Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılış mərasimi keçirilib

Oktyabrın 2-də Bakıda Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə boksun tarixindən bəhs edən videoçarx nümayiş olunub.Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirə dünyanın ən məşhur boksçularının qatıldığını vurğulayaraq, Konvensiyanın boksun inkişafına yeni təkan verəcəyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarına qatılıb və 1 medala sahib olub. Ötən il idmançılarımız Rio-de-Janeyroda təşkil olunan Olimpiadada 18 medal qazanıblar. Bu, Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.“Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə irimiqyaslı yarışların təşkili üçün beynəlxalq standartlara cavab verən idman infrastrukturu var. Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və Bakı Olimpiya Stadionu möhtəşəmliyi ilə fərqlənir”, - deyə A.Rəhimov əlavə edib.Azərbaycanın boks üzrə də mühüm nailiyyətlərinin olduğunu qeyd edən Azad Rəhimov Məhəmmədrəsul Məcidovun Almaniyada üçqat dünya çempionu adını qazandığını xatırladıb.Sonra Konvensiyaya qatılan çempionlar təqdim edilib. Ardınca dünya çempionu Vitali Kliçkonun karyerasından bəhs edən qısa film nümayiş olunub.V.Kliçko yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait var. O, idmana göstərdiyi qayğıya və Konvensiyanın yüksək səviyyədə keçirilməsində dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.“Azərbaycan gözəl ölkədir. Burada idman infrastrukturu beynəlxalq standartlara cavab verir. Ümid edirəm ki, Azərbaycan boksçuları WBC-də çempion olacaqlar. Çünki burada kifayət qədər peşəkar boksçular var”, - deyə V.Kliçko vurğulayıb.Konvensiya digər təqdimatlarla davam edib.xeber100.com

Oktyabr 2, 2017 10:35

Ağır Atletika Federasiyasının məlumatına görə…

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatıb.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yarışda 40-a yaxın ölkədən 264 atlet medallar uğrunda mübarizə aparıb.Azərbaycan ağır atletika yığmasının yeddi üzvü yaşı 15-ə qədər olan atletlərin mübarizəsinə qoşulub. Onların birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub. Bunlardan altısı qızıl, ikisi gümüş, üçü bürünc medaldır. Elşən Məmmədov (50kq) birdən qaldırma və toplamda bürünc, Rüstəm Qasımov (56 kq) birdən, təkanla qaldırma və toplamda qızıl, Tarmenxan Babayev (85 kq) birdən, təkanla qaldırma və toplamda qızıl, Rəhman Kazımov (94 kq) birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada isə bürünc medalla fərqləniblər.Azərbaycanın yeniyetmə oğlan ağır atletlərdən ibarət yığma komandası medal sayında Avropa birinciliyinin ən yaxşı komandası seçilib.Həmçinin yığma komandamızın üzvləri yeddi Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasımov birdən qaldırma hərəkətində, Tarmenxan Babayev isə üç dəfə təkanla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyiblər.Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində isə qızlar arasında Səbinə Əzimova (53 kq) qızıl medala sahib çıxaraq, üçqat Avropa çempionu tituluna yiyələnib.Bununla yanaşı, gözəl çıxışla yadda qalan Səbinə Əzimova Sinkleyr cədvəli üzrə hesablanan reytinqdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında ikinci yeri tutub.Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi nailiyyətə imza atıb. İndiyə qədər heç bir yarışda milli komandamız Avropanın ən yaxşısı adını qazanmamışdı.xeber100.com

Oktyabr 1, 2017 11:32

Voleybol üzrə Avropa çempionatına yekun vurulacaq

Oktyabrın 1-də qadınlar arasında voleybol üzrə Avropa çempionatına yekun vurulacaq.Azərtac xəbər verir ki, çempionatın sonuncu günündə bürünc və qızıl medallar uğrunda görüşlər keçiriləcək. Finalda Serbiya və Niderland milliləri çempion adı uğrunda mübarizə aparacaqlar. Azərbaycan millisi isə Türkiyə yığması ilə üçüncü yer uğrunda yarışacaq. Milli komandamız bu oyunda qalib gəlsə, bu, Azərbaycan voleybolçularının Avropa çempionatları tarixində ən yaxşı nəticəsi olacaq.Ötən gün keçirilən yarımfinal görüşündə Azərbaycan millisi güclü Niderland səddini keçə bilməyib – 2:3. Serbiya yığması isə yarımfinalda Türkiyə millisinə 3:0 hesabı ilə qalib gəlib.Sentyabrın 22-də start götürən çempionatın final mərhələsi Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə təşkil olunub. Çempionatda 16 komanda dörd qrupda mübarizə aparıb. Azərbaycan millisi Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə yer aldığı “A” qrupunu ilk sırada başa vuraraq dörddəbir finala birbaşa vəsiqəni təmin edib. Dörddəbir finalda Almaniya yığmasını 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn milli komandamız yarımfinalda Niderland kollektivi ilə görüşdən sonra üçüncü yer uğrunda mübarizə aparmalı olub.Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.xeber100.com

Oktyabr 1, 2017 11:27