VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub. Turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayacaq. Birinci oyun günündə 3 turun oyunları keçirilib. İlk turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov qalib gəlib. O, komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli Van Hao ilə heç-heçə edib. Abdulla Süleymanlı isə ABŞ təmsilçisi Semuel Şenklendə uduzub. Hindistanlı Qukeş Dommaracu Rumıniya idmançısı Riçard Rapporta, Özbəkistan zəka sahibi Nodirbek Abdusattorov isə ispaniyalı Valeho Ponsa qalib gəlib. İkinci turda R.Məmmədov Q.Dommaracuya, V.Pons R.Rapporta, N.Abdusattorov A.Süleymanlıya, V.Hao isə A.Qədimbəyliyə qalib gəlib. Ş.Məmmədyarov isə S.Şenklendlə heç-heçə edib. Günün sonuncu turunda R.Məmmədov V.Hao, A.Qədimbəyli isə S.Şenklendlə sülhə razılaşıb. A.Süleymanlı R.Rapporta, Ş.Məmmədyarov N.Abdusattorova, Q.Dommaracu isə V.Ponsa məğlub olub. Hesabında 6 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 4 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur. Dekabrın 19-da növbəti 3 turun oyunları keçiriləcək. Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub. Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.xeber100.com

Dekabr 18, 2022 1:17

Futbol üzrə Argentina millisi dünya çempionu olub

Futbol üzrə Argentina millisi dünya çempionu olub. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Matçın qalibini, eyni zamanda, dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda tərəflər bir dəfə fərqləniblər – 3:3. Qolları matçın 109-cu dəqiqəsində argentinalı Lionel Messi, 118-ci dəqiqəsində Fransa millisinin üzvü Kilyan Mbappe vurublar. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən Argentina millisi dünya çempionatının qalibi adını qazanıb. Qeyd edək ki, oyunda hesabı Lionel Messi açıb. O, matçın 23-cü dəqiqəsində Fransanın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. Matçın 36-cı dəqiqəsində isə Lionel Messinin ötürməsindən sonra Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesabla başa çatıb. Matçın ikinci hissəsinə fransızlar fəal başlayıblar. Fransa yığması matçın sonlarına doğru hesabı bərabərləşdirməyi bacarıb. Kilyan Mbappe matçın 80-ci dəqiqəsində rəqibin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 2:1. Bu qoldan bir dəqiqə sonra səhnəyə yenidən Kilyan Mbappe çıxıb. Bu dəfə Markus Türamın ötürməsini dəqiq tamamlayan Fransa yığmasının ulduzu hesabı bərabərləşdirib. – 2:2.xeber100.com

Dekabr 18, 2022 1:14

Azərbaycan Cüdo Federasiyası: Cüdoçuların Bakı birinciliyi başa çatıb

On səkkiz yaşadək cüdoçuların Bakı birinciliyi başa çatıb.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışa 56 klub, cəmiyyət və idman təşkilatından 613 (41 qız, 572 oğlan) cüdoçu qatılıb.Üç gün davam edən yarışda 16 çəki dərəcəsində mükafatçılar bəlli olub. Belə ki, oğlanların yarışında Səid İsayev (46 kq), Telman Abdullayev (50 kq), Zamin Alıyev (55 kq), Məhəmməd Musayev (60 kq), Mehdi Cəfərov (66 kq), Əbil Yusubov (73 kq), Hüseyn Hüseynov (81 kq), Tuncay Şamil (90 kq), Ramazan Əhmədov (+90 kq) birinci yeri tutublar. Qızların mübarizəsində isə Dərya Bıkova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Fəridə Mirzəyeva (52 kq), Röya Cəfərova (57 kq), Mələk Bayramlı (63 kq), Zeynəbxanım Əsədova (70 kq) qalib adına layiq görülüblər.Yarışda Bakı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında, qızlar və oğlanlar arasında medal sayına görə birinci olub. “Cüdo Klub 2012” ikinci, Respublika Kompleks İdman Məktəbi isə üçüncü pillədə qərarlaşıblar.Yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə namizədlərin seçilməsidir.Birincilik çərçivəsində Azərbaycanda cüdo idman növünün yaranmasının 50 illik yubileyi münasibəti ilə cüdo ailəsinin üzvlərinə Azərbaycan Cüdo Federasiyası tərəfindən diplom və sertifikatlar təqdim edilib.Diplom və sertifikat alanlar sırasında məşqçilər, hakimlər, tibbi heyət üzvləri, cüdo üzrə milli yığmaların sabiq və hazırkı idmançıları və digər şəxslər olublar.xeber100.com

Dekabr 16, 2022 10:32