XXII beynəlxalq turnir keçiriləcək

Fevralın 23-25-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri iştirak edəcəklər.Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamızın üzvləri Kiyevdə yerləşən Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi əvəzi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın 5 üzvü turnirdə sınaqdan keçiriləcək. Heyətdə Türkan Nəsirova (50 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və İrina Netreba (65 kq) yer alıblar.Sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 15 pəhləvanımız Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev, Kənan Əliyev (hamısı 86 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) təmsil edəcəklər.Yunan-Roma güləşi yarışlarında millimizin baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 11 idmançımız mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 97 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar.Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ölkəmizi təmsil edəcək.Proqrama əsasən, fevralın 23-də yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97, sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 kiloqram və qadın güləşi üzrə 50, 55, 59, 65, 72 kiloqram çəkidə idmançılar, fevralın 24-də isə 60, 67, 77, 87 və 130 kiloqramda yunan-Roma, 61, 70, 79, 92 və 125 kiloqram çəkidə sərbəst, 53, 57, 62, 68 və 76 kiloqramda isə qadın güləşçilər yarışacaqlar.xeber100.com  

Fevral 20, 2018 1:45

Ağır atletika üzrə seçmə mərhələsi keçiriləcək

Fevralın 24-dən martın 4-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, məqsəd regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda fevralın 24-25-də keçiriləcək yarışlara Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər qatılacaqlar. Fevralın 28-dən martın 1-dək Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, martın 3-4-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2000-2006-cı il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.Qeyd edək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.xeber100.com

Fevral 20, 2018 1:11

Tennis üzrə Azərbaycan çempionatına start verilib

Fevralın 20-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ölkə çempionatı start götürüb.Azərtac xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov çempionatın cari ildə ASTF-in keçirdiyi ilk rəsmi tədbir olduğunu vurğulayıb. Ötən il stolüstü tennisçilərimizin mühüm nailiyyətlər qazandıqlarını vurğulayan F.Məmmədov deyib ki, müstəqil Azərbaycan tarixində stolüstü tennis üzrə gənclər arasında ilk Avropa çempionumuz var. Artıq bir tennisçimiz 2018-ci il Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Federasiyanın bu il üçün də tədbirlər planı olduqca zəngindir. Stolüstü tennisçilərimiz yerli və beynəlxalq yarışlarda iştirak edəcəklər.Azərbaycan dövlətinin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına yüksək diqqət və qayğı göstərdiyini qeyd edən federasiyanın vitse-prezidenti bildirib ki, ölkəmizin idman imicinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülüb.Çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edir. Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları şəxsi, komanda, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparacaqlar. Ölkə çempionatına fevralın 23-də yekun vurulacaq.xeber100.com

Fevral 20, 2018 12:09

Türkiyə Super Liqasının 22-ci turunun növbəti oyunları keçirilib

Fevralın 18-də futbol üzrə Türkiyə Super Liqasının 22-ci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi görüşündə çempionatda ikinci sırada qərarlaşan "Başakşehir" komandası güclü "Trabzonspor" klubunun qonağı olub. Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında "Başakşehir" minimal hesabla qalib gəlib - 1:0. Rəqib meydanında yeganə qolu Emmanuel Adebayor vurub. Bu oyundan sonra "Başakşehir" komandası xallarının sayını 46-ya çatdıraraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib.Sonra Türkiyə Superliqasının liderlərindən biri "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə oynayıb. Gərgin idman mübarizəsi şəraitində keçən matç 2:1 hesabı ilə meydan sahiblərinin xerinə başa çatıb. Oyunda hesabı görüşün 37-ci dəqiqəsində "Qalatasaray"ın futbolçusu Qeri Rodriqes açıb. "Kasımpaşa" komandası 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Mbaye Diagne "Qalatasaray"ın qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. İkinci hissəsinin 80-ci dəqiqəsində "Kasımpaşa" komandası Benqali Koitanın vurduğu topla hesabda önə çıxıb. Oyunun sonlarında "Qalatasaray"ın cəhdlərinə baxmayaraq hesabı bərabərləşdirmək mümkün olmayıb. Beləliklə "Qalatasaray" çempionluq uğrunda mübarizədə səfərdə vacib iki xal itirib.Turun bu gün keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Bursaspor" – "Yeni Malatyaspor" - 0:0, "Karabükspor" – "Akhisar" - 0:3. Turun fevralın 17-də keçirilən oyununda çempionluq uğrunda yarışan komandalardan "Fənərbağça" öz meydanında "Alanyaspor"a 3:0 hesabı ilə qalib gəlib.22-ci tura fevralın 19-da keçiriləcək "Gənclərbirliyi" – "Göztəpə" oyunu ilə yekun vurulacaq.Qeyd edək ki, hazırda hesabında 46 xal olan "Başakşehir" turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" və "Fənərbağça" 44 xalla ikinci, üçüncü yerləri bölüşürlər. "Beşiktaş" 41 xalla dördüncü, "Kayserispor" isə 35 xalla beşinci pillədə qərarlaşıb.xeber100.com

Fevral 19, 2018 3:36

İspaniya La Liqasının XXIV turunda

Futbol üzrə İspaniya La Liqasının XXIV turunda lider "Barselona" səfərdə "Eibar"ın qonağı olub.Azərtac xəbər verir ki, matçda hesabı qonaqlar açıblar. Görüşün 16-cı dəqiqəsində Luis Suares fərqlənib. İlk hissə bu hesabla da başa çatıb.Fasilədən sonra "Eibar"ın hücumçusu Fabian Orellana etdiyi qayda pozuntusuna görə ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Təzyiqi artıran Kataloniya təmsilçiləri oyunun 88-ci dəqiqəsində Jordi Albanın qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıblar.Beləliklə matç "Barselona"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Həftənin qarşılaşmasında isə "Atletiko Madrid" klubu doğma meydanda "Atletik Bilbao"nu məğlub edib. Görüşün 67-ci dəqiqəsində Kevin Gameiro oyunda hesabı açıb. Qarşılaşmanın 80-ci dəqiqədə Dieqo Kosta komandasının ikinci qolunu vurub - 2:0. Oyun bu hesabla da bitib.Turun maraqla gözlənilən matçlarından biridə "Real Betis" və "Real Madrid" klubları arasında olub. Matçda hesab 11-ci dəqiqədə açılıb. Kral klubunun yarımmüdafiəçisi Marko Asensio hədəfi dəqiq nişan alıb. Görüşün 33-cü dəqiqəsində Aissa Mandi meydan sahiblərinin bərabərlik qolunu vurub. İlk hissənin 37-ci dəqiqəsində müdafiəçi Fernandez vurduğu avtoqol ilə "Betis" hesabda önə çıxıb -2:1. Komandalar fasiləyə bu hesabla yollanıblar.Oyunun 50-ci dəqiqəsində Serxio Ramos hesabı bərabərləşdirib. Bu qoldan yeddi dəqiqə sonra M.Asensio komandasını hesabda önə çıxarıb. Görüşün 66-cı dəqiqəsində Kriştianu Ronaldu hesab arasındakı fərqi bir qədərdə artırıb - 2:4."Betis"in hücumçusu Serxio Leon 85-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib - 3:4. Matçın əsas vaxtının son dəqiqəsində Kərim Benzema komandasının beşinci qoluna imza atıb.Beləliklə oyun "Real Madrid"in 5:3 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

Fevral 19, 2018 3:34