiriləcək.Azərtac xəbər verir ki, “Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən peşəkar sənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb. Onun bəstələdiyi treklər sırasına Beyonsun “Run the world (Girls)”, Madonnanın David Quetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri “Give me everything” mahnıları daxildir.Qeyd edək ki, bütün tamaşaçıların Bakı şəhər halqasından “Baku Crystal Hall”a rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək. Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit-yolu gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib Dənizkənarı Bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonundan hərtərəfli zövq ala biləcəklər.xeber100.com

Aprel 4, 2018 2:19

Sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək

Aprelin 7-8-də ABŞ-ın Ayova ştatında sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, aprelin 3-də Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov yarışda iştirak edəcək sərbəst güləş üzrə milli komandamızın heyətini açıqlayıb.Bildirilib ki, heyətdə Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.Eyni zamanda, yığma komandanın baş məşqçisi olan Firdovsi Umudova məşqçi qismində Zəlimxan Hüseynov ilə Arif Abdullayev də kömək edəcəklər.Yığmamız Dünya Kubokunun “B” qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə “A” qrupunda yarışacaq. Lakin Rusiya millisinə hələlik viza verilmədiyindən, İran isə yarışa qatılmaqdan imtina etdiyindən onları Monqolustan və Hindistan əvəzləyəcək. Şimal qonşularımızla bağlı məsələ tam yekunlaşdıqdan sonra asiyalılar dördüncü komanda kimi püşklə qruplara salınacaq.Ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004-cü və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.xeber100.com

Aprel 4, 2018 2:15