AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XVI turunda yaşanan xoşagəlməz hallar müzakirə olunub və müvafiq qərarlar verilib.“Qəbələ” – “Zirə” görüşündən sonra meydanda yaşananları araşdıran komitə sərt cəzalara ehtiyac duyub. Komitə üzvləri oyunun video yazısını izlədikdən sonra “Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin üzvləri Riçard Qadze ilə Sadio Tounkara aqressiv hərəkətlərə yol verdiyini aşkarlayıb. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimələnib.“Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq kənarlaşdırılıb, klubunu 4000 manat ziyana salıb. Ona verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq ediləcək və 6 ay sınaq müddəti veriləcək. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.“Qəbələ” isə təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat ödəyəcək. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.“Qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, komandasını 800 manat xərcə salıb.Paytaxt təmsilçisi həm də 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.“Sumqayıt” – “Neftçi” görüşündə də 5 oyunçusu xəbərdarlıq alan qonaqlar eyni məbləğdə cərimə ödəməlidi.Bakı klubunun futbolçusu Rəşad Sadiqovun azarkeşi təhqir etdiyi üçün meydandan qovulması da “ağ-qaralar”a baha başa gəlib. O üç oyunluq, “Neftçi” 1600 manatlıq cəriməyə məruz qalıb.“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.xeber100.com

Fevral 21, 2018 3:13

Çempionlar Liqasının ilk oyunları çərçivəsində

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, mərhələnin ən maraqlı görüşlərindən biri məhz bu gün oynanılıb.Günün ən önəmli və həyəcanlı oyunu Londonda keçirilib və “Barselona” “Çelsi”nin qonağı olub. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoritləri sırasında olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olardı. Meydan sahiblərinin ən fəal oyunçusu olan Villian birinci hissədə 2 dəfə dirəyə "ilişsə"də, 62-ci dəqiqədə üçüncü cəhdində Ter Ştegeni məyus edə bilib. Lakin sona 15 dəqiqə qalmış Lionel Messi bərabərlik qoluna imza atıb - 1:1.Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla gözlənilirdi. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi “Beşiktaş” Münhendə möcüzə axtarışına çıxmışdı. Lakin matçın əvvəllərində müdafiəçi Domaqoy Vidanın aldığı qırmızı vərəqə “qara qartallar”ın planını pozub. Nəticədə uzun müddət azlıqda çıxış edən rəqibinin qapısından 5 cavabsız top keçirən “Bavariya” 1/4 final mərhələsinə vəsiqəni, demək olar ki, rəsmiləşdirib. Bu nəticədən sonra İstanbuldakı cavab görüşü formal xarakter daşıyacaq.xeber100.com

Fevral 21, 2018 3:07

XXII beynəlxalq turnir keçiriləcək

Fevralın 23-25-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri iştirak edəcəklər.Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamızın üzvləri Kiyevdə yerləşən Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi əvəzi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın 5 üzvü turnirdə sınaqdan keçiriləcək. Heyətdə Türkan Nəsirova (50 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və İrina Netreba (65 kq) yer alıblar.Sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 15 pəhləvanımız Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev, Kənan Əliyev (hamısı 86 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) təmsil edəcəklər.Yunan-Roma güləşi yarışlarında millimizin baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 11 idmançımız mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 97 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar.Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ölkəmizi təmsil edəcək.Proqrama əsasən, fevralın 23-də yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97, sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 kiloqram və qadın güləşi üzrə 50, 55, 59, 65, 72 kiloqram çəkidə idmançılar, fevralın 24-də isə 60, 67, 77, 87 və 130 kiloqramda yunan-Roma, 61, 70, 79, 92 və 125 kiloqram çəkidə sərbəst, 53, 57, 62, 68 və 76 kiloqramda isə qadın güləşçilər yarışacaqlar.xeber100.com  

Fevral 20, 2018 1:45

Ağır atletika üzrə seçmə mərhələsi keçiriləcək

Fevralın 24-dən martın 4-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, məqsəd regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda fevralın 24-25-də keçiriləcək yarışlara Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər qatılacaqlar. Fevralın 28-dən martın 1-dək Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, martın 3-4-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2000-2006-cı il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.Qeyd edək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.xeber100.com

Fevral 20, 2018 1:11

Tennis üzrə Azərbaycan çempionatına start verilib

Fevralın 20-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ölkə çempionatı start götürüb.Azərtac xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov çempionatın cari ildə ASTF-in keçirdiyi ilk rəsmi tədbir olduğunu vurğulayıb. Ötən il stolüstü tennisçilərimizin mühüm nailiyyətlər qazandıqlarını vurğulayan F.Məmmədov deyib ki, müstəqil Azərbaycan tarixində stolüstü tennis üzrə gənclər arasında ilk Avropa çempionumuz var. Artıq bir tennisçimiz 2018-ci il Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Federasiyanın bu il üçün də tədbirlər planı olduqca zəngindir. Stolüstü tennisçilərimiz yerli və beynəlxalq yarışlarda iştirak edəcəklər.Azərbaycan dövlətinin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına yüksək diqqət və qayğı göstərdiyini qeyd edən federasiyanın vitse-prezidenti bildirib ki, ölkəmizin idman imicinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülüb.Çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edir. Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları şəxsi, komanda, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparacaqlar. Ölkə çempionatına fevralın 23-də yekun vurulacaq.xeber100.com

Fevral 20, 2018 12:09